Müaviyə nə üçün Yezidi hakimiyyətə gətirdi, Yezid nə üçün Hüseynin qatilini cəzalabdırmadı?

    26.05.2026
Sual: 
Salam alekum yezid hakimiyyətə neçə keçdi atası özü keçirtdi hakimiyyətə bidə hüseyni öldürən adamı yezid niyə cəzalandırmadı ağır cəza tətbiq etmədi?
Cavab: 

Və aleykum Salam. Tarixi mənbələrdə qeyd olunur ki, Muaviyə ibn Əbu Süfyan ömrünün sonlarında insanlardan oğlu Yezid ibn Muaviyə üçün beyət aldı və beləliklə, Yezid hakimiyyətə keçdi. Müaviyə ibn Əbu Süfyan insanların içindəki ixtilafı, qarışıqlığı və fitnəni gördükdə qorxdu ki, onun vəfatından sonra vəziyyət daha da ağırlaşsın və müsəlmanlar arasında parçalanma artsın. Buna görə də o, məsləhətin özündən sonra oğlu Yezid ibn Muaviyə üçün beyət alınmasında olduğunu düşündü. Bu məsələ ilə bağlı böyük səhabələr, qəbilə başçıları və bölgə valiləri ilə məsləhətləşdi və onların bir çoxundan razılıq aldı. Müxtəlif bölgələrdən nümayəndələr gəlib Yezidə beyəti qəbul etdilər və bir çox səhabə ona beyət etdi. Hafiz Abdul-Ğani əl-Məqdisi demişdir: "Yezidin xilafəti səhih (şəriətə uyğun) idi. Ona Allah Elçisinin ﷺ altmış səhabəsi beyət etmişdi, onların arasında İbn Ömər də var idi". əl-Buxarinin "Səhih" əsərində sabit olmuşdur ki, Abdullah ibn Ömər (Allah ondan razı olsun) Yezid ibn Müaviyəyə beyət etmişdi. Nafi rəvayət edir ki, Mədinə əhli Yezid ibn Muaviyəyə qarşı çıxanda İbn Ömər ailəsini və yaxınlarını topladı və dedi: "Mən Peyğəmbərin ﷺ belə buyurduğunu eşitmişəm: "Qiyamət günü hər xain üçün bir bayraq ucaldılacaq". Biz bu adama (Yezidə) Allah və Rəsulunun beyəti üzərinə beyət etmişik. Mənə görə bundan böyük xəyanət yoxdur ki, bir insana Allah və Rəsulunun adına beyət edilsin, sonra isə ona qarşı döyüş qaldırılsın. Sizdən kimin onu beyətdən çıxardığını və ya bu işdə başqasına beyət etdiyini bilsəm, bu mənimlə onun arasında ayrılıq olacaq" (əl-Buxari, 7111).

Görünür, Müaviyə ibn Əbu Süfyanın Yezid üçün beyət almasına səbəb olan əsas amillərdən biri müsəlmanlar arasında ixtilafın qarşısını almaq və ümmətin söz birliyini qorumaq idi. Çünki o dövrdə xilafətə iddialı şəxslər çoxalmış və ümmət həssas bir mərhələyə daxil olmuşdu. Buna görə Müaviyə düşündü ki, Yezid ibn Müaviyənin hakimiyyətə gətirilməsi müsəlmanların mənafeyi üçün daha uyğun olar və fitnənin qarşısını alar. Xüsusilə də o dövrün nüfuzlu şəxslərinin və rəhbərlərin razılığı ilə bu işin sabit qalacağını ümid etmişdi. Bu, onun ictihadı idi; alimlər bu barədə fərqli qiymətləndirmələr etsələr də, məqsədinin ümmətin birliyini qorumaq olduğu qeyd olunur. 

Tarix kitablarında Yezidin Hüseyni öldürən kəsləri dərhal cəzalandırması barədə məlumat yoxdur. Yəqin ki buna siyasi səbəbləri var idi. Necə ki, Əli Osmanın (Allah onlardan razı olsun) qatillərini dərhal cəzalandırmağı məsləhət görmədi. Lakin rəvayət olunmuşdur ki, Yezid ibn Muaviyə sonradan Hüseyn ibn Əlinin (Allah ondan razı olsun) öldürülməsinə peşman olmuş və belə deyərmiş: "Gərək əziyyətə səbir edər, onu evimdə yerləşdirər və istədiyi məsələdə onu hökm sahibi edərdim; hətta bu səbəblə hakimiyyətimdə zəiflik və sarsıntı olsaydı belə. Bunu Allah Elçisinin ﷺ haqqını qorumaq və onun qohumluğuna hörmət etmək üçün edərdim". Sonra deyərdi: "Allah İbn Mərcanəyə (yəni Hüseyni öldürən Ubeydullah ibn Ziyada) lənət etsin! Çünki o, Hüseyni ona qarşı çıxmağa məcbur etdi və çətinliyə saldı. Halbuki Hüseyn ondan istəmişdi ki, ya yolunu açıb buraxsın, ya mənim yanıma gəlsin, ya da ta Allah onun canını alana qədər müsəlman sərhədlərindən (döyüş gedən ərazilərdən) birində qalsın. Lakin o bunu qəbul etmədi, israr etdi və onu öldürdü. Onun öldürülməsi ilə məni müsəlmanlara nifrət etdirdi, insanların qəlbində mənə qarşı düşmənçilik toxumu səpdi. Beləcə həm yaxşı, həm də pis insanlar mənə nifrət etdilər; çünki insanlar Hüseynin öldürülməsini çox böyük hadisə hesab etdilər. Mənim İbn Mərcanə ilə nə əlaqəm var?! Allah ona lənət etsin və ona qəzəb etsin!" (əl-Bidəyə vən-Nihəyə (11/651), Siyəru Ələmin-Nubələ (4/370). Həmçinin oxuyun:

Hüseyn və Yezid haqqında suallar

Teqlər: 
Paylaş: