Gecə vaxtı verilən sədəqə Allahın qəzəbini söndürürmü?
Aleykum salam. Bəli, gecə vaxtı verilən sədəqə Uca Allahın qəzəbinin söndürməsinə vəsilə olan səbəblərdən biridir. Uca Allah buyurur: "Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlərin öz Rəbbi yanında mükafatı vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər". (əl-Bəqərə, 274).
Rəvayətə görə Əli ibn Huseyn (Allahın ona rəhməti olsun) kürəyinə çörək çuvallarını yükləyib gecənin qaranlığında kasıb və kimsəsizlərə yemək paylayar və belə deyərdi: "Gecə qaranlığında verilən sədəqə Allahın qəzəbini söndürür".
Mədinə xalqından bir qrup yoxsul insan haradan gəldiyini heç zaman bilmədikləri bu ərzaqla uzun illər öz ehtiyaclarını ödəmişlər. Əli ibn Huseyn (Allahın ona rəhmət olsun) vəfat etdikdən sonra bu yoxsul insanlar gecələr onlara gələn ərzağı bir daha əldə edə bilmədilər. Əli ibn Huseyn (Allahın ona rəhməti olsun) vəfat edərkən dul və yetimlərin evlərinə daşıdığı yükün ağırlığından çiyinlərində göy izlər vardı. Onun təxminən yüzə yaxın ailənin ehtiyacını təmin etdiyi deyilirdi. (Əbu Nuəym əl-İsbəhəni: "Hilyatul-Əvliyə", 3/136; əz-Zəhəbi: "Siyəru Ə'ləmun-Nubələ", 4/339-394).