Cənnətdə atlar olacaqmı? At əti halaldırmı?
Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu.
1) Bəli, Cənnətdə atlar və dəvələr olacaq. Süleyman ibn Bureydə atasından rəvayət edir ki, bir dəfə bir kişi Peyğəmbərimizdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşdu: "Ey Allahın Elçisi! Cənnətdə atlar varmı?" O dedi: "Əgər Allah səni Cənnətə daxil etsə, sən istədiyin vaxt qırmızı yaqutdan bir ata minərsən və o səni cənnətdə istədiyin yerə uçuracaq". Başqa bir kişi ondan soruşdu: "Ey Allahın Elçisi! Cənnətdə dəvələr varmı?" Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona yoldaşına dediyini demədi, əvəzində buyurdu: "Əgər Allah səni Cənnətə daxil etsə, orada nəfsinin arzuladığı və gözünün zövq aldığı hər şey olacaq". (ət-Tirmizi, 2543).
2) At ətini yemək icazəlidir. Buna dəlil aşağıdakı hədislərdir: Cabir ibn Abdullah (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ev uzunqulağının ətini yeməyi qadağan etdi, at ətini yeməyə isə icazə verdi”. (əl-Buxari, 3897, 4219, 5520; Muslim, 3595, 5134). Yenə rəvayət edilir ki, Cabir (Allah ondan razı olsun) demişdir: “Xeybər günü biz at, qatır və uzunqulaq kəsdik. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə uzunqulaq və qatır ətini yeməyi qadağan etdi, at ətini isə qadağan etmədi”. (Əhməd, 14840, 14901; Əbu Davud (3789). Muslimin "Səhih" əsərində rəvayət edilir ki, Əsma bint Əbu Bəkr (Allah ondan razı olsun) demişdir: “Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) zamanında biz Mədinədə ikən bir at kəsdik və onu yedik”. (Muslim, 3697, 5137).