Olduğu yerə uğursuzluq gətirən insan ola bilərmi?
Və aleykum Salam. Dinimizdə "uğursuz insan" deyə bir anlayış yoxdur. Bu fikir, şeytanın sizə verdiyi vəsvəsədir. Bununla şeytan sizi məyus etmək və ümidsizliyə qapanmağınızı istəyir. Əksinə insanın uğursuzluğa inanması dinimizdə qadağandır. Uca Allah Quranda bir qəsəbəyə göndərdiyi elçilərdən və bu qəsəbənin əhalisinin onlarda uğursuzluq gördüklərindən xəbər verərək buyurur: "Onlar dedilər: “Biz sizdə bəd əlamət (uğursuzluq) gördük. Əgər dəvətinizə son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq ağrılı-acılı bir əzab toxunacaqdır”. Elçilər dedilər: “Sizin uğursuzluğunuz öz ucbatınızdandır (əməllərinizə görədir). Yoxsa sizə edilən öyüd-nəsihəti bəd əlamət sayırsınız?! Doğrusu, siz həddi aşmış bir qövmsünüz”. (Yasin, 18-19). ət-Tabəri bu ayəni təfsir edərək demişdir: "Yəni, başınıza gələn müsibətlər, bəlalar bizə görə deyil, bu, Uca Allahın sizə əzəldən yazdığı qəzavü-qədərdir".
Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: "Kim (düşər-düşməzlik, nəhs gətirmək, uğursuzluq və s. mövhumatı) sınaq etsə, yaxud etdirsə, kim baxıcılıq etsə, yaxud öz falına baxdırsa, kim sehr etsə, yaxud sehrbaza müraciət etsə bizdən deyildir. Kim də kahinin yanına gedib onun dediklərini təsdiqləsə, Məhəmmdə nazil olanı inkar etmiş olur". (əl-Munziri: "Tərğib va-t-Tərhib", 4/52; əl-Heysəmi, 5/117).
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Nə yoluxucu xəstəlik (yəni xəstəlik bir adamdan başqa birisinə öz təsiri ilə yox, yalnız və yalnız Allahın izni ilə keçə bilər), nə bəd əlamət (insanların bəd əlamət və uğursuzluq hesab etdiyi bir hadisə nəticəsində Allahın əzəldən yazdığı qəzavü-qədərin dəyişəcəyini etiqad etmək qadağandır. Bütün bunlar cahiliyyə dövründən qalma batil fərziyyələrdir), nə bayquş (bayquş görməyi bəd əlamət hesab etmək, onun qonduğu yerə və o ərazidə olanların başına müsibət gələcəyini iddia etmək qadağandır) və nə səfər (ayı) deyilən bir şey yoxdur” (əl-Buxari, 5271, 5707). Həmçinin oxuyun: