Allahdan ümidi kəsməmək barədə
Allahdan ümidi kəsmək böyük günahlardan biridir. Dinimiz insanları bu günahdan çəkindirir və təhlükəli olduğunu bildirir. Bu elə bir günahdır ki, əgər bir qəlbə hakim olarsa, onu məhv edər, bir qəlbə düşərsə, onu korlayar. Uca Allah buyurur: “Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini üzərlər” (Yusuf, 87); Həmçinin buyurur: “Doğru yoldan azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?” (əl-Hicr, 56). İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi Peyğəmbərdən ﷺ soruşdu: “Böyük günah nədir, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ dedi: “Allaha şərik qoşmaq və Allahın mərhəmətindən ümidi üzmək” (əl-Bəzzər, səh. 18).
Allahdan ümidi üzmək Allah barədə elmsizlikdən, Allahın Ad və Sifətlərinin kamilliyini bilməməkədən irəli gəlir. Halbuki, Uca Allah hər şeyi Biləndir, Onun elmi hər şeyi əhatə edir, O hər şeyə Qadirdir, Bağışlayandır, Səxavətlidir. Səhih Qüdsi hədisdə rəvayət olunur ki, Uca Allah buyurur: “Ey Mənim qullarım! Siz gecə-gündüz günah işlər görürsünüz. Mən isə bu günahları bağışlayıram. Elə isə Məndən bağışlanma diləyin, Mən də sizi bağışlayım” (Muslim, 6737). Başqa bir Qüdsi hədisdə Uca Allah buyurur: “Ey Adəm oğlu! Nə qədər ki, sən Mənə dua (istiğfar) edirsən və Mənə ümid bəsləyirsən, sənin nələr etdiyinə baxmayaraq səni bağışlayaram. Ey Adəm oğlu! Əgər sənin günahların göyün buludlarına qədər çatsa, sonra Məndən bağışlanma diləsən, Mən səni bağışlayaram. Ey Adəm oğlu! Əgər sən Mənim hüzuruma yer boyda günahla Mənə heç bir şeyi şərik qoşmadan gəlsən, Mən də yer boyda bağışlanma ilə səni qarşılayaram” (ət-Tirmizi, 3540, 3885). Belə olan təqdirdə Allahdan ümidi necə üzmək olar?! Uca Allah Özü barədə buyurur: “Mərhəmətim isə hər şeyi əhatə edir” (əl-Əraf, 156).
Qoy günahlarının çoxluğu səbəbindən ümidsizliyə qapanan insan Uca Allahın bu ayəsinə diqqət etsin: “Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmətindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” (əz-Zumər, 53). Bu, insana ümid verən Quran ayələrindəndir. Uca Allahın bu dünyada bağışlamayacağı heç bir günah yoxdur, verə bilməyəcəyi heç bir dilək yoxdur.
Ümidsizliyə qapanmanın səbəbləri
İnsanın ümidsizliyə qapanması bir çox səbəblərdən baş verə bilər:
Bəzən ümidsizliyə qapanmaq Allahı layiqincə tanımamaq, Onun rəhmətinin və lütfünün genişliyini bilməməkdən irəli gəlir.
Bəzi insanların Allahdan qorxuda həddi aşmaları onları Allahın rəhmətindən ümidlərini üzməyə gətirib çıxarmışıdr. Halbuki Allahdan qorxu insanı günahlardan çəkindirəcək qədər olmalıdır. Bundan artıq qorxu isə həddi aşmaqdır və bu qorxu Allahın mərhəmətindən ümidi kəsməyə gətirib çıxarır.
Bəzən ümidsizliyə qapanan insanlarla əhatə olunmaq insanın özünü də ümidsiz edir.
Bəzən insanın çətinliklərə dözməkdə səbirsiz olması və çıxış yolunu gözləməkdə tələsməsi onun ümidsizliyə qapanmasına səbəb olur. Xüsusən də əgər bu çətnlik uzun zaman davam edərsə.
İnsanın bəzi nemətlərlə (mal-dövlət, övlad, sağlamlıq və s.) imtahan olunması da onun ümidsizliyə qapanmasına səbəb olur. Uca Allah bu xüsusda buyurur: “İnsanlara mərhəmət göstərdikdə ona sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir bəla üz verdikdə isə dərhal ümidlərini üzərlər” (ər-Rum, 36).
Ümidsizliyə qapanmanın müalicəsi
Ümidsizliyə qapanmaq özü-özlüyündə həlakedici bir xəstəlikdir. Bu xəstəlikdən xilas olmağın yolları aşağıdakılardır:
Uca Allahın Ad və Sifətlərinə iman gətirmək. Həqiqətən, Allahın mərhəmətinə, rəhmətinə, lütfünə, səxavətinə, qullarına qarşı şəfqətinə dəlalət edən Ad və Sifətlərinə iman gətirmək müsəlmanın Allaha olan ümidini artırar, ümidsiz olmasının qarşısını alar. Allahın rəhmətini uman kəs heç vaxt ümidsiz olmaz.
Allah barədə gözəl zəndə olmaq. Allah barədə gözəl zəndə olmaq hər bir müsəlmana vacibdir. Bu barədə çox sayda hədislər və Quran ayələri vardır. Peyğəmbər ﷺ demişdir: “Uca Allah buyurur: “Mən, qulumun barəmdəki zənninə görə yanındayam. Əgər qulum Mənim barəmdə xeyir zənn edərsə, xeyirə nail olar, pis zəndə olarsa, pisliklə qarşılaşar”. (Əhməd, 9076).
Allahın qəza və qədəri ilə razılaşaraq imtahanlara səbir etmək. Həyatında baş verən hadisələrin Uca Allahın qəzavü-qədəri ilə baş verdiyini dərk edən və buna sidq ürəkdən inanan insanın qəlbi rahatlıq tapar və təşvişə düşməz. Uca Allah buyurur: “Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır” (əl-Hədid, 22). Müsəlman üçün faydalı olan, xoş gündə Allaha şükür etmək, başına müsibət gəldikdə isə səbir edib dua etməkdir. Uca Allah buyurur: “Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Əlbəttə ki, hər çətinliyin ardınca asanlıq gəlir” (əş-Şərh, 5-6). Peyğəmbər ﷺ demişdir: “Bil ki, çətinliklərə səbir etməkdə böyük xeyir vardır. Qələbə səbir etməklə qazanılır, hər bir müsibətin sonunda çıxış yolu vardır və hər çətinliyin ardınca asanlıq gəlir” (Əhməd, 1/307).
Allahın Elçilərini örnək götürmək. Peyğəmbərlər dünyada müxtəlif çətinliklərlə imtahan olunublar. Quranda onlar barədə keçən hekayələrə diqqət etsək görərik ki, bu hekayələrdə böyük ibrətlər vardır. Peyğəmbər ﷺ demişdir: “İnsanlardan ən çox bəlaya düçar olanlar peyğəmbərlərdir, sonra (fəzilətdə) onların ardınca gələnlər, sonra onların ardınca gələnlər, sonra onların ardınca gələnlər”. (Əhməd, 27124).
Dünya işlərində özündən aşağı olanlara baxıb şükür etmək. Peyğəmbər ﷺ demişdir: “Özünüzdən aşağı təbəqədə olan kimsəyə baxın, yuxarı təbəqədə olana baxmayın! Çünki bu, Allahın nemətlərinə nankorluq etməməyiniz üçün daha münasib olanıdır” (Muslim, 2963).