Allah barədə gözəl zəndə olmaq
Mömin insana xas olan xüsusiyyətlərdən biri də Allah barədə gözəl zəndə olmaqdır. Allah barədə gözəl zəndə olmaq tövhidin tələb etdiyi vacib əməllərdən biridir və qulun tövhidi yalnız bununla doğru sayılır. Peyğəmbərimiz ﷺ bir çox hədislərdə ümmətini Allah barədə gözəl zəndə olmağa rəğbətləndirmiş, onun dünya və axirətdə mükafatını və gözəl aqibətini bildirmişdir. Peyğəmbər ﷺ demişdir: “Uca Allah buyurur: “Mən, qulumun barəmdəki zənninə görə yanındayam” (əl-Buxari, 7405). İmam Əhmədin rəvayətində: “Əgər qulum Mənim barədə xeyir zənn edərsə, xeyirə nail olar, pis zəndə olarsa, pisliklə qarşılaşar”. (Əhməd, 9076). Yəni əgər qul Rəbbinin onu bağışlayacağını, tövbəsini qəbul edəcəyini və dərəcəsini yüksəldəcəyini zənn edərsə, Uca Allah zənn etdiyini ona verəcəkdir. Əgər bunun əksini zənn edərsə, yenə də zənn etdiyinə nail olacaqdır. Başqa bir hədisdə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Sizlərdən biri yalnız Allah barədə gözəl zəndə olaraq canını tapşırsın” (Muslim, 2877). İmam Əhməd hədisə bu əlavəni etmişdir: “Bir qövm Allah barədə pis zəndə olduqlarına görə məhv olmuşdur. Sonra Peyğəmbər ﷺ bu ayəni oxudu: “Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və siz ziyan çəkənlərdən oldunuz” (Fussilət, 23)” (Əhməd, 10197).
Allah barədə gözəl zənn etmək möminin ən üstün və ən şərəfli xüsusiyyətlərindən biri sayılır. Əgər mömin qul hər bir halında, həyatında baş verən hər bir sıxıntı və çətinliklərdə Allah barədə gözəl zəndə olarsa, gözəl sonluqla qarşılaşar, dünya və Axirətdə xoşbəxtlik tapar. Bu səbəbdən Allah barədə gözəl zəndə olmaq insana verilmiş ən böyük nemətlərdən biri sayılır. Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: “Özündən başqa haqq məbud olmayan Allaha and olsun ki, bir qula Allah barədə gözəl zəndə olmaqdan daha xeyirli bir xislət verilməmişdir. Özündən başqa haqq məbud olmayan Allaha and olsun ki, qul Rəbbi barədə nə zənn edərsə, Uca Allah ona zənn etdiyini nəsib edər. Çünki bütün xeyir Onun əlindədir” (İbn Əbu əd-Dunyə “Allah barədə gözəl zəndə olmaq” əsəri).
Odur ki, insan Allah barədə gözəl zəndə olmalıdır və etdiyi hansısa günahı böyük görüb bağışlanmayacağını zənn edərək tövbə etməkdən çəkinməməlidir. Uca Allahın bu dünyada bağışlamayacağı heç bir günah yoxdur, verə bilməyəcəyi heç bir dilək yoxdur. Uca Allah Ona dua edən hər kəsin istəyini verməyə Qadirdir. Uca Allah üçün bir şeyin var olması və ya yox olması ona sadəcə “Ol” deməsidir. Uca Allah buyurur: “Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar” (Yasin, 82).
Allah barədə gözəl zəndə olmaq Allahı yaxşı tanımaqdan, Onun Ad və Sifətlərini, Ucalığını, Əzəmətini, Səxavətini, hər şeyə Qadir olmasını yaxşı bilməkdən qaynaqlanır. Qul qəlbində Allahı nə qədər yaxşı tanıyarsa, Allah barədə zənni də bir o qədər gözəl olar. “Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar” (Fatir, 28). Uca Allahın rəhməti, lütfü və səxavəti genişdir. Bütün xeyir Onun əlindədir və O, hər şeyə Qadirdir. Məsələn, Allahın Bağışlayan olduğunu bilən kəsin Allahdan bağışlanma diləməyi çoxaltması Allah barədə gözəl zəndə olmasının səmərisidir. Habelə, Allahın Tövbələri qəbul edən olduğunu bilən kəsin günahları nə qədər olursa-olsun tövbə edib Allaha dönməsi Allah barədə gözəl zəndə olmasının səmərəsidir. Uca Allah buyurur: “Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmətindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” (əz-Zumər, 53). Həmçinin Allahın Öz qullarına qarşı şəfqətli və rəhmli olduğunu bilən kəs, düşdüyü çətinliklərdə Allahdan ümidini üzməməsi Allah barədə gözəl zəndə olmasından irəli gəlir.
Bir insanın Allahı razı salacaq əməlisaleh işlər görməsi, o insanın Allah barədə gözəl zəndə olmasına dəlalət edir. Davamiyyətli olaraq pis əməllər etmək insanın Rəbbi barədə gözəl zəndə olmasına maneə ola bilər. Necə ki əl-Həsən əl-Bəsri demişdir: “Mömin, Allah barədə gözəl zəndə olar və Allahı razı salacaq yaxşı əməllər edər. Günahkar insan isə Allah barədə pis zəndə olar və pis əməllər edər”. Necə ola bilər ki insan Rəbbi barədə gözəl zəndə olsun, lakin günah əməllər etməkdə davam edib, Onun rəhmətini və rizasını qazanmaqdan üz döndərsin. Allahın bağışlayan və mərhəmətli olduğunu bilən şəxs, Allahın əzabının da şiddətli olmasını unutmamalıdır. Uca Allah buyurur: “Qullarıma xəbər ver ki, Mən Bağışlayanam, Rəhmliyəm. Əzabım isə ağrılı-acılı əzabdır” (əl-Hicr, 49-50).
Allah barədə pis zəndə olmaq böyük günahlardandır və bu, insana dünya və Axirətdə ən çox zərər verən günahlardan biridir. Uca Allah Quranda bu günaha görə şiddətli əzab verəcəyini bildirərərk buyurur: “Allah Özü barəsində pis fikirdə olan münafiq kişi və münafiq qadınlara, müşrik kişi və müşrik qadınlara əzab versin. Onların pis niyyəti özlərini bəlaya salsın! Allahın onlara qəzəbi tutmuşdur. Allah onları lənətləmiş və onlar üçün Cəhənnəm hazırlamışdır. Ora nə pis dönüş yeridir” (əl-Fəth, 6).