Allah Musaya nə üçün inək kəsməyi əmr etdi?
Uca Allah "əl-Bəqərə" surəsində belə buyurur:
“Bir zaman Musa öz xalqına dedi: “Allah sizə bir inək kəsmənizi əmr edir!” Onlar: “Sən bizi ələ salırsan?” – dedilər. Musa: “Cahil olmaqdan Allaha sığınıram!” – dedi. Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə cür inək olduğunu bizə bildirsin!” Musa dedi: “Allah buyurur ki, o nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir. Sizə nə əmr edilirsə, onu da yerinə yetirin!” Onlar dedilər: “Rəbbinə dua et ki, onun rəngini də bizə bildirsin!” Musa dedi: “Allah buyurur ki, o, sarı rəngli parlaq bir inəkdir. Ona baxanları sevindirir”. Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə cür inək olduğunu bizə bildirsin! Çünki bu inək bizə (başqa inəklərə) bənzər görünür. Əgər Allah istəsə, biz düz yolda olarıq”. Musa dedi: “Allah buyurur ki, o nə yer şumlamağa, nə də əkin suvarmağa ram edilməmiş bir inəkdir. O, sağlamdır və onda heç bir ləkə yoxdur”. Onlar: “İndi sən əsl həqiqəti bildirdin!” – dedilər və onu kəsdilər. Halbuki az qala bunu yerinə yetirməyəcəkdilər. O zaman siz bir nəfəri öldürmüşdünüz və onun qatili barəsində mübahisə edirdiniz. Allah isə sizin gizlətdiklərinizi aşkara çıxarar. Biz dedik: “İnəyin bir parçasını ona (ölüyə) vurun!” Allah ölüləri bu cür dirildir və Öz ayələrini sizə göstərir ki, bəlkə, anlayasınız”. (əl-Bəqərə, 67-73).
Uca Allah bu ayələrdə bizə İsrail oğullarının inadkarlığından xəbər verir. Onlar özlərini çətinliyə saldıqca Allah da onları çətinliyə saldı. Halbuki, əgər onlara inək kəsmək əmr olunduğu zaman hər hansı bir inəyi kəssəydilər, onlardan qəbul olunardı.
“Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə cür inək olduğunu bizə bildirsin”, yəni bizə açıqlasın ki, bu necə bir inəkdir? Onun xüsusiyyətləri necədir? İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Əgər (Allah onlara əmr etdiyi zaman) hər hansı adi bir inək götürsəydilər, kifayət edərdi. Lakin onlar işlərini çətinləşdirdikcə Allah da onların işini çətinləşdirdi”.
Uca Allah buyurur: “Musa dedi: “Allah buyurur ki, o nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir”, yəni nə yaşlı və əldən düşmüşdür, nə də hələ erkəklə cütləşməmişdir.
“Sarı rəngli”, yəni rəngi sarıdır. Bu səbəbdən Uca Allah inəyin sarılığını təsdiqləmək üçün “parlaq bir inəkdir”- demişdir, yəni açıq rəngli.
Uca Allah buyurur: “Çünki bu inək bizə (başqa inəklərə) bənzər görünür”, yəni çoxluğuna görə bir-birinə bənzəyir. Bu səbəbdən bu inəyin xüsusiyyətini və şəklini bizə açıq-aşkar vəsf et! “Əgər Allah istəsə”, yəni əgər bizə bu inəyi düzgün vəsf etsən, onu tapmaq üçün “biz düz yolda olarıq”.
Uca Allah buyurur: “Musa dedi: “Allah buyurur ki, o nə yer şumlamağa, nə də əkin suvarmağa ram edilməmiş bir inəkdir”, yəni bu inək nə yer şumlamaqla zəlil edilmiş, nə də su çarxında su daşımaq üçün istifadə olunmuşdur. Əksinə, o, qayğı ilə, sevilərək bəslənmiş gözəl inək olmalıdır. “O sağlamdır” – eyibsiz, qüsursuz inəkdir. “Onda heç bir ləkə yoxdur”, yəni öz rəngindən başqa hər hansı bir rəng və ləkə (qaşqa) yoxdur.
“Onlar: “İndi sən əsl həqiqəti bildirdin!”– dedilər. Onu kəsdilər. Halbuki az qala bunu yerinə yetirməyəcəkdilər”.
Məşhur təfsir alimi İbn Cərir ət-Tabəri bildirmişdir: “Onlar həm inəyin qiyməti baha olduğu üçün, həm də rəzil olmamaq üçün az qala onu kəsməyəcəkdilər”.
əl-Buxari demişdir: “Onun qatili barəsində mübahisə edirdiniz”, yəni ixtilafa düşmüşdünüz”. Mucahid də bunu demişdir. “Allah isə sizin gizlətdiklərinizi aşkara çıxarar” ayəsinin təfsirində Mucahid demişdir: “Yəni sizin gizli saxlamaqla örtmək istədiyinizi aşkara çıxarar”. “Biz dedik: “İnəyin bir parçasını ona (ölüyə) vurun!” – bu bir parça inəyin istənilən bir hissəsi ola bilər. Hansı hissə olursa-olsun, möcüzə baş verəcək və fövqəladə hadisə həyata keçəcək.
Uca Allah buyurur: “Allah ölüləri bu cür dirildir” – yəni onlar inəyin parçasını ölüyə vurdular və Allah ölünü diriltdi. Uca Allah onların gözləri ilə şahidi olduqları, ölünün dirildilməsi hadisəsi ilə Öz qüdrətini və ölüləri diriltməyə Qadir olmasını diqqətə çatdırır. Uca Allah bu hadisəni öldükdən sonra dirilmək məsələsində onlara qarşı dəlil olaraq və eyni zamanda aralarındakı mübahisəyə və inadkarlığa son qoymaq üçün etmişdir.