Allah insanın bəxtini bağlayırmı?
Salam aleykum. Sizin nə vaxtsa işlərinizin yaxşı getməsi və ya yerdən külli miqdarda pul tapmanız sonradan isə bunların heç birinin olmaması o demək deyildir ki, sizin bəxtiniz gətirmir. Ümumiyyətlə İslamda bəxtim gətirir və ya gətimir anlamı qəbulolunmazdır. Çünki bəxt, qismət, tale, qədər, alın yazısı bunların hamısı Uca Allahın əlindədir və birbaşa Onun istəyinə bağlıdır. Ruzi qazanmaq üçün Uca Allah bir çox vasitələr və halal səbəblər yaradıb ki, hər bir kəs Uca Allaha layiqincə təvəkkül edib Ondan haqqı ilə qorxmalı və bu səbəblərdən yapışmaldır: "Kim Allahdan qorxsa, Allah ona hər çətinlikdən bir çıxış yolu göstərər, və ona gözləmədiyi və təsəvvür etmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü hədd, müddət təyin etmişdir". (ət-Talaq, 2-3).
Həmçinin işlərin alınmaması və ya tərs getməsi Uca Allahın sınağa çəkməsi ilə də əlaqəli ola bilər. Uca belə buyurur: "İnsanlar elə güman edirlər ki, təkcə: "İman gətirdik!" - demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?" (əl-Ənkəbut, 2).
Ən çox ibadət etmələrinə baxmayaraq ən çox sınağa çəkilən insanlar da peyğəmbərlər (Allahın onlara salamı olsun) olublar: "Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: "Allahın köməyi nə vaxt (gələcək)?" - dedilər. Həqiqətən, Allahın köməyi yaxındır". (əl-Bəqərə 214).
Uca Allah heç bir bəndəsinin bəxtini bağlamır. Hər bir kəs bəlaların səbəbini yalnız özündə axtarmalıdır: "Sizə üz verən hər bir müsibət və çətinlik öz əllərinizlə qazandığınız günahların və etdiyiniz əməllərin ucbatındandır! Bütün bunlara baxmayaraq Allah günahlarınızın çoxunu əfv edər". (əş-Şura, 30).
Bəlalar nəticəsində möminin günahları bağışlanır və ya axirətdə dərəcəsi yüksəlir. Uca Allah həmçinin buyurur: "Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Asanlıq yalnız çətinliklə hasil olar! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!" (əş-Şərh, 5-6). Həmçinin oxuyun:
Halal ruzi qazanma yolları haqqında
Ruzinin artması üçün nə etməliyik?