Şirkətlərin səhmlərini almaq icazəlidirmi?
Və aleykum Salam. Əsas fəaliyyəti halal olan şirkətlərin səhmlərini alıb onlara sərmayə qoymaq icazəlidir. Məsələn, nəqliyyat və yükdaşıma şirkətləri, geyim fabrikləri, ofis ləvazimatları və mebel istehsalı müəssisələri, tibbi avadanlıqlar və daşınmaz əmlak şirkətləri və s. Bu şirkətlər yalan, fırıldaqçılıq və ya faizli borc almaq və ya vermək kimi haram əməliyyatlarla məşğul olmur və bütün əməliyyatlarını şəriət qaydalarına uyğun şəkildə aparırlar. Bu cür şirkətlər "halal" və ya "saf" şirkətlər adlanır və onlara sərmayə qoymaq və ticarət etmək icazəlidir.
Əsas fəaliyyəti halal olan, lakin bəzi haram əməliyyatlarla məşğul olan şirkətlərin səhmlərini almaq isə icazəli deyil. Çünki bir səhmdar sahib olduğu paya uyğun olaraq şirkətin faiz və digər haram əməliyyatlarına ortaq olur və bu, günaha və düşmənçiliyə yardım etmək sayılır. Uca Allah buyurur: "Yaxşılıq və təqva yolunda bir-birinizə kömək edin, günah və düşmənçilik yolunda isə bir-birinizə kömək etməyin" (əl-Maidə, 2)