Yaxşı dostla pis dostun misalı

    12.12.2024

İslam dini dostluğa böyük önəm verir. Dinimiz dostluğun insanın həyatına, əxlaqına və dininə böyük təsirini nəzərə alaraq, Qurani-Kərim və Sünnədə bu mövzuda sərhədlər müəyyən etmişdir. Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Yalnız mömin kəslə dostluq et və yeməyini də yalnız müttəqi - Allahdan qorxan kəs – yesin!” (Əbu Davud, 4832; ət-Tirmizi, 2395).
Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu vəsiyyəti zamandan və məkandan asılı olmayaraq hər kəsə şamil edilir. Hər bir müsəlman oturub-durduğu, yoldaşlıq etdiyi, dostluq etdiyi insanları seçməli və bilməlidir ki, bundan çox şey asılıdır. 
İnsan təbiətcə ünsiyyətə ehtiyac duyur. İnsan sözünün mənası da məhz “unusə” (ünsiyyət) sözündəndir. Hər bir insanın mütləq dostu, yoldaşı, olmalıdır. Odur ki İslam dini bu mühüm məsələyə biganə qalmamışdır. Uca Allah buyurur: “Səhər və axşam çağı Rəbbinin Üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini yoxsullardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə!” (əl-Kəhf, 28). Başqa bir ayədə isə Uca Allah bizə salehlərlə oturub, pis insanlarla oturmaqdan çəkindirərək buyurur: “Ayələrimizi lağlağıya qoyanları gördüyün zaman, onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan bunu sənə unutdursa, xatırladıqdan sonra zalım camaatla birgə oturma” (əl-Ənam, 68). Allah Elçisi (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Kişi öz dostunun dinindədir, sizlərdən biriniz kiminlə dostluq etdiyinə baxsın” (ət-Tirmizi, 2535). 
Allah Elçisi ﷺ buyurur: Əbu Musa (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Yaxşı dostla pis dostun məsəli ətir satanla körük vuranın məsəlinə bənzəyir. Ətir satana gəlincə, ya o sənə ətir bağışlar, ya sən ondan ətir alarsan, ya da ondan gözəl iy duyarsan. Körük vurana gəldikdə isə, ya o sənin paltarını yandırar, ya da ondan pis iy duyarsan”. (əl-Buxari və Muslim). 
Saleh insanlarla dostluq etmək insana həm bu dünyada, həm ölümdən sonra, həm də Qiyamət günü fayda verəcəkdir. 
Dünyaya gəlincə - insan əməlisaleh insanlarla dostluq edərsə, bu dostlar onu hər cür xeyirə çağırarlar, onlardan ancaq xeyir öyrənər, ixlas, səxavət, şücaət və s. bu kimi gözəl xüsusiyyətləri onlardan öyrənər. Əməlisaleh dostla oturduqda, onlar sənə Allahı xatırladar. İbadətlərində sənə yardım edər. Günaha meyil etsən səni çəkindirər, sənə yaxşılığı əmr edər. 
Ölüm anına gəlincə isə - əməlisaleh dost sənin yanına gəlib sənin bu dünyadakı son anlarında sənə Allahı xatırladacaq, sənə Allahın rəhmətini xatırladacaq və sənin bu dnyadan Allah barədə gözəl zənn edərək dünyadan köçməyinə səbəb olacaq. Həmçinin əməlisaleh dost ölüm anında sənə “Lə İləhə İlləllah” (Allahdan başqa haqq məbud yoxdur) kəlməsini təlqin edəcək. Çünki Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Ölüm ayağında olanlara “Lə İləhə İlləllah” kəlməsini təlqin edin!” (İbn Hibban, 3004). Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Kimin bu dünyada son sözü “Lə İləhə İlləllah” olarsa Cənnətə girər” (Əbu Davud, 3116). 
Ölümdən sonra da əməlisaleh dost öz müsəlman qardaşına dua etməklə ona fayda verir. Uca Allah bu xüsusda belə buyurur:  “Səhabələrdən sonra gələnlər deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!” (əl-Həşr, 10). 
Qiyamət günü də mömin, əməlisaleh dost öz qardaşını unutmur. O gün Allah üçün qurulan dostluqlar istisna olmaqla, bütün dostluqlar pozulacaq, bütün dostluqlar düşmənçiliyə çevriləcək. Uca Allah bu xüsusda belə buyurur: “O gün müttəqilərdən başqa bütün dostlar bir-birinə düşmən kəsiləcəklər. Ey qullarım! Həmin gün sizə qorxu yoxdur və siz heç kədərlənməyəcəksiniz də” (əz-Zuxruf 67-68). Başqa bir ayədə Uca Allah Qiyamət günü pis dostların bir-birlərinə dediklərini zikr edərək belə buyurur: “Nəhayət, o, hüzurumuza gəldikdə yoldaşına deyər: "Kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib arasındakı uzaqlıq qədər məsafə olaydı. Sən nə pis yoldaş imişsən!” (əz-Zuxruf, 38).
Uca Allah Qurani Kərimdə dünyada pis dostu olub onu azdıranın Qiyamət günü belə deyəcəyini bildirir: “Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı". Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır”. (əl-Furqan 27-29). 
Uca Allah Qurani Kərimdə dünyada pis dostu olub onu küfrə çağıran, lakin ona cavab verməyən və Cənnətə girən barədə belə buyurur: “Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar. Onlardan biri deyəcək: "Mənim (dünyada) bir yoldaşım var idi. O deyirdi: "Sən də inananlardansan? Məgər biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra haqq-hesaba çəkilib cəzalandırılacağıq?" O sözünə davam edib deyəcək: "Siz onun harada olduğunu görmək istəyirsinizmi?" O özü baxıb yoldaşını Cəhənnəmin ortasında görəcək və deyəcəkdir: "Allaha and olsun ki, sən məni də məhv edəcəkdin. Əgər Rəbbimin lütfü olmasaydı, mən də Cəhənnəmə gətirilənlərdən olardım”. (əs-Saffət, 50-57).
Qiyamət günü heç bir kölgənin olmayacağı bir gündə Uca Allah Onun üçün dostluq edənləri Ərşin kölgəsində kölgələndirəcək. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Yeddi qrup insan Qiyamət günü heç bir kölgənin olmayacağı bir gündə Allahın yaratdığı kölgədə olacaqlar...”. Onlardan biri də Onun yolunda birləşib, Onun yolunda ayrılan iki nəfərdir. 
Nəticə: Dostluq insan həyatında mühüm rol oynayır. Mömin dost insana həm dünyada, həm ölüm anında, həm də Qiyamətdə fayda verər. Buna görə də dostlarımızı seçərkən diqqətli olmalı və onları İslamın meyarlarına uyğun seçməliyik. Allah bizi saleh insanlarla yoldaşlıq edənlərdən etsin!

Paylaş: