Qonaq gedilən evdə iki rükət namaz qılmaq sünnədirmi?
Və aleykum Salam. Ümumən qonaq gedilən evdə namaz qılmaq icazəlidir. Lakin qonaq gedən adamın qonaq gedilən evdə iki rükət namaz qılması kimi bir sünnə əməl yoxdur. Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir səhabənin evində iki rükət namaz qılmasına gəlincə, bu Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) və o səhabəyə xas olan bir hadisədir. Bu hədisi qeyd etdiyiniz mövzuya dəlil gətirmək olmaz. İmam əl-Buxari "Səhih" əsərində rəvayət etmişdir ki, Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabəsi və Bədr döyüşünün ənsardan olan iştirakçısı İtban ibn Malik Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: “Ey Allahın Elçisi! Mənim gözlərim zəifləyib. Özüm də qövmümə namaz qıldırıram. Yağış yağdığı zaman mənimlə onların arasında olan vadini su basır deyə, məscidlərinə gedib onlara namaz qıldıra bilmirəm. Ey Allahın Elçisi! Mən istəyirəm ki, sən bizim evə gəlib orada namaz qılasan, mən də həmin yeri namazgah edim”. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona: “Allah qoysa, mən (bunu) edərəm!”– dedi. İtban (Allah ondan razı olsun) dedi: “Ertəsi gün səhər tezdən Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əbu Bəkrlə birlikdə bizə gəldilər. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) evə girməyə izn istədi, mən də ona izn verdim. Evə girdikdə oturmadan dərhal soruşdu: “Evin harasında namaz qılım?” İtban (Allah ondan razı olsun) dedi: “Mən ona evimdə bir yer göstərdim. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) orada durub “Allahu Əkbər”– dedi (və namaz qılmağa başladı). Biz də onun arxasında cərgəyə durduq. O, iki rükət namaz qıldı və salam verib (namazı bitirdi)” (əl-Buxari, 425).