Uhud savaşı haqqında

    27.05.2014

Məkkə müşrikləri Bədr döyüşündəki məğlubiyyətlərinin intiqamını almaq məqsədi ilə böyük bir ordu toplamağa başladılar. Nəticədə onlar üç min dəvə, iki yüz at və yeddi yüz zirehlə təchiz edilmiş və üç min döyüşçüdən ibarət olan bir ordu topladılar. Ordu Əbu Süfyanın başçılığı altında Mədinə şəhərinə doğru hərəkət etdi.  Müşriklər Mədinənin yaxınlığına qədər gəlib Uhud və Ayneyn dağlarının yaxınlığındakı vadidə düşərgə qurdular. Bu hadisə müsəlmanların Mədinə şəhərinə hicrət etmələrindən 3 il sonra şəvval ayında baş vermişdir. Müşrik ordusunun Mədinəyə yaxınlaşması haqda xəbər Peyğəmbərə çatdıqda o, müsəlmanlarla müdafiə planı haqda məşvərət etdi. O, müsəlmanların ordusunu üç alaya böldü. Peyğəmbər Uhud dağına yönəlib oradakı vadinin dağa tərəf olan yerində mövqe tutdu. Allahın elçisi burada əskərləri üçün vəzifə bölgüsü apardı. Rəvayət edilir ki, Bəra ibn Azib demişdir: “Peyğəmbər Uhud döyüşün­də əlli nəfərlik oxçu dəstəsinə Abdullah ibn Cubeyri başçı təyin edib de­miş­dir: “Quşların cəsədlərimizi dimdikləyib yediyini görsəniz belə, mən sizə xəbər göndər­məyincə yerinizdən ayrılmayın! Bizim düşməni darmada­ğın edib onları tapdala­dığımızı görsəniz belə, mən sizə xəbər göndərməyincə ye­rinizdən ayrılmayın!”
Müsəlmanlar ilk həmlədə düşməni darmadağın etdilər. Vallahi ki, mən (müşriklərin özləri ilə gətirdikləri) qadın­ların paltarlarının ətəyini əllərinə alıb qaçdığını gördüm. Onların xalxalları (yaraşıq üçün topuqlarına taxdıqları zinət əşyaları) və ayaq­ları görünürdü. Bu vaxt Abdullah ibn Cubeyrin dəstəsin­dəki oxçular: “Qənimət! Ay camaat, qənimət! Qardaşlarımız qalib gəldilər! Siz nə­yi gözləyirsiniz?!”– dedilər.
Abdullah ibn Cubeyr dedi: “Peyğəmbə­rin sizə dediklərini nə tez unutdunuz?!”
Onlar: “Vallahi, biz camaatın yanına gedib pa­yımıza düşən qənimətləri götürə­cəyik”– deyib ora yüyür­dülər. (Müşriklərin süvari dəstəsi Abdullah ibn Cubeyr və onun yanında qalmış ona yaxın səhabədən başqa oxçuların tutduqları mövqeni qoyub getdiklərini gördükdə əks hücuma keçdilər, nəti­cədə isə) mü­səl­manlar qaçmağa üz tutdular və məğlubiyyətə uğradılar. Hə­min vaxt Pey­ğəmbər arxa tərəfdən onları çağırırdı. Peyğəmbərin yanında cəmi on iki nəfər adam var idi. Müşriklər bizdən yetmiş nəfəri şəhid etmişdilər. Hal­bu­ki Bədr döyüşündə Peyğəmbər və onun əshabələri müşriklərdən yüz qırx nəfərin başına müsibət gətirmiş – yetmişini əsir götür­müş, yetmişini də öl­dürmüşdülər.
Müsəlman­lar geri çəkildikdən sonra Əbu Süfyan onlara ya­xınlaşdı və üç dəfə qışqırıb dedi: “Muhəmməd aranızda­dırmı?” Pey­ğəm­bər əshabələrinə ona cavab verməyi qadağan etdi.
O, yenə üç dəfə qışqırıb dedi: “Əbu Quhafənin oğlu (yəni Əbu Bəkr) aranızdadırmı?” Yenə üç dəfə qış­qırıb dedi: “Xəttabın oğlu (yəni Ömər) aranızdadırmı?” Bundan sonra o, müşriklərin yanına qayıdıb dedi: “Bu üçü artıq öldürülmüşdür.”
Onda Ömər özünü sax­laya bilməyib dedi: “Vallahi, yalan danışdın, ey Allahın düşməni! Hə­qi­qə­tən, adlarını çəkdiyin adamların hamısı sağdır və sənin məyus qalacağın günlərin hələ qabaqdadır.”
Əbu Süfyan dedi: “Bu gün, Bədr gününün əvə­zi­dir. Bilin ki, döyüş dəyişkəndir. Siz ölülərinizin eybəcər hala salınmış ol­duğunu görəcəksiniz. Hərçənd bunu mən əmr etməmişəm, lakin bu məni heç kədər­ləndirmir də.” Sonra o, təntənəli surətdə: “Yaşasın Hubəl! Yaşasın Hubəl!”- deyə qış­qırdı. (Bu, Kəbənin içinə yerləşdirilmiş, Kinanə qəbiləsinin ibadət etdiyi bütün adıdır). 
Peyğəmbər əshabələri­nə: “Onun cavabını ver­mə­yəcəksinizmi?!”– deyə buyurdu.
Əshabələr soruşdular: “Nə deyək, ya Rə­su­lul­lah?”
Peyğəmbər buyurdu: “Deyin: “Allah hər şeydən uca və ulu­dur!”
Əbu Süfyan isə cavabında belə dedi: “Bizim Uzzamız var, sizin isə belə bir bütünüz yoxdur!”
Peyğəmbər: “Onun cavabını verməyə­cəksinizmi?!”– de­yə buyurdu. Əshabələr soruşdular: “Nə deyək, ya Rəsu­lullah?”
Pey­ğəm­bər buyurdu: “Deyin: “Allah bizim himayədarımızdır, sizin isə hi­ma­yə­da­rı­nız yoxdur!” (əl-Buxari, 3039).

Paylaş: