Övliya kimdir?
Salam aleykum. Övliya, əməlisaleh və təqva (Allahdan qorxu) sahibi olan mömin bəndədir. Uca Allah buyurur: "Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər". (Yunus, 62–63).
"Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər...". (əl-Bəqərə, 257).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Həqiqətən mənim dostum Allah və əməlisaleh möminlərdir". (əl-Buxari və Muslim).
Övliyalıq nəsildən nəslə ötürülmür, anadangəlmə verilmir. Övliyaların və Allah-təalaya ibadət edən saleh insanların Allah yanında hörmətlərinin qat-qat üstün olmağı yalnız Allah qorxusuna, xeyirli əməllərinə görədir. Allahın övliyaları nə məsumdurlar, nə qeybi bilirlər, nə də ki məxluqatın işlərini səhmana salmağa və onlara ruzi verməyə qadirdilər. Onlar insanları özlərinə təzim etməyə və ya var-dövlətlərindən onlara verməyə çağırmırlar. Belə əməlləri edən şəxs Allahın dostu yox, yalançı, iftiraçı və şeytanın dostu sayılır.
Allahdan başqa müqəddəs anlayışı yoxdur. Nə övliya, nə seyyidlər müqəddəs deyillər. Övliyalardan, seyyidlərdən qorxmaq deyil, övliya və seyyidlərin də qoxduğu, qarşısında aciz olduğu Allahdan qorxmaq lazımdır. Bəzi insanlar isə Allahın sözünə zidd olaraq övliyaların vasitəsilə Allaha yaxınlaşmağı icazəli bilərək və ya Allahdan deyil, birbaşa onlardan istəyərək haqq yoldan uzaqlaşaraq zəlalətə düşürlər. Allahın Peyğəmbərlərini və övliyalarını sevmək, onlardan yardım diləməklə, qəbirinə nəzir verməklə, qurban kəsməklə və s. yox, əksinə, onlara tabe olaraq etdikləri ibadətlərini və saleh əməllərini nümunə götürməklə bilinir. Həmçinin oxuyun:
Allaha dua edərkən kəramət sahiblərinin xətrini vasitə tutmaq olarmı?