Fatimə və Əli haqqında məlumat verə bilərsinizmi?

    16.06.2014
Kimdən: 
gunel
Sual: 
salam xais edirem xanim zehra ve imam eli haqqinda melumat veresiniz.
Cavab: 

Aleykum salam.
1) Xanım Fatimə (Allah ondan razı olsun), Allah Rəsulu Muhəmmədin (salləllahu aleyhi və səlləm) birinci həyat yoldaşı Xədicədən (Allah ondan razı olsun) olan qızı, Həsən və Hüseyinin (Allah onlardan razı olsun) anasıdır. O, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) göndərilməsindən qısa bir müddət öncə, miladi təqvimi ilə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Bədr döyüşündən sonra Əli ibn Əbi Talibə (Allah ondan razı olsun) ərə getmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) onu sevir və ona hörmət edirdi. Fatimə (radıyəllahu anhə) səbirli, dininə bağlı, səxavətli, ismətli, iffətli, namuslu, mehriban, sədaqətli və Uca Allaha şükür edən bir bəndə idi. Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) danışığına insanlar içərisində ən çox oxşayanı Fatimənin (radıyəllahu anhə) danışığı idi. Aişənin (Allah ondan razı olsun) belə söylədiyi rəvayət olunur: "Danışığında Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) sözünə Fatimədən (radıyəllahu anhə) daha çox oxşayan birini heç bir zaman görmədim". (əl-Buxari, 233; Muslim, 3349).
Fatimə Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) yanına daxil olduqda, o ayağa durar, onu qucaqlayıb öpərək salamlayardı, eynilə Fatimə (Allah ondan razı olsun) ona qarşılıq verərdi. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) vəfatından sonra Fatimə (radıyəllahu anhə) altı ay yaşadı.
Abbas (Allah ondan razı olsun) onun üçün cənazə namazı qılmış, Əli və Fəzl onu qəbirə endirmişdi. Fatimənin oğlanları Həsən və Hüseyin (radıyəllahu anhum), qızlarından biri Ömər ibn Xattaba (Allah ondan razı olsun) ərə getmiş Ummu Kulsum, digəri isə Abdullah ibn Cəfər ibn Əbu Talibə ərə getmiş Zeynəb (Allah onlardan razı olsun) idi. 
Aişə (radıyəllahu anhə) demişdir: "Fatimə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yürüdüyü tərzdə yürüyərək gəldi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Xoş gəldin, mənim qızım". Sonra onu sağ və yaxud sol tərəfinə otuzdurdu, sonra ona gizlicə bir söz söylədi və Fatimə (radıyəllahu anhə) ağladı. Mən ona: "Nə üçün ağlayırsan?" deyə soruşdum. Sonra o Fatiməyə (radıyəllahu anhə) gizlicə bir söz söylədi və o gülümsədi. Mən: "Bu günki kimi sevincin kədərə bu cür yaxın olduğunu görmədim". Rəsulullahın (salləllahu aleyhi və səlləm) ona nə söylədiyini soruşdum və o: "Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) sirrini açmaram" deyə söylədi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) vəfat etdikdən sonra ondan bu barədə soruşdum və o dedi: "O mənə dedi: "Cəbrayıl (aleyhis-sələm) mənə hər il bir dəfə Quranı oxuyurdu, lakin bu il iki dəfə oxudu, hiss edirəm ki, artıq əcəlim yetişib. Əhli Beytimdən mənə ilk qovuşan sən olacaqsan". Ona görə də mən ağladım. Sonra o dedi: "Cənnət əhlinin və yaxud mömin qadınların seyyidi olmaq istəməzsən?" Buna görə də güldüm". (əlBuxari, 3437; Müslim, 4483).
Abdullah ibn Məsudun (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə belə deyilir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) Kəbədə namaz qılırdı və Əbu Cəhl və yoldaşları orada əyləşmişdilər. Bu zaman onlardan bəzilərinə digərlərinə: "Sizlərdən kim filan və filan dəvənin içalatını gətirib Məhəmməd səcdə etdikdə onun belinə qoya bilər? Beləliklə, qövmün ən bədbəxti gedib bunu gətirdi və Peyğəmbər (salləllahu aleyhi və səlləm) səcdə edənə kimi gözlədi, sonra isə iki çiyninin arasına belinə qoydu. Bu zaman mən baxırdım, lakin heç gücüm olmadığından ona yardım edə bilmirdim. Onlar gülürülər və gülərək bir-birinə söykənirdilər və Allah Rəsulu (salləllahu aleyhi və səlləm) səcdə edirdi və başını qaldırmırdı. Sonra Fatimə (Allah ondan razı olsun) gəlib içalatı onun kürəyindən götürüb kənar etdi. Sonra Allahın Elçisi (salləllahu aleyhi və səlləm) başını qaldıraraq üç dəfə: "Ey Allahım! Qureyşi sənə həvalə edirəm" deyərək dua etdi. Onlara bəd dua etdikdə bu onlara ağır gəldi, vəlvələyə düşdülər. Çünki onlar düşünürdülər ki, bu diyarda edilən dualar qəbuldur...". (əl-Buxari və Muslim).
Digər bir hədisə Allahın Elçisi (salləllahu aleyhi və səlləm) belə deyir: “Fatimə məndən bir hissədir və kim onu qəzəbləndirərsə, məni qəzəbləndirər". (əl-Buxari və Muslim).
Başqa bir rəvayətdə isə belə nəql olunur: "Dünyadakı ən fəzilətli dörd qadın bunlardır: Məryəm, Asiyə, Xədicə və Fatimə". (Hədis səhihdir). Həmçinin oxuyun:
Əli ibn Əbu Talib
Rəsulullahın nəsli kimlər olub?

Teqlər: 
Paylaş: