Sorğu-sualsız Cəhənnəmə girən olacaqmı?
Və aleykum Salam. Cəhənnəmə sorğu-sualsız heç kəs daxil olmayacaq. Lakin Uca Allah bir qrup insanı lütf və fəzilət olaraq sorğu-sualsız Cənnətə daxil edəcək. Bu barədə ətraflı oxuyun:
Uca Allah hər bir insanı sorğu-sual edəcəyini bildirərərk buyurur: "Rəbbinə and olsun ki, Biz onların hamısından soruşacağıq – törətdikləri əməllər barəsində" (əl-Hicr, 92-93). İnsanın sorğu-sualı iki mərhələdə olacaq:
Birinci mərhələ: Ölümdən sonra qəbirdə iki mələk insandan Rəbbi, dini və peyğəmbəri barədə soruşacaq. Bu sorğu-sual "Qəbir fitnəsi" (Qəbir imtahanı) adlanır və Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu fitnədən Allaha sığınmağımızı və Allahdan sabitlik istəməyi buyurub. ِAişədən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər ﷺ demişdir: "Mənə vəhy olundu ki, siz qəbirlərinizdə məsih-dəccalın imtahanına bənzər (və ya buna yaxın) bir imtahana çəkiləcəksiniz" (əl-Buxari, 1049; Muslim, 584). Bu imtahandan sonra uğur qazananlara mükafat, uğur qazanmayanlara isə cəza veriləcək. Bütün bunlardünya ilə Axirət arasında olan "Bərzəx" aləmində Qiyamətə kimi davam edəcək. Bu barədə ətraflı oxuyun:
İkinci mərhələ: Dirildikdən sonra Axirətdə olacaq. Bu ən böyük sorğu-sual olacaq və bu sorğu-sualdan sonra Cənnət əhli ilə Cəhənnəm əhli ayrılacaq. Uca Allah buyurur: "Hesablaşma günü üçün sizə vəd olunanlar bunlardır" (Sad, 53). İnsanlar məhz bu sorğu-sualdan sonra Cənnətə və ya Cəhənnəmə girəcəklər. Həmçinin insanlardan bəzisi yüngül sorğu-sual olacaq, bəziləri isə çətin sorğu-sual olunacaqlar. Birbaşa Cənnətə daxil olacaq möminlərin sorğu-sualı yüngül olacaq, yəni etdikləri əməllərin onlara ərz olunması ilə olacaq. Bu əməllər müzakirə edilməyəcək. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ: “Kim haqq-hesaba çəkilərsə, əzaba düçar olar”– deyə buyurdu. Mən dedim: “Məgər Uca Allah: “Onunla yüngül haqq-hesab çəkiləcək” (əl-İnşiqaq, 8) – deyə buyurmayırmı?” Peyğəmbər ﷺ dedi: “Sən dediyin ərz etməkdir (hər kəsin etdiyi əməllər özünə ərz olunacaqdır). (Əməlləri) müzakirə olunacaq kimsə isə həlak olacaq” (əl-Buxari, 103).