Nəfslə mübarizə etmək
Uca Allah Qurani-Kərimdə buyurur: “Ey iman gətirənlər! Rüku edin, səcdəyə qapanın, Rəbbinizə ibadət edərək yaxşı işlər görün ki, bəlkə nicat tapasınız. Allah yolunda lazımınca cihad edin” (əl-Həcc, 77-78).
Bu ayədə Uca Allah bizi ibadətlə yanaşı Onun yolunda cihad etməyə çağırır. Cihadın dörd mərtəbəsi var:
- Nəfslə cihad etməsi;
- Şeytanla cihad etmək;
- Kafirlərlə cihad etmək;
- Münafiqlərlə cihad etmək.
Cihadın bu dörd mərtəbəsinin içində ən önəmlisi, ən əsası və ən fəzilətlisi birinci növ olan “Nəfslə cihaddır”. Əgər insan öz nəfsi ilə cihad edib nəfsini Allaha təslim etməsə, Allahın vacib etdiklərini yerinə yetirməyə və haramları tərk etməyə nəfsini məcbur etməsə xarici düşməni ilə cihad edə bilməzğ5. Çünki insan yalnız öz daxilindəki düşməni məğlub etdikdən sonra xarici düşmənlə mübarizə apara bilər. Buna görə də Allah Elçisi ﷺ deyir: “Əsl mücahid Allaha itaətdə öz nəfsi ilə cihad edəndir, əsl mühacir isə günahları tərk edəndir” (Silsilə əs-Sahihə 549). Başqa bir hədisdə Allah Elçisi ﷺ deyir: “Ən əfzəl cihad kişinin öz nəfsi və havası, yəni istəyi ilə etdiyi cihaddır” (Səhih əl-Cami, 1099).
Peyğəmbərimiz ﷺ hər xütbənin əvvəlində bu duanı deyərdi: “Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq...”. Nəfsin şəri insanla Allah arasında maneədir. Kim öz nəfsinin şərindən qurtulmayıbsa Allaha yetişə bilməz. İnsanlar nəfslərinə tabe olmaq baxımından iki qisimdirlər:
Birinci qisim insanlar öz nəfsinə qalib gələn, öz nəfsinə sahib olan və nəfsini özünə tabe edənlərdir. Nəfsi harama meyil etdikdə onu çəkindirir, itaətdən, ibadətdən boyun qaçırdıqda isə ona əmr edir. Məhz bu qisim insanlar nicat tapanlardır.
İkinci qisim insanlar isə öz nəfslərinə məğlub olmuşlar və nəfslərinin quluna çevrilmişlər. Bu qisim insanlar öz nəfslərinə itaət edir, nəfsləri harama meyil etdikdə yerinə yetirir, itaət ağır gəldikdə isə tərk edirlər. Bu qrup insanlar isə həlak olanlardır.
Uca Allah hər iki qismə aid olan insanları Qurani Kərimdə qeyd edərək buyurur:
“Kim həddi aşmışsa, dünya həyatını axirətdən üstün bilmişsə, həqiqətən, Cəhənnəm onun sığınacağı olacaqdır. Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə, həqiqətən, Cənnət onun məskəni olacaq”. (ən-Naziat, 37- 41).
Bu ayədə Uca Allah bizə bildirir ki, nəfs insanı həddi aşmağa, dünya həyatını Axirətdən üstün tutmağa təşviq edir, Allah isə Ondan qorxaraq nəfsi istəklərimizi boğmağa çağırır. Seçimi isə insan özü edir, ya nəfsin çağırışını qəbul edib həlak olur, ya da Allahın çağırışını qəbul edib nicat tapır.
Məsələn, nəfs insana xəsisliyi, Allah yolunda malından xərcləməməyi əmr edir. Uca Allah isə insana sahib olduğu maldan Onun yolunda xərcləməyi əmr edərək buyurur: “Nəfsinin tamahından qorunanlar nicat tapanlardır..” (əl-Təğabun, 17).
Nəfsin də növləri var:
- İnsana pislikləri əmr edən nəfs. Uca Allah buyurur: “Nəfs adama pis işləri əmr edər, Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla” (Yusuf, 53). Bu növ nəfs pislənən nəfsdir.
