İnsan vəfat edərkən gözlərinin açıq qalması nədəndir?

    25.05.2024
Kimdən: 
Ovladi
Sual: 
Salam. 4 gundur anam rehmete getdi xercengden. Beynimde dusunmekden deli oluram. Daha tez ustune düşseydik tez bilseydik yene de eyni vaxtda ölüm olacaqdi ? Yoxsa evvel bilseydik bele olmayacaqdi? Bu suallar meni cox narahat edir. Anamin tez ölmeyine gore cox pis oluram. Anam ölende yatmisdiq. Men iyanib gorende artiq ölmüşdü. gozu aciq idi. Gozu aciq getmeyi ne demekdi ? Ola bilerki mene nese demek isteyirdi ? Evvelceden cox sagolun.
Cavab: 

Və aleykum Salam. Uca Allah ananızın günahlarını bağışlasın, onu qəbir əzabından qorusun və Qiyamət günü Cənnətə daxil etsin! Uca Allahdan sizə səbir diləyirik. 

Həyatda baş verən hər bir şey Uca Allahın qəza və qədəri ilə baş verir. Uca Allah hər bir məxluqatın əcəlini hələ insan ana bətnində olarkən yazmışdır. Uca Allahın yazdığı bu əcələ uyğun olaraq hər bir insanın vəfatına müəyyən hadisələr səbəb olur. Uca Allah buyurur: "Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlə". (əl-Əraf, 34). Odur ki, siz ananızın vəfatında özünüzü günahkar görməyin, Allahdan savab umaraq səbir edin. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Uca Allah buyurur: “Mömin qulumun sevdiyi bir adamın canını aldığım zaman o buna səbir edib savabını alacağına ümid edərsə, Mənim ona verəcəyim mükafat ancaq Cənnət olar.” (Səhih əl-Buxari, 6424). Həmçinin oxuyun:


O ki qaldı ananızın gözüaçıq vəziyyətdə vəfat etməsinə, bu normal haldır. Vəfat edən əksər insanın halı belə olur. Çünki ruh bədəni tərk edəndə gözlər onun arxasıyca baxır. Ummu Sələmə (Allah ondan razı olsun) belə rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əbu Sələmənin (Allah ondan razı olsun) yanına daxil olduğu vaxt, artıq vəfat etmişdi və onun gözləri çevrilmişdi. Peyğəmbər onun gözlərini bağladıqdan sonra belə buyurdu: "Həqiqətən ruh bədəndən çıxdıqda, göz onun arxasınca baxar”. Onun ailəsindən olan bəzi insanlar fəryad etdikdə, O, belə buyurdu: "Özünüzə xeyirdən başqa bir sey söyləməyin. Həqiqətən, mələklər sizin söylədiklərinizə "Amin" (Allahım qəbul et!) deyirlər”. Sonra isə belə buyurdu: “Allahım, Əbu Sələməni bağışla, onu doğru yola yönəltdiklərinin dərəcəsinə yüksəlt! Arxasında qoyduğu kimsələrə Sən sahib çıx. Ey Aləmlərin Rəbbi, bizi və onu bağışla! Onun qəbrini geniş və nurlu et!” (Muslim, 920).
Paylaş: