Cənnəti zəmanət altına alan altı əməl

    09.04.2026

Hər kəsə məlumdur ki, zəmanət insanların həyatında böyük əhəmiyyətə malikdir və ticarət münasibətlərində xüsusi yer tutur. Zəmanət verilmiş mallar insanlar arasında, həmişə digər mallardan daha etibarlı sayılır və zəmanətsiz mallarla müqayisədə daha yüksək qiymətləndiri­lir. Bu, insanların təminatlı şeylərə olan marağının və diqqətinin nə qədər böyük olduğunu göstərir. Əgər zəmanət verən şəxs dürüst və etibarlı, sadiq və vicdanlıdırsa, insanların bu zəmanətə etibarı daha da artır.
Düşünün, əgər zəmanət verən şəxs həmişə doğru danışan, yalnız Allahın vəhyinə əsaslanan Peyğəmbər ﷺ olarsa, zəmanət verilən isə genişliyi göylər və yer qədər olan, içində heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir qəlbin təsəvvür edə bilmədiyi nemətlər olan bir məkan – Cənnətdirsə, üstəlik, buna nail olmaq üçün lazım olan işlər asandırsa, çətin deyilsə, o zaman insanın bu zəmanətə bağlılığı və verdiyi dəyər necə də böyük olar!
Peyğəmbər ﷺ bir hədisdə belə buyurur: “Özünüz barədə altı şeyi mənə zəmanət verin, mən də sizə Cənnəti zəmanət verim: danışanda doğru danışın, vəd verəndə yerinə yetirin, əmanətə sadiq olun, övrət yerinizi zinadan qoruyun, gözlərinizi haramdan çəkin və əllərinizi zərər verməkdən saxlayın!” (əl-Hakim, 8066: Silsilə əs-Səhihə, 1470). Uca Allahın müvəffəq etdiyi şəxs üçün bu altı əməl nə qədər sadədir və nə qədər asanlıqla yerinə yetirilə bilər! Kim bunlara həyatı boyu əməl edər və ömrünün sonuna qədər onlara sadiq qalarsa, Cənnət ona zəmanətlidir və oraya gedəcək yolu təmin olunmuşdur.
Bu əməllərdən birincisi doğru danışmaqdır. Müsəlman həmişə sözündə sadiqdir, yalan ona yol tapmaz. O, həyatının hər anında dürüstlüyü qoruyar və nəhayət bu sadiqlik onu Cənnətə aparar. Peyğəmbər ﷺ  bu xüsusda belə buyurur: “Sizə doğru danışmağı tövsiyə edirəm, çünki doğruluq insanı yaxşı işlərə, yaxşı işlər isə Cənnətə aparır. İnsan o qədər doğru danışar, düzgünlüyü axtarar ki, nəhayət, Allah yanında sadiqlərdən sayılar. Əksinə, sizi yalandan çəkindiri­rəm, çünki yalan insanı pis işlərə, pis işlər isə Cəhənnəmə aparır. İnsan o qədər yalan danışar, yalan axtarar ki, nəhayət Allah yanında yalançı sayılar” (Muslim, 2607).
Cənnətə zəmanət qazandıran ikinci əməl isə vədə sadiq qalmaq və əhdə vəfa göstərməkdir. Bu, möminlərin ən bariz sifətlərindən, müttəqilərin ən aydın nişanələrindəndir. Onlar verdikləri vədləri pozmaz, əhdlərinə xilaf çıxmazlar. Vəfalı olmaq, müsəlman cəmiyyətinin təməl sütunlarından biridir; çünki bütün münasibətlər, alış-verişlər, ictimai əlaqələr və verilən sözlər məhz vəfa üzərində qurulur. Əgər vəfa aradan qalxarsa, etibar yox olar, münasibətlər korlanar və insanlar arasında soyuqluq, uzaqlaşma hökm sürər.
Üçüncü əməl isə əmanəti qorumaqdır. Bu, Allahın təriflədiyi, sahiblərini ucaltdığı ən böyük əxlaqi sifətlərdən biridir və insanın imanının kamilliyini, İslamının gözəlliyini göstərir. Əmanət sayəsində din qorunur, namuslar mühafizə olunur, mallar, canlar, elm və bir çox digər dəyərlər təhlükəsiz qalır. Uca Allah möminləri vəsf edərək belə buyurur: “O kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar”. (əl-Muminun, 9). Yəni onlara bir şey əmanət edildikdə bu əmanətə xəyanət etməz, əksinə, əmanətləri sahiblərinə qaytararlar. Həmçinin bir əhd-peyman bağladıq­da və ya bir söz verdikdə ona sadiq qalar, yerinə yetirərlər. Allah Elçisi ﷺ belə buyurmuşdur: “Münafiqin üç əlaməti var; danışdığı zaman yalan danışar, söz verdikdə vədinə xilaf çıxar, əmanət tapşırıldıqda ona xəyanət edər” (əl-Buxari, 33; Muslim, 89). Münafiqlərə xas olan bu əlamətlər möminlərdə yoxdur.
Peyğəmbər ﷺ buyurur: “Mömin o kəsdir ki, insanlar mallarını və canlarını ona əmanət etməkdə özlərini güvəndə hiss edərlər”. (Əhməd, 24004).
Dördüncü əməl isə iffəti qorumaqdır, yəni insanın özünü haramdan uzaq tutması, batilə düşməkdən çəkinməsidir. Uca Allah möminləri vəsf edərək belə buyurur: “O möminlər ki, onlar övrət yerlərini qoruyurlar, zövcələri və sahib olduqları cariyələr müstəsnadır. Onlar (buna görə) qınanmazlar. Bundan artığına can atanlar isə həddi aşanlardır”. (əl-Muminun, 5-8).
Beşinci əməl isə gözü haramdan çəkməkdir. Uca Allah bu xüsusda belə buyurur: “Mömin kişilərə de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və ayıb yerlərini (zinadan) qorusunlar. "Bu onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Qoy onlar – görünən yerlər (əl və üz) istisna olmaqla, zinətlərini (naməhrəmə) göstər­mə­sinlər”. (ən-Nur, 30-31). Gözü haramdan qorumağın faydaları olduqca böyükdür. Bu, insanın qəlbinə imanın şirinliyini bəxş edir, daxilinə nur saçır, qəlbini gücləndirir və nəfsini saflaşdıraraq islah edir. Eyni zamanda, bu xüsusiyyət insanı harama meyil etməkdən və batilə yönəlməkdən qoruyan möhkəm bir sipərdir.
Altıncı əməl isə əlləri zərər verməkdən saxlamaqdır, yəni insanlara əziyyət etməmək, onlara qarşı haqsızlıq və pislik etməməkdir. İnsanlara zərər verən kəs həm Allahın qəzəbinə, həm də insanların nifrətinə səbəb olar və cəmiyyət tərəfindən pis qarşılanar; bu isə onun əxlaqının zəifliyinə və ədəbinin aşağı olmasına dəlalət edir.
Əksinə, insan öz zərərini başqalarından uzaq tutarsa, bu onun gözəl əxlaqını, yüksək ədəbini və təmiz münasibətini göstərər. Belə bir insan Allahın böyük vədlərinə nail olar. Əgər təkcə zərər verməməklə kifayətlənməyib, insanlara əziyyət verən şeyləri də yoldan götürərsə, bu, onun fəzilətinin zirvəsidir. Peyğəmbər ﷺ  buyurur: “Bir kişi yolun ortasında olan bir ağac budağını görüb: “And olsun Allaha, bunu müsəlmanlara əziyyət verməsin deyə götürəcəyəm”– dedi və onu götürdü. Bu səbəblə o, Cənnətə daxil edildi”. (əl-Buxari, 2472; Muslim, 1914).
Beləliklə, möhtərəm müsəlmanlar! Cənnətin qapıları açıqdır, yolu aydındır, ona aparan yol isə asanlaşdırılmışdır. Gəlin fürsət əldən çıxmadan bundan istifadə edək, ölüm bizi haqlamadan əvvəl özümüz üçün daha çox xeyir toplayaq.
Uca Allah hamımıza bu əməlləri yerinə yetirməyi nəsib etsin və bizi hər bir xeyrə müvəffəq etsin. Allahın salavatı və salamı Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və bütün səhabələrinə olsun!

Paylaş: