İslamda bədii kitab satışı icazəlidirmi?
Sual:
Salam aleykum. Bədii kitab satışı etmək icazəlidir? Çünkü, bütün kitabların içərisində yazılanları tam dəqiqliklə bilmək olmur. Olur ki, qadın kişi münasibətlərini açıq şəkildə yazırlar yaxud, xristianlığı təbliğ edib İslama zidd cümlələr yazırlar. Satış edərkən günah işləməkdən qorxuram.
Cavab:
Və aleykum Salam. Əsli etibarilə bədii kitab satışı icazəlidir, çünki alış-veriş halal əməldir. Lakin haramı açıq şəkildə yaymağa vasitə olan şeyin satışı icazəli deyil. Əgər kitabda əxlaqsızlıq, zina və açıq cinsi təsvirlər, küfrün və ya batil dinlərin təbliği, İslama açıq zidd fikirlər olduğunu bilirsiniznsə, onu satmaq qadağandır. Uca Allah buyurur: "...Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Maidə, 2). Odur ki açıq haram və küfr yaymayan bədii kitabların satışı icazəlidir, haramı bildiyiniz halda satmaq isə icazəli deyil.