Gözü harama baxmaqdan qorumağın faydaları

    27.10.2024

Bildiyimiz kimi günahlar insanın qəlbinə mənfi təsir edir. Göz zinası insanın qəlbinə ən çox təsir edən günahlardan biridir. Qəlb bədənin padşahıdır. Bir hədisdə Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurur: “Həqiqətən, insanın bədənində bir ət parçası var. Əgər bu ət parçası salamat olsa, sağlam olsa, bütün bədən sağlam olar, yox əgər korlansa, bütün bədən korlanar. Bilin ki, bu ət parçası qəlbdir”. (Muslim, 1599). Əgər şeytan bir insanın qəlbinə hakim oldusa, artıq onu həlak etmişdir. Şeytanın qəlbi həlak etmək üçün müxtəlif yolları var. Bu üsullardan biri də gözdür.
Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) başqa bir hədisdə buyurur: “Mənə altı xislətə sahib olmağı zəmanət verin, mən sizə Cənnətə girməyinizə zəmanət verirəm. Danışdığınız zaman doğru danışın! Vəd etdiyiniz zaman vədinizi yerinə yetirin! Övrət yerlərinizi qoruyun! Gözlərinizi də haramdan qoruyun! İnsanlara bir əziyyət verməkdən əllərinizi çəkin!” (Əhməd, 22809).
Uca Allah Qurani Kərimdə “ən-Nur” surəsində buyurur: “Mömin kişilərə de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Bu, onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır”. (ən-Nur, 30).
Sonrakı ayədə Uca Allah mömün qadınlara xtitab edərək buyurur: ”Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər” (ən-Nur, 31). Bu ayədə fikir versək, ərəb dilində Uca Allah ( مِنْ أَبْصَارِهِنَّ ) [min əbsa:rihinnə] buyurur. Yəni [min]  مِنْburada “bəzi” mənasındadır. Amma övrət yerində isə [min] مِنْ önqoşması işlətmir. Çünki bildiyimiz kimi bəzi hallarda baxmaq icazəlidir. Məsələn, evlənən kişi evlənmək istədiyi qadına baxa bilər. Həmçin müalicə məqsədi ilə, qadın həkim zərurət halında kişini mualicə edə bilər. Kişi həkim də eyni zamanda qadını müalicə edə bilər.
əl-Buxari və Muslim rəvayət etmişlər ki, Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) demişdir: “Bir dəfə Peyğəmbərimiz ﷺ bizə dedi: “Sizi yollarda oturmaqdan çəkindirirəm”. Səhabələr dedilər: “Ey Allahın Elçisi! Bizim çöllərdə, yəni yollarda yığışmağımız labuddur. Orada yığışıb söhbət edirik”. Peyğəmbərimiz ﷺ buyurdu: “Əgər yığışmağınız mütləq lazımdırsa, o zaman yolun haqqını verin!” Səhabələr soruşdular: “Ey Allahın Elçisi! Yolun haqqı nədir?” Peyğəmbərimiz ﷺ ilk olaraq gözü qorumağı qeyd edərək buyurdu: “O halda gözünüzü haramdan qoruyun, əziyyət verməyin, sizə salam verənin salamını qaytarın! Yaxşılığı əmr edin, pislikdən çəkindirin!” (əl-Buxari "Ədəbul-Mufrad" 1014).
Qeyd etdiyimiz ayələr və hədislər bizə göstərir ki, həqiqətən, gözü haramdan qorumaq çox önəmlidir.
İslam alimləri gözü haramdan qorumağın on faydasını qeyd etmişlər:
Birinci: İnsan gözünü haramdan qorunmaqla ilk növbədə Allahın və Onun Elçisinin ﷺ əmrinə itaət edir. Çünki Uca Allah ən-Nur surəsində buyurur: “Mömin kişilərə de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər”.
İkinci: Gözü haramdan qorumaqla insan şeytanın zəhərli oxunun qəlbə daxil olmasına mane olur. Harama baxmaq şeytanın zəhərli oxudur. Şeytan bu ox vasitəsilə insanın qəlbinə təsir edib, onu yaralayır.
Üçüncü: Gözü haramdan qorumaq insanı Allaha yaxınlaşdırır. Göz ilə harama baxmaq insanı Allahdan uzaqlaşdırır. Göz zinası, insanla Rəbbi arasında bir vəhşət yaradır.
Dördüncü: Gözü haramdan qorumaq qəlbi gücləndirir, qüvvətləndirir. Əksinə, harama baxmaq isə qəlbi zəiflədir və kədərə qərq edir.
Beşinci: Gözü harmdan qorumaq insanın qəlbinə nur verir. Əksinə, harama baxmaq isə insanın qəlbini zülmətə qərq edir. Uca Allah buyurur: “Allah göylərin və yerin nu­rudur. Onun (möminlərin qəl­bində olan) nuru, içində çıraq olan bir taxçaya bənzə­yir; o çıraq şüşənin için­dədir, şüşə isə, san­ki inci kimi bir ulduzdur. O çı­raq təkcə şər­qə və ya təkcə qər­bə aid edilmə­yən (daim Günəş şüa­ları altında qalan) mü­barək zey­tun ağacın­dan yandı­rılır. Onun yağı, özü­nə od to­xun­­masa da, sanki işıq sa­çır. Bu, nur üs­tün­də nurdur. Allah istə­di­yini Öz nuruna yönəldir. Allah in­san­lar üçün məsəllər çəkir. Allah hər şe­yi biləndir”. (ən-Nur, 35).
Əgər qəlb zülmətə qərq olarsa, o halda hər tərəfdən ona bəlalar, müsibətlər gələr. Nurlanarsa qəlbdə olan bütün bidət, zəlalət, azğınlıq və bu kimi xəstəliklərdir qəlbdən uzaqlaşar.
Altıncı: Uca Allah gözünü haramlardan qoruyan insana xüsusi fərasət, bacarıq, zəka verir. Bu zəka ilə o haqqı batildən, yalanı doğrudan ayıra bilər. Alimlərdən biri belə demişdir: “Kim həm zahirdə, həm də batində sünnəyə əməl edərsə, yəni daxilən hər bir işində Allahın əmrlərinə tabe olarsa, gözünü haramlardan qoruyarsa, şübhəli şeylərdən uzaq olarsa, halalla qidalanarsa zəkası heç vaxt onu aldatmaz”.
Yeddinci: Gözü haramlardan qorumaq qəlbi haqq üzərində sabit edir, şücaətli edir, cəsarətli edir və qüvvətləndirir.
Səkkizinci: Gözü haramdan qorumaq, şeytanın qəlbə daxil olmasının qarşısını alır. Çünki şeytan insanın qəlbinə harama baxmaqdan daha sürətli bir şey ilə daxil ola bilmir. Şeytan baxdığı haramı onun qəlbində onun üçün canlandırmağa başlayır. Canlandırır və bəzəyir. Onu sanki onun üçün bir bütə çevirir. O insan da həmin bütün ətrafında sanki dövr edir, fırlanır. Sonra qəlbi şəhvətlə alovandırır, günahlarla onu odunlandırır.
Doqquzuncu: Harama baxmaq insanı faydalı işlərdən uzaqlaşdırır və insan faydalı olmayan, ona lazım olmayan fikirlərlə məşğul edir. Beləliklə, insan ona lazım olmayan şeylər barədə düşünür. Əgər insan gözünü haramdan qoruyarsa, Uca Allah onu bu fikirlərdən uzaqlaşdırar və insan yalnız ona fayda verəcək şeylər barədə düşünər. Yəni ibadət, zikr, savabını artırmaq barədə düşünər. Çünki dünya bizim üçün bir meydandır, bir tarladır. Biz bu dünyada  savab əməllərimizi artırmalıyıq. Çünkü bunun üçün yaranmışıq. Alimlər dəlil olaraq bu ayəni gətirirlər: “Qəlbini Bizi an­maq­dan xə­bərsiz etdiyi­miz, nəf­sinin istək­lərinə uyan və işləri səmərəsiz olan bir kim­sə­yə ita­ət etmə!” (əl-Kəhf, 28).
Onuncu: Gözü haramdan qorumağın faydalarından biri də budur ki, qəlblə göz arasında sıx əlaqə var və onların biri digərində təsir edir. Əgər biri korlanarsa, digəri də korlanar. Əgər biri düzələrsə, sağlam olarsa, digəri də sağlam olur. Əgər baxışlar harama baxarsa, göz korlanasa, qəlb də korlanır. Əgər göz sağlam olarsa, haramlardan uzaqlaşarsa, qəlb də sağlam olur. Əgər qəlb sağlam olarsa, bütün pisliklərdən çirkinliklərdən günahlardan uzaqlaşar. Beləliklə insan zahiri şeylərin dalınca düşməz, daxilini düşü­nər, mənəviyyatını düşünər.

Paylaş: