Qonşumuz pisdir, ona nə qədər bəddua etsək də, heç nə olmur
Aleykum salam. Sizin üzərinizə düşən səbir və gözəl əxlaqdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kimə mülayimlikdən bir pay verilmişsə, ona xeyirdən bir pay verilmişdir. Kim də mülayimlikdən olan payından məhrum olmuşsa, xeyirdən olan payından məhrum olmuşdur. Qiyamət günü möminin tərəzisində ən ağır gələn şey gözəl əxlaq olacaq. Həqiqətən, Allah kobud, təhqiramiz sözlər danışan adama nifrət edir". (əl-Buxari).
Əbu Şureyh əl-Xuzai (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Kim Allaha və Axirət gününə inanırsa, qoy qonşusuna yaxşılıq etsin. Kim Allaha və Axirət gününə inanırsa, qoy qonağına ehtiram göstərsin. Kim Allaha və Axirət gününə inanırsa, qoy xeyir söyləsin ya da sussun".
İbn Ömər (Allah onlardan razı olsun) deyir ki, vaxt var idi heç kəs özünün dinar və dirhəminə müsəlman qardaşından daha haqlı olduğunu düşünmürdü. Amma indi kimlərəsə dinar və dirhəm müsəlman qardaşından daha əzizdir. Mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: "Neçə-neçə qonşu var ki, Qiyamət günü öz qonşusundan asılı olacaq. O deyəcəkdir: "Ey Rəbbim! Bu, öz qapısını mənim üzümə bağlamış, yaxşılıq etməkdən boyun qaçırmışdır".
Həmçinin müsəlman çox bəddua və lənət edən olmamalıdır. Daha ətraflı: İslam dini lənəti bəyənirmi?
Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dövründə çox içki içən bir nəfər var idi. Onu hər dəfə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) hüzuruna gətirdikdə çubuqlayardı. Növbəti dəfə cəzalandırmağa gətirildikdə bir kişi: Allah buna lənət etsin. Onu nə çox Peyğəmbərin (salləllahu aleyhi və səlləm) hüzuruna gətirirlər – dedi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: Onu lənətləmə! Axı o, Allahı və Rəsulunu sevir. (əl-Buxari, 6780).
Sizin həmin adamın düzəlməsi üçün Uca Allaha dua etməniz daha yaxşıdır. Bədduanın qəbul olunub-olunmaması isə Uca Allahın istəyinə bağlıdır. Uca Allah buyurur: "Bu işin sənə aidiyyəti yoxdur. Allah ya onların tövbəsini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar zalımdırlar". (Ali İmran, 128).