And olsun axşam çağına! (əl-Əsr surəsi)

    24.09.2013

əl-Əsr surəsinin təfsiri Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. And olsun axşam çağına!
2. Həqiqətən, insan ziyan içərisindədir.
3. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa.

Məşhur İslam alimi imam əş-Şafi – Allah ona rəhmət etsin! - bu surə haqqında belə demişdir: “Əgər Allah bir sübut kimi insanlara yalnız bu surəni nazil etsəydi, bu, onlara kifayət edərdi.” Cəmi üç ayədən ibarət olan bu surə dinin əsaslarını özündə cəm edir. Uca Allah surənin əvvəlində belə buyurur:

And olsun axşam çağına!
Bu ayədəki “əl-əsr” (axşam çağı) sözü, həmçinin əsr və zaman mənalarını da ifadə edir. Uca Allah bu ayədə zamana and içərək zamanın insan həyatında necə mühüm rol oynadığını göstərir. Düşünün ki, əgər zaman olmasaydı, nə günəş, nə ay, nə gecə, nə gündüz olardı. Nə bir insan, nə bir canlı dünyaya gələrdi. İnsanın həyatda nail olduğu hər bir nailiyyəti zamana bağlıdır. Ona görə də bəzi insanlar işləri düz getməyəndə zamanı təqsirkar görürlər. Peyğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “Sizdən biriniz: “Nə pis zamandır!”- deməsin. Çünki, Allah belə buyurur: “Zaman Mənəm. Gecəni və gündüzü Mən göndərirəm. İstəsəm onları yox edərəm…” Habelə bu ayə zamanı yaradan, onu idarə edən Allaha və Onun təkliyinə işarə edir. Uca Allah Qurani Kərimin bəzi surələrinin əvvəlində ulduza, Tur dağına, mələklərə və başqa müxtəlif məxluqlarına and içir. Bəzi insanlar həmin ayələri dəlil gətirərək Allahdan qeyrisinə - ata-anaya, övlada, qəbirə, bərəkətə, çörəyə və s. şeylərə and içməyə icazə verirlər. Allahdan qeyrisinə and içmək isə böyük günahdır. Bu haqda Peyğəmbər demişdir: “Allahdan qeyrisinə and içən Allaha şərik qoşmuşdur.” Həmçinin, o belə demişdir: “Uca Allah sizə atalarınıza and içməyinizi qadağan edir. Kim and içirsə, Allaha and içsin, yaxud sussun!” Sonra Uca Allah buyurur:

Həqiqətən, insan ziyan içərisindədir
Həqiqətən, öz Yaradanını tanımayan, bu dünyaya nə üçün gəlib, nə üçün getdiyini bilməyən, peyğəmbərlərin gətirdikləri haqqı yalan sayan, haqqdan üz döndərib ömrünü fani dünyanın keçici zövqlərinə həsr edən, bununla da həm dünya, həm də axirət həyatını puç edən insandan daha çox ziyana uğrayan varmı? Uca Allah buyurur: “Onlar dedilər: "Dünya həyatımızdan başqa bir həyat yoxdur və biz dirildilməyəcəyik!" Onları Rəbbinin qarşısında dayandırılarkən bircə görəydin! Allah deyəcəkdir: "Məgər bu dirilmə həqiqət deyilmi?" Onlar: "Əlbəttə, Rəbbimizə and olsun ki, bu həqiqətdir!"– deyəcəklər. O buyuracaqdır: "Elə isə inkar etdiyinizə görə dadın əzabı!" Allah ilə qarşılaşmağı yalan sayanlar artıq ziyana uğramışlar. O Saat onları qəflətən haqladıqda onlar öz günah yüklərini bellərində daşıyaraq deyəcəklər: "Dünyada buraxdığımız əməllərə görə vay halımıza!" Onların daşıdıqları şey necə də pisdir! Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız?” (əl-Ənam, 29). Bütün insanların ziyan içərisində olduğunu bəyan etdikdən sonra Allah ziyana uğramayan kəsləri istisna edərək belə buyurur:

Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa
Sözsüz ki, elmə yiyələnmədən iman gətirmək məqbul sayılmaz. Odur ki, insan birinci növbədə Allahın dini ilə tanış olmalı, dinimizin hər kəsə vacib buyurduğu zəruri biliklərə yiyələnməlidir. Elmin şərəfi öyrənilən elmin şərəfindən asılıdır. Ən şərəfli elm isə Allahın dinidir. Bu elm dəlil-sübutlarla İslam dinini öyrənməkdir. Elm əldə etdikdən sonra iman gətirmək və yaxşı işlər görmək vacibdir. Namaz qılmaq, oruc tutmaq, zəkat vermək, Həcc etmək, Allahı zikr etmək, Quran oxumaq, sədəqə vermək, günahlardan uzaq durmaq, insanlara yaxşılıq etmək kimi Allahın buyurduğu xeyir əməllərin hamısı yaxşı işlər hesab olunur. Bundan sonra insanları imana dəvət etmək, insanlara yaxşı işlər görməyi buyurmaq və onları pis işlərdən çəkindirmək, sonda bu yolda üzləşdiyin çətinliklərə səbir etmək zəruridir. Bu dörd vacib xisləti həyata keçirənlər bu dünyada uğur qazanar, Axirətdə isə ən böyük səadətə qovuşarlar. Bu, Allahın öz bəndələrinə olan vədidir: "İman gətirib xeyirxah işlər görənləri ağacları altından çaylar axan Cənnətdəki otaqlarda yerləşdirəcəyik. Onlar əbədi olaraq orada qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!" (əl-Ənkəbut, 58)

Paylaş: