"əl-Muddəssir" suərsinin 31-ci ayəsinin mənası nədir?
Əssələmu aleykum. Uca Allah "əl-Muddəssir" suərsinin 31-ci ayəsində belə buyurur: "Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik və onların sayını on doqquz etdik ki, bu, kafirlər üçün ancaq bir sınaq olsun, özlərinə Kitab verilənlər yəqinlik hasil etsinlər, iman gətirənlərin imanı artsın, Kitab verilənlər və möminlər haqqa şübhə etməsinlər və qəlblərində xəstəlik olanlar və kafirlər: “Allah bu məsəllə nə demək istəyir?”– desinlər. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Sənin Rəbbinin qoşunları barədə yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir xatırlatmadır".
Böyük təfsir alimi Abdur-Rahmən əs-Səədi (Allah ona rəhmət etsin) bu ayəni təfsir edərək demişdir:
"Uca Allah buyurur: "Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik". Bu, onların sərt və qüvvətli olmalarına dəlalət edir. "və onların sayını on doqquz etdik ki, bu, kafirlər üçün ancaq bir fitnə (sınaq) olsun". Burada "fitnə" deyildikdə kafirlərin Axirətdəki cəzaları və əzabları nəzərdə tutulur, çünki "fitnə" sözü "əzab" mənasını ifadə edir. Uca Allah başqa bir ayədə "fitnə" sözünü "əzab" mənasında işlədərək buyurur: "O gün onlara odda əzab veriləcək" (əz-Zariyat, 13).
Ola bilsin ayədə bu nəzərdə tutulur: "Biz onların sayını yalnız kimin buna inanıb, kimin isə inkar edəcəyini bilmək üçün xəbər verdik". Bu fikri ayənin davamı təsdiqləyir: "özlərinə Kitab verilənlər yəqinlik hasil etsinlər, iman gətirənlərin imanı artsın". Çünki Kitab əhli, onlara verilənlərlə uyğun olduğunu gördükdə, haqqa yəqinlikləri artar. İman gətirənlərin isə Uca Allah hər ayə nazil etdikcə, ona inanıb təsdiq edərlər və imanları daha da artar. "Kitab verilənlər və möminlər haqqa şübhə etməsinlər", yəni qəlblərindəki şübhələr aradan qalxsın. Bu olduqca önəmli bir məsələdir. Ağıllı insanlar daim imanın artmasına və şübhələrin aradan qalxmasına çalışarlar və buna can atarlar. Allahın Öz Elçisinə ﷺ nazil etdiyi hər şey bu dəyərli məqsədlərə xidmət edir, yalançıları doğru danışanlardan ayırır. "və qəlblərində xəstəlik olanlar və kafirlər", yəni şübhə, şəkk və nifaq olanlar "Allah bu məsəllə nə demək istəyir?”– desinlər". Onlar Allahın ayələrini inkar edərək, şəkk və şübhə edərək belə deyərlər. Bu, Allahın hidayəti və azğınlığıdır.
"Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir". Allah kimi doğru yola yönəldərsə, Öz Elçisinə ﷺ nazil etdiklərini onun üçün bir mərhəmət, dininin və imanının artmasına səbəb edər. Allah kimi azdırarsa, bu nazil olanları onun üçün bir zülmət, çaşqınlıq və əzab edər. Allahın Öz Elçisinə ﷺ verdiyi xəbərləri şübhəsiz qəbul etmək vacibdir, çünki "Sənin Rəbbinin qoşunları barədə yalnız Özü bilir". Əgər siz Onun ordularını bilmirsinizsə və O, sizi bu barədə məlumatlandırıbsa, siz şübhəsiz Onun xəbərini təsdiq etməlisiniz. "Bu, bəşəriyyət üçün ancaq bir xatırlatmadır", yəni bu nəsihət və xatırlatma əyləncə və əbəs yerə deyil, insanlar özlərinə
faydalı olan şeyləri əməl edib, zərərli şeyləri tərk etsinlər deyə bir xatırlatmadır".