Uca Allah Adəmə "Sən orada nə ac qalacaq, nə də çılpaq olacaqsan" buyurarkən nə üçün Adəm və Həvva Cənnətdə çılpaq oldular?
Və alrykum Salam. Uca Allah Adəm və Həvvanı Cənnətə yerləşdirərkən onlara belə buyurur: "Ey Adəm! Bu, həm sənin, həm də zövcənin düşmənidir. O sizi Cənnətdən çıxartmasın, yoxsa bədbəxt olarsan. Sən orada nə ac qalacaq, nə də çılpaq olacaqsan" (Ta ha, 117-118), yəni nə qədər ki, Mənə asi olmayacaqsınız orada nə ac qalacaq, nə də çılpaq olacaqsınız. Adəm və Həvvanın Cənnətdə olarkən qadağan olunmuş ağacdan yedikləri üçün övrət yerlərinin görsənməsi onlara Allah tərəfindən verilən bir cəza idi. Uca Allah bu xüsusda buyurur: "Beləliklə, şeytan onları tovlayaraq Cənnətdən aşağı endirdi. Hər ikisi ağacdan daddıqda ayıb yerləri özlərinə göründü və onlar Cənnət ağaclarının yarpaqlarından ayıb yerlərinin üstünə örtməyə başladılar. Rəbbi onlara belə müraciət etdi: “Mən sizə o ağacı qadağan etmədimmi və “şeytan sizin açıq-aşkar düşməninizdir” demədimmi?” (əl-Əraf, 22). Böyük təfsir alimi Abdur-Rahmən əs-Səədi (Allah ona rəhmət etsin) bu ayənin təfsirində belə demişdir: "Uca Allah buyurur: “Beləliklə, şeytan onları tovlayaraq Cənnətdən aşağı endirdi”, yəni şeytan Adəm və Həvvanı günah və asiliklərdən uzaq olan o yüksək məqamdan aşağı saldı, onları günah girdabına batırdı və onlar qadağan edilmiş ağacın meyvəsindən yedilər. “Hər ikisi ağacdan daddıqda ayıb yerləri özlərinə göründü və onlar Cənnət ağaclarının yarpaqlarından ayıb yerlərinin üstünə örtməyə başladılar”, yəni onlar o meyvələrdən dadan kimi, özlərinə gizli qalan ayıb yerləri onlara göründü. Allah qorxusu onların daxili libası olduğu üçün onların zahiri görünüşünə də təsir edirdi, lakin günah etdikdən sonra daxili çılpaqlıq onların zahiri libaslarına da təsir etdi və onların ayıb yerləri özlərinə aşkar oldu. Onlar bir-birlərindən utanmağa və Cənnət ağaclarının yarpaqları ilə ayıb yerlərini örtməyə başladılar. Belə olduqda, Uca Allah onları məzəmmət edərək müraciət etdi: “Mən sizə o ağacı qadağan etmədimmi və “şeytan sizin açıq-aşkar düşməninizdir” demədimmi?” Məgər sizə bu ağacın meyvələrindən yemək qadağan olunmamışdımı? Məgər sizə deyilməmişdi ki, şeytan sizin açıq-aydın düşməninizdir? Bəs niyə ona qulaq asıb qadağan olunmuş əməli törətdiniz?”