- Özünü qınayan, peşmançılıq çəkən nəfs. Uca Allah buyurur: “And içirəm peşmançılıq çəkən nəfsə!” (əl-Qiyamə, 2). Bu növ nəfs həm pislənə, həm də bəyənilə bilər. Əgər günah etdikdən sonra nəfs özünü qınayırsa, bu bəyəniləndir. Yox, əgər dünya malına görə qınayırsa pislənəndir.
- Allaha itaətlə, Allahı zikr etməklə rahatlıq tapan nəfs. Bu növ nəfs “arxayın nəfs” adlanır. Bu möminin nəfsidir. Bu növ nəfs bəyənilən nəfsdir.
Uca Allah buyurur: “O gün möminə deyiləcəkdir: “Ey arxayın olan nəfs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Mənim qullarımın cərgəsinə keç! Cənnətimə daxil ol!” (əl-Fəcr, 27-30).
Nəfslə mübarizə necə aparılmalıdır?
Nəfslə mübarizə aparmaq – nəfsi daim hesaba çəkib, şəriətə müxalif olan şeylərdə ona qarşı çıxmaqla, onu Allaha itaət və ibadətə rəğbətləndirməklə olur. Ömər ibn əl-Xəttab deyir:
“Qiyamət günü hesaba çəkilməmişdən əvvəl, öz nəfsinizi hesaba çəkin, əməlləriniz tərəzidə çəkilməmişdən əvvəl nəfsinizi tərəzidə çəkin, bu gün nəfsinizi hesaba çəkməyiniz, sabah özünüzün hesaba çəkilməyinizi asanlaşdıracaq, Qiyamət gününə hazırlaşın “O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir” (əl-Həqqa, 18)”.
Məymun ibn Mehran deyir: “Şərik öz şərikini hesaba çəkdiyindən daha artıq qul öz nəfsini hesaba çəkməyincə müttəqi olmaz”. Başqa biri deyir: “Nəfs xain şərik kimidir, əgər onu hesaba çəkməsən sənə xəyanət edər”. əl-Həsən əl-Bəsri deyir: “Bu gün nəfslərini hesaba çəkənlərin Qiyamət günü sorğu-sualı asan olacaq. Bu gün nəfslərini hesaba çəkməyənlərin isə sorğu-sualı çətin olacaq. Bil ki, bu gün nəfsini hesaba çəkməkdə nə qədər ciddi olsan, sabah bir o qədər dincələrsən. Bu gün nəfsini hesaba çəkməkdə nə qədər səhlənkar olsan, sabah bir o qədər çətinlik çəkərsən”.
İbn əl-Qeyyim nəfsi cihad barədə danışaraq deyir:
“Nəfsi cihad dörd mərhələdən ibarətdir:
- Dini, doğru yolu öyrənməkdə, yəni elm almaqda nəfslə cihad etmək. Çünki insan yalnız dini öyrənməklə dünya və Axirətdə nicat tapa bilər. Həqiqətən, elm almaq nəfslə cihad və səbir tələb edir.
- Elmə yiyələndikdən sonra bu elmə əməl etməkdə nəfslə cihad etmək. Çünki bir elmi aldıqdan sonra ona əməl etməmək faydasız elm sayılır. Əməl etməyin isə cihada ehtiyacı var.
- Bu elmi öyrətməkdə və Allahın yoluna çağırmaqda nəfslə cihad etmək. Əgər buna əməl olunmazsa, həmin insan elmi gizlədənlərdən olar və öyrəndiyi elm onu əzabdan qurtarmaz.
- Dəvətdə rastlaşdığı və qarşılaşdığı əziyyətlərə səbir etməkdə nəfsi ilə cihad etmək”.
Allahın saleh qullarından biri olan Loğman oğluna belə vəsiyyət etmişdir: “Ey oğlum! Bil ki, iman rəhbərdir, əməllər idarə edən, nəfs isə inadkardır. Əgər idarə edən zəifləsə nəfs azacaq, əgər rəhbər zəifləsə nəfs inadkarlıq edəcək və itaətsizlik göstərəcək. Əgər hər ikisi yəni, iman və əməl güclü olsa o zaman nəfs düzgün yolda olacaq. Əgər nəfsi həvəsləndirsən, həvəslənəcək, arxayın etsən korlanacaq, onu Allaha itaətə həvəsləndirsən islah olar, özünü ona həvalə etsən, sənə xəyanət edər”.