Halal ruzi qazanma yolları haqqında
Aleykum salam. Əvvəlcə Allahdan layiqincə qorxmaq və onun əmrlərini yetirmək və qadağalarından çəkinmək lazımdır: "...Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər...". (ət Talaq, 2-3).
Daha sonra səbr etmək və dua etmək lazımdır: "Ey iman gətirənlər! Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin. Həqiqətən, Allah səbr edənlərlədir!" (əl-Bəqərə, 153).
Həmçinin yalnız Uca Allaha təvəkkül etmək lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Əgər siz Allaha layiqincə təvəkkül etsəniz, O, quşa ruzi verdiyi kimi, sizə də ruzi verər. Belə ki, quş səhər-səhər yuvasından qarnı ac uçub gedir, axşam isə ora tox qayıdır".
Bundan sonra Uca Allahın haram buyurmadığı işlərdən sizə uyğun olanı seçib, bərəkətini Uca Allahdan istəməklə çalışa bilərsiniz.
Haramlardan çəkinmək üçün namaz qılmaq, dini elminizi artırmaq, mömin insanlarla oturub-durmaq, məscidlərə getmək və Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) digər nəsihətlərini yerinə yetirmək lazımdır. Namaz qılanın içki və musiqi məclisində oturması düzgün deyil, bacardıqca çəkinmək lazımdır.