İslam dini bir olmağı əmr edir

    17.10.2024

İslam dini camaat dinidir, birliyə, gözəl əxlaqa, dəyərli xüsusiyyətlərə çağırır. Parçalanmağı, kin-küdurəti, ziyan verməyi, fitnə-fəsad törətməyi qadağan edir. İslamda dininin məqsədi insanların biri-birinə ilə olan münasibətlərini yaxşılaşdırmaqdır. Məhz buna görə də İslam dini camaat namazları, həcc, zəkat, təravih, əqiq məclisi (yeni uşaq doğulanda verilən məclis) və s. bu kimi müsəlmanları bir yerə toplayan ibadətləri buyurmuşdur. O şeylər ki insanlar arasında fitnə-fəsada, ayrılığa, parçalanmağa gətirib çıxarır İslam dini onu qadağan edir. İnsanlar arasında parçalanma və kin-küdurətə səbəb olan bir çox səbəblər var ki, Peyğəmbərimiz ﷺ onlardan çəkindirib. Muslimin rəvayət etdiyi bir hədisdə Peyğəmbərimiz ﷺ buyurur: “Bir-birinizə həsəd aparmayın, bir-birinizə kələk gəlmək məqsədilə malın qiymətini qaldırmayın, bir-birinizə nifrət etməyin, bir-birinizə arxa çevirməyin. Kimsə qardaşının alveri üstündən alver etməsin. Ey Allahın qulları, qardaş olun! Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu alçaltmaz, onu təhqir etməz. Təqva buradadır. (Üç dəfə əli ilə sinəsini göstərdi). Kişinin öz qardaşını təhqir etməsi onun şər adam olmasına kifayət edər. Müsəlmanın hamısı digər müsəlmana haramdır. Qanı, malı və namusu”. (əl-Buxari, 6064; Muslim, 2564). Bu hədis  müsəlmanın müsəlman üzərində olan haqqı və ona qarşı necə davranması mövzusunda əsas hədisdir. 
Hədisin əvvəlində Peyğəmbərimiz ﷺ həsəddən çəkindirdi. Həsəd nədir? Həsəd – bir nəfərin başqa bir insanda olan hər hansı bir nemətin yox olmasını istəməməsidir. Fərq etməz, istər bu nemət dini olsun, istər dünyəvi. Həsəd insanın yaxşı əməllərini aparır. Həsəd insanı həsəd etdiyi insanın qeybətini qırmağa, ona ziyan vurmağa, hətta öldürməyə kimi gətirib çıxarır. Həmçinin, bəzən həsəd edən insan həsəd etdiyi adamın bu nemətə layiq olmamasını etiqad edir. Bu isə Uca Allahın qəzavü-qədərinə qarşı çıxmaqdır. Diqqətlə düşünsək görərik ki, həsədin əsli Allahın qəzavü-qədərinə etirazdır, Allah barədə pis zənndə olmaqdır. Həsəd əvvəlki ümmətlərdə də olmuşdur. Peyğəmbər ﷺ buyurur: “Sizə əvvəlki ümmətlərin xəstəliyi keçmişdir. Bu xəstəlik bir-birinə həsəd aparmaq və kin-küdurət bəsləməkdir. Həsəd dəlləkdir. Demirəm insanın saçını qırxır, lakin dini qırxır. Canım Əlində olan Allaha and olsun ki, iman gətirməyincə Cənnətə girməzsiniz. Bir-birinizi sevməyincə isə kamil iman gətirmiş olmazsınız. Sizə xəbər verimmi buna necə nail olmaq olar? Aranızda salamı yayın!” (Muslim, 54). 
Daha sonra Peyğəmbər ﷺ buyurur: “bir-birinizə kələk gəlmək məqsədilə malın qiymətini qaldırmayın”. Hədis hiylə və kələk gəlməyin bütün növünü əhatə edir. Müsəlman müsəlman qardaşı üçün xoş niyyətdə olmalıdır. Özü üçün istədiyini qardaşına da istəməlidir. Ondan sui istifadə etməməli, ona ziyan vurmamalıdır. 
Daha sonra Peyğəmbər ﷺ buyurur: “bir-birinizə nifrət etməyin, bir-birinizə arxa çevirməyin”. Yəni, nifrət və kin-küdurətə səbəb olan hər şeydən çəkinməlidir. Bir-birinə arxa çevirmək nifrətdən irəli gəlir. Yəni, biri-birinizlə əlaqəni kəsməyin. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Heç bir kimsəyə üç gündən artıq qardaşı ilə küsülü qalması halal olmaz. Qarşı-qarşıya gəldikdə bu ondan üz çevirir, o da bundan üz çevirir. Onların ən xeyirlisi salamı birinci verib sözə başlayanıdır” (əl-Buxari, 6077). Başqa bir hədisdə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Bir müsəlmanın öz qardaşını bir il danışdırmaması onu öldürmək kimidir” (Əbu Davud, 4915; Əhməd, 17935). 
Əksinə, küsülüləri barışdırmaq isə Allah dərgahında savabı böyük olan əməllərdəndir. Peyğəmbər ﷺ buyurur: ”Sizə orucdan, namazdan və sədəqədən daha fəzilətli bir dərəcə barədə xəbər verimmi?” Səhabələr dedilər: “Bəli!” O buyurdu: “Küsülüləri barışdırmaq! Dostların arasını vurmağa gəlincə bu, dəlləklikdir”. (Əbu Davud, 4919; ət-Tirmizi, 2009). Uca Allah buyurur: “Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Sədəqə verməyi və ya yaxşılıq etməyi yaxud da insanlar arasında sülh yaratmağı əmr edən şəxsin pıçıldaması isə istisnadır. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük mükafat verərik” (ən-Nisa, 114).
Daha sonar Peyğəmbər ﷺ buyurur: “Kimsə qardaşının alveri üstündən alver etməsin”. Yəni, məsələn bir kəs bir nəfərlə razılaşır və ondan mal alır, kənara keçdikdə başqa biri ona yaxınlaşıb ona daha yaxşı və ya daha ucuz verəcəyini vəd verib aldığı malı qaytartdırır. Bu əməl haramdır. Çünki bununla satıcıya ziyan vurmuş olur. Həmçinin, bir nəfər digərindən mal almaq istəyir, onunla razılaşır qalır malı götürmək. Başqa birisi gəlib satıcıya: “Mən sənə onun verəcəyi məbləğdən artıq verərəm, malı mənə sat!”– deyir. Belə etmək də qadağandır. Həmçinin bir nəfər bir qıza elçi gedibsə və ailəsi qızı ona verməyə razılaşıbsa, bunu bilə-bilə başqa bir müsəlman kişinin həmin qadına elşi getməsi qadağandır. 
 Daha sonra Peyğəmbər ﷺ buyurur: “Ey Allahın qulları, qardaş olun! Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu alçaltmaz, onu təhqir etməz”. Yəni, həqiqi müsəlman odur ki, müsəlmanlar onun əlindən və dilindən salamatdırlar. Peyğəmbər ﷺ buyurur:  “Sizə kimin mömin oduğunu bildirimmi? Mömin – insanların canlarına və mallarına görə ondan arxayın olduqları kimsədir. Müsəlman - müsəlmanların onun əlindən və dilindən salamat olduqları kimsədir”. (əl-Hakim, 24).

Paylaş: