Harada olursansa ol, Allahdan qorx!
Bu məqalədə Peyğəmbərin ﷺ məzmunu qısa, lakin mənası dərin olan hədislərindən biri barədə danışacağıq. Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ mənə dedi: “Harada olursansa ol, Allahdan qorx! Günahın ardınca yaxşı əməl et ki, günahı silib aparsın və insanlarla gözəl əxlaqla rəftar et”. (ət-Tirmizi, 1987).
Bu, qısa məzmunlu, lakin əzəmətli bir hədisdir. Bu Allahın haqqı ilə qulun haqlarını özündə cəm edən bir hədisdir. Allahın qulları üzərindəki haqqı Onun əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Ondan layiqincə qoxmaqdır. İnsanların haqqı isə onlarla gözəl əxlaqla rəftar etməkdir. Bu hədisə oxşar başqa bir hədis də var. Əbu Hureyra rəvayət edir ki, bir dəfə Peyğəmbərdən ﷺ soruşdular: “İnsanların ən çox Cənnətə girməsinə səbəb olan əməl hansıdır?” Peyğəmbər ﷺ buyurdu: “Təqvalı olmaq və gözəl əxlaqa sahib olmaq”. Sonra soruşdular: “Bəs insanların Cəhənnəmə girməsinə ən çox səbəb olan nədir?” Peyğəmbər ﷺ buyurdu: “Ağız və övrət yeri”. (ət-Tirmizi, 2004).
Təqvalı olmaq Uca Allahın bizdən əvvəlkilərə və sonrakılara etdiyi vəsiyyətidir. Uca Allah buyurur: “Biz sizdən əvvəl Kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı buyurduq”. (ən-Nisa, 131).
Təqva nədir? Təqva sözü - ərəbcə “qorunmaq” deməkdir. Bəs qul Allahdan necə qoruna bilər? Allahdan qorunmaq dedikdə, Allahın əzabından və Onun qəzəbindən qorunmaq nəzərdə tutulur. Həqiqətən, qorxmağa ən çox layiq olan Allahın əzabı və qəzəbidir, çünki dünyada və axirətdə buna görə cəza veriləcək. Necə ki Uca Allah buyurur: “Mütləq qüdrətindən qorxub çəkinməyə layiq olan da, bağışlamağa qadir olan da Odur!” (əl-Muddəsir, 56).
“Təqva”ya - bütün vacibləri yerinə yetirmək və bütün haramlardan, habelə şübhəli şeylərdən çəkinmək daxildir. Bəzən təqva müstəhəb əməlləri də əhatə edir. Bu da sözsüz ki, təqvanın ən yüksək mərtəbəsidir. Uca Allah Quranda müttəqiləri (təqvalı insanları) vəsf edərək buyurur: “Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Təqvalı olanlar da elə məhz onlardır” (əl-Bəqərə, 177).
Alimlər təqvaya müxtəlif cür tərif vermişlər. Abdullah ibn Abbas (Allah ondan razı olsun) demişdir: “Müttəqilər Allahdan və Onun əzabından çəkinənlərdir”. Həsən əl-Bəsri demişdir: “Müttəqilər – Allahın haram buyurduqlarından çəkinən və Allahın vaciblərini yerinə yetirənlərdir”. Məymun ibn Mehran isə demişdir: “Müttəqi – nəfsini xəsis bir insanın öz şərikini hesaba çəkməsindən daha şiddətli hesaba çəkəndir”.
Peyğəmbər ﷺ buyurdu: “Harada olursansa ol, Allahdan qorx!” Yəni hər bir halında, istər insanlar səni görəndə, istər tək olanda, istər varlı, istər kasıb olanda, istər sağlam, istərsə də xəstə olanda, Allahdan qorx! Çünki Uca Allah insanın hər halını bilir, hər halında onu görür, hətta qəlbindən keçənləri də bilir. Uca Allah buyurur: “Allah gözlərin xaincəsinə baxışını və kökslərin nələr gizlətdiyini bilir”. (Ğafir, 19).
İnsan Allahdan nə qədər qorxsa da, nə qədər vacibləri yerinə yetirib, haramlardan çəkinsə də, mütləq bir xətası olur. “Hər bir Adəm övladı xətəkardır” Buna görə də Peyğəmbər ﷺ ardınca belə buyurdu: “Günahın ardınca yaxşı əməl et ki, günahı silib aparsın”. Uca Allah buyurur: “Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır”. (Hud, 114). Yaxşı əməl dedikdə - Allaha yaxınlaşdıran hər bir əməl nəzərdə tutulur. Günahdan sonra günahı yuyan ən yaxşı əməl “səmimi tövbədir”. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha səmimi olaraq tövbə edin”. (ət-Təhrim, 8). Başqa bir ayədə belə buyurur: “O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər”. (Ali-İmran, 135). Ayədə “Allahı xatırlayıb” dedikdə, Allahın əzəmətini və günahkarlardan necə intiqam almasını xatırlayıb tövbəyə qayıtmaq nəzərdə tutulur.
Peyğəmbər ﷺ Allahın haqqını bildirdikdən sonra insanların haqqını bildirdi və dedi: “İnsanlarla gözəl əxlaqla rəftar et”. Əslində gözəl əxlaqa sahib olmaq təqvaya daxildir və təqvanın xislətlərindəndir. Lakin Allah dərgahında gözəl əxlaqın yüksək məqamı olduğu üçün Peyğəmbər ﷺ onu xüsusilə qeyd etdi. Çünki insanların çoxu elə bilir ki, təqva yalnız Allahın haqlarını yerinə yetirməkdir. İnsanların haqqı isə təqvadan deyil. Buna görə də bəzi insanlar namazlarını məsciddə qılır, ibadətlərini gözəl şəkildə yerinə yetirir, insanların haqqına gəlincə isə, onlarla kobud rəftar edir, onların haqqına girir, qeybətlərini edir və mallarını haqsızcasına yeyir. Buna görə də Peyğəmbərimiz ﷺ xüsusilə qeyd etdi ki, gözəl əxlaq da təqvadandır. Hətta Allah dərgahında tərəzidə ən ağır gələn əməl gözəl əxlaq olacaq, habelə gözəl əxlaq sahibləri Qiyamət günü Peyğəmbərə ﷺ ən yaxın insanlar olacaq.
Gözəl əxlaqın əsası insanlara əziyyət verməkdən çəkinmək, insanların sənə verdiyi əziyyətləri isə əfv və bağışlama ilə qarşılamaqdır. Habelə insanlarla xoş rəftar etmək, haqlarını tapdalamamaq, onların əziyyətlərinə səbir etməkdir. Onlarla gözəl şəkildə, gülərüzlə danışmaqdır. Budur gözəl əxlaq. Uca Allah bu ayədə gözəl əxlaqı da təqvadan adlandırmışdır: “O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir” (Ali-İmran, 134).
Təqvalı olmaq dünya və axirətdə nicat tapmağa səbəbdir. Uca Allah təqvalı olanlara dünya və axirətdə saysız nemətlər vəd edir. İlk növbədə bildirirki, təqvalı olanlara Allah faydalı elm verər: “Allahdan qorxun, Allah da sizi öyrətsin” (əl-Bəqərə, 182). Allahdan qorxanı Uca Allah ruziləndirər və ona hər bir çətinlikdən çıxış yolu göstərər: “Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər”. (ət-Talaq, 2-3).