Allaha sevgi, ümid və qorxu ilə ibadət etmək

    06.02.2025

Möhtərəm müsəlmanlar! Qurani-Kərimin ayələrinə diqqət etsək görərik ki, Uca Allah bir çox ayələrdə qullarını yaxşı əməllərə rəğbətləndirir və bu əməlləri artırsınlar deyə, onlara vəd etdiyi mükafatı bildirir, bu ayələrin ardınca isə pis işlərdən çəkindirir və bu əməllərdən uzaq dursunlar deyə, buna görə verilən cəzanı bildirir. Həmçinin bir çox ayələrdə qullarına Cənnəti vəsf edir və onu qazanmağa can atsınlar deyə, orada əməlisaleh qullarına hazırladığı nemətlərdən və əbədi həyatdan bəhs edir. Bunun ardınca isə Cəhənnəmi vəsf edir və ona aparan əməllərdən çəkinsinlər deyə, orada asi qullarına və kafirlərə hazırladığı oddan və əzabdan danışır. Beləcə, Uca Allah müjdə ayələrinin ardınca təhdid ayələrini, Cənnətdən bəhs edən ayələrin ardınca isə Cəhənnəmdən bəhs edən ayələri gətirmişdir. Bəs bunun hikməti nədir? Hikməti budur ki, qul daim Allahın əzabından qorxaraq və Allahın mərəhəmətinə ümid bəsləyərək yaşasın və bu halda Ona ibadət etsin. Uca Allah ona görə belə etmişdir ki, qul Allahın əzabından arxayın olmasın və Allahın rəhmətindən də ümidini kəsməsin. Budur hikmət. Uca Allah buyurur: “Həqiqətən, Rəbbin insanların zalımlığına baxmayaraq onları (tövbə edənləri) bağışlayır. Sözsüz ki, Rəbbinin cəzası şiddətlidir” (ər-Rad, 6); “Qullarıma xəbər ver ki, Mən Bağışlayanam, Rəhmliyəm. Əzabım isə ağrılı-acılı əzabdır” (əl-Hicr, 49-50).
Uca Allah Qurani-Kərimdə peyğəmbərlərini və Ona yaxın olan qullarını vəsf edərək bildirir ki, onlar Rəbbinə ümid və qorxu ilə ibadət edirlər. Allahın rəhmətini umurlar, əzabından isə qorxurlar. Uca Allah buyurur: “Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti qullar idilər” (əl-Ənbiya, 90); “Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər” (əs-Səcdə, 16). 
Qorxu və ümid dedikdə nə nəzərdə tutulur? Allahdan düzgün qorxu və Allaha düzgün ümid necə olmalıdır? 
Allahdan doğru şəkildə qorxmaq odur ki, bu qorxu insanı haramlardan çəkindirib Allahın əmrlərini yerinə yetirməyə sövq etsin. Əgər insan Allahdan qorxduğunu iddia edib haramlardan çəkinmirsə, Allahın əmrlərini yerinə yetirmirsə bu qorxu sadiq deyil. Eyni şəkildə doğru və bəyənilən ümid də budur ki, insan Allahın lütfünə, səxavətinə və rəhmətinə inanaraq saleh əməlləri artırsın və Allahın yaxşı əməlləri mükafatlandıracağına zərrə qədər də şübhə etməsin, heç bir halda Allahın mərhəmətindən ümidi kəsməsin. Uca Allah buyurur: “Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!” (əl-Kəhf, 110). Ümid yalnız saleh əməllə yanaşı edildikdə faydalı olur. Alimlər bildirmişlər ki, ümid edənlər üç qisimdirlər:

  1. Allaha elmlə, düzgün şəkildə ibadət edib, savabını Allahdan umaraq Allahın əmrlərinə itaət edib Allahın rəhmətinə ümid edənlər.
  2. Günah iş gördükdən sonra bu günahından tövbə edib Allahın bu günahı bağışlamasına ümid edərək Allahın əfvini, məğfirətini, lütfünü umanlar. Bu iki növ ümid bəyənilən ümiddir.
  3. Günah işlərində davamlı olan, günahdan tövbə etməyərək saleh əməlsiz Allahın əfvinə və məğfirətinə ümid edənlər. Bu növ ümid isə yalançı ümiddir, azğınlıqdır və aldanmaqdır.

Müsəlman həyatda olduğu müddətdə qorxu və ümidi bərabər tutaraq Allaha ibadət etməlidir. Çünki ümidi artırmaq insanı Allahın əzabından arxayın edə bilər və insan xəsarətə uğrayar. Necə ki Uca Allah bu cür insanlar barədə belə buyurur: “Yaxud onlar Allahın hiyləsindən ehtiyat etmirdilərmi? Allahın hiyləsindən yalnız ziyana uğrayanlar ehtiyat etməzlər” (əl-Əraf, 99).
Eyni zamanda insan Allahın rəhmətindən ümidsiz olmasın deyə, qorxunu artırmamalıdır. Allahın rəhmətindən ümidi itirmək azğınlıqdır. Necə ki Uca Allah bu insanlar barədə belə buyurur: “Doğru yoldan azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?” (əl-Hicr, 56); “Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər” (Yusuf, 87). 
Alimlər qorxu və ümidi quşun qanadlarına bənzədərək deyirlər: “Qorxu və ümid quşun qanadları kimidir. Əgər quşun qanadları bərabər olarsa quş düzgün uçar. Əgər bərabər olmazsa, düzgün uça bilməz, birtərəfli uçar. Əgər hər ikisi olmazsa quş həlak olar”. 
Həqiqətən, Allaha ibadət bu üç əsas üzərində qurulub. Allaha məhəbbət, Allahdan qorxu və Allaha ümid. Allahı sevən Ona yaxınlaşmağa Ona ibadət etməyə can atar. Allahdan qorxan günahlardan və haramlardan çəkinər, Allaha ümid bəsləyən isə itaətləri artırar, vaciblərə əməl edər. Qul Rəbbini nə qədər çox tanısa, Rəbbi barədə elmi nə qədər çox olsa bir o qədər də Allahı sevər, Ondan qorxar və Ona ümid edər. İnsanları günahlara asiliklərə aparan da məhz Allahı tanımamaqdır. Uca Allah buyurur: “Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah Qüdrətlidir, Bağışlayandır” (Fatir, 28). 

Uca Allah bizləri Onu sevən, Ondan layiqli şəkildə qorxan və Ona ümid bəsləyən qullarından etsin!

Paylaş: