Əbu Zərr əl-Ğifarinin İslamı qəbul etməsi hadisəsi
Abdullah ibn Abbas Əbu Zərr əl-Ğifarinin İslamı necə qəbul etməsini onun dili belə rəvayət edir: “Mən Ğifar qəbiləsindən idim. İslamın ilk günlərində bizə xəbər gəlib çatdı ki, Məkkədə bir adam peyda olub, peyğəmbər olduğunu iddia edir. Onda mən qardaşıma dedim: “Get o adamın yanına, onunla danış və mənə ondan bir xəbər gətir!” Qardaşım Məkkəyə gedib onunla görüşdü, sonra geri qayıtdı. Mən soruşdum: “Nə xəbər gətirmisən?” O dedi: “Vallahi, mən insanlara yaxşı işlər görməyi buyuran və onları pis işlərdən çəkindirən birisini gördüm”. Mən ona: “Sən mənə lazım olan xəbərləri gətirməmisən?”- dedim, sonra da bir cürdək su və bir əl ağacı götürüb Məkkəyə yola düşdüm. Mən Peyğəmbəri ﷺ tanımırdım və heç bir kimsədən onun haqqında soruşmaq da istəmirdim. Mən Zəm-zəm suyundan içir və Məscidul-Həramda qalırdım. Həmin vaxt Əli gəlib mənim yanımdan keçdi və mənə: “Qərib adama oxşayırsan”– dedi. Mən: “Bəli!”– dedim. O mənə: “Elə isə gedək evə!”– dedi, mən də onunla getdim. O məndən bir söz soruşmadı, mən də ona heç nə demədim. Səhər açıldıqda mən Peyğəmbəri ﷺ soraqlamaq üçün məscidə gəldim, lakin heç kəs mənə onun haqqında bir söz demədi. Yenə Əli mənim yanımdam keçdi və soruşdu: “Sən qonaq qalmaq üçün hələ özünə bir yer tapa bilməmisən?” Mən dedim: “Xeyr!” O dedi: “Gedək mənimlə!” Yolda məndən soruşdu ki: “Sən nə gəzirsən? Bu şəhərə gəlməyinin səbəbi nədir?” Mən ona dedim: “Heç kimə deməyəcəksənsə, sənə məqsədimi bildirim”. Əli: “Baş üstə!”– dedi. Mən ona dedim: “Bizə xəbər çatıb ki, Məkkədə bir adam peyda olub, peyğəmbər olduğunu iddia edir. Mən qardaşımı göndərmişdim ki, onunla danışsın və onun barəsində mənə bir xəbər gətirsin, lakin o qayıdıb mənə lazımi xəbərləri çatdırmadı. Odur ki, mən özüm onunla görüşmək istədim”. Əli dedi: “Sən düz yol tutmusan! İndi mən onun yanına gedəcəm, sən də mənim dalımca gələrsən. Mən hara girsəm, sən də ora girərsən. Əgər yolda sənə xətər toxundura biləcək birisini görsəm, dayanıb divarın dibinə çəkiləcəyəm ki, guya ayaqqabımın bağını bağlayıram. Sənsə yoluna davam edərsən”. Bunu deyəndən sonra o getdi, mən də onun dalınca getdim. O gedib bir evə daxil oldu, mən də onun dalınca Peyğəmbərin ﷺ yanına daxil oldum və ona: “Mənə İslam haqqında danış!”- dedim. O mənə İslam dinini başa saldı və mən elə yerimdəcə bu dini qəbul etdim. Peyğəmbər ﷺ mənə dedi: “Ey Əbu Zərr, bunu heç kəsə bildirmə, qayıt öz qəbilənə. Elə ki bizim açıq-aydın dəvət etdiyimizi eşitdin, gəl qoşul bizə”. Mən dedim: “Səni haqq ilə göndərən Allaha and olsun ki, mən bunu onların (müşriklərin) arasında açıq-aydın elan edəcəyəm”. Bundan sonra Əbu Zərr məscidə gəldi. Həmin vaxt qureyşlilər orada idilər. Əbu Zərr uca səslə dedi: “Ey qureyşlilər! Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir”. Müşriklər bir-birilərinə: “Qalxın bu sabiinin[1] dərsini verək!”– dedilər. Əbu Zərr dedi: “Onlar qalxıb məni o ki var döydülər. Bu vaxt Abbas sinəsini qabağa verib məni müdafiə etdi və üzünü onlara tutub dedi: “Vay sizin halınıza! Siz Ğifar qəbiləsindən olan bir adamı öldürmək istəyirsiniz? Halbuki sizin həm ticarət yollarınız, həm də özünüzün gediş-gəlişiniz oradan keçir”. Bunu eşidəndə onlar məndən əl çəkdilər. Səhəri gün mən onların yanına qayıdıb dünən dediklərimi təkrar etdim. Onlar yenə: “Qalxın bu sabiinin dərsini verək!”– dedilər və məni dünənki kökə saldılar. Yenə Abbas sinəsini qabağa verib məni müdafiə etdi və dünən dediklərini bir daha təkrar etdi”. Beləliklə, Əbu Zərr İslam dinini qəbul etdi, Allah ona rəhmət eləsin!” (əl-Buxari, 3261, 3522).