Əbu Bəkr əs-Siddiqin yaxınlarını İslama dəvət etməsi
Əbu Bəkrin (Allah ondan razı olsun) qohum-əqrabası onun yanına gəlib elm, ticarət işləri və digər dəyərli söhbətlərinə qulaq asardılar. O, qohumlarından etibar etdiyi adamları, dostluq etdiyi şəxsləri Allaha və İslama dəvət etməyə başladı. (İbn Hişam, 1/286, 2/88-89).
Bu insanlar dəvətin ilk günü İslam dinini qəbul etdilər. Əbu Bəkrin İslamı qəbul etməsi ilə Allah Elçisi ﷺ özünə böyük bir dəstək tapdı. Əbu Bəkrin vasitəsilə bir çox insan İslamı qəbul etdi, çünki Əbu Bəkr insanlar arasında son dərəcə sevilən, sayılan və etibar sahibi, namuslu, yumşaq təbiətli, alicənab bir şəxsiyyət idi. Fəzilət və elminə görə camaat ondan məsləhət almağa gələrdi. Əbu Bəkr inandığı yoldaşlarını gizlicə İslama dəvət etməyə başladı. Onun dəvəti nəticəsində Osman ibn Əffan, Zubeyr ibn əl-Əvvam, Abdur-Rahman ibn Auf, Səd ibn Əbu Vaqqas və Təlhə ibn Ubeydullah İslam dinini qəbul etdilər. Onlar İslam dinini qəbul etməyə razılıq verəndə Əbu Bəkr onları Peyğəmbərin ﷺ yanına gətirərdi. İslam dininə daxil olmaqda digərlərini qabaqlayan bu səkkiz nəfər ilk müsəlmanlar olmuşlar. (əl-Mubarakfuri “ər-Rahiqul-Məxtum” 1/56).
Müddət keçdikcə İslamın gizli dəvətinin ardıcılları çoxalırdı. Qısa müddətə Əbu Ubeydə Amir ibn Abdullah əl-Cərrah, Əbu Sələmə Abdullah ibn Abdul-Əsəd ibn əl-Məxzumi, onun arvadı Ummu Sələmə, Ərqam ibn Əbul-Ərqam əl-Məxzumi, Osman ibn Məzun əl-Cumahi, onun qardaşları Qudəmə və Abdullah, Ubeydə ibn al-Haris ibn əl-Muttalib ibn Abdumanaf, Səid ibn Zeyd əl-Adəvi, onun yoldaşı və Ömər ibn əl-Xattabın bacısı Fatimə bint əl-Xattab ibn Nufeyl əl-Adəviyyə, Xabbab ibn Arat ət-Teymi, Cəfər ibn Əbu Talib, onun yoldaşı Əsma bint Umeys, Xalid ibn Səid əl-As əl-Əməvi, onun yoldaşı Əminə bint Xalf, qardaşı Amr ibn Səid ibn əl-As, Hatib ibn əl-Haris əl-Cəmhi, onun yoldaşları Fatima bint əl-Mucallil va Fukeyhə bint Yəsar, qardaşları əl-Xattab ibn əl-Haris və Mumər ibn əl-Haris, Muttalib ibn Əzhar əz-Zuhri və onun yoldaşı Ramlə bint Əbu Auf və Nueym ibn Abdullah ibn Nəhham əl-Adəvi davam etdirmişlər. Bunların hamısı Qureyşin müxtəlif təbəqələrindən olan insanlar idi. İslam dinini ilk qəbul edən qeyri-qureyşilər isə bunlardır: Abdullah ibn Məsud əl-Huzəli, Məsud ibn Rabia əl-Qari, Abdullah ibn Cəhş əl-Əsədi, onun qardaşı Əbu Əhməd ibn Cahş, Bilal ibn Rabah əl-Həbəşi, Suheyb ibn Sinan ər-Rumi, Əmmar ibn Yasir, onun qardaşı Yasir, anası Səmiyyə və Amir ibn Fuheyra. İslamı ilk qəbul edən qadınlar Ummu Əymən Bərakə əl-Həbəşiyyə, Abbas ibn Abdul-Muttalibin yoldaşı Ummul-Fadl Libəbə Kubra bint al-Haris əl-Hiləliyyə və Əbu Bəkr as-Siddiqin qızları Əsma və az yaşlı Aişə olmuşlar. Əldə olunan məlumatlara əsasən İslamı ilk qəbul edənlərin sayı yüz otuz nəfər olmuşdur. (əl-Mubarakfuri “ər-Rahiqul-Məxtum” 1/56; İbn Hişam, 2/92-95).