"əl-Kövsər" surəsinin izahı

    14.09.2016

Ənəs ibn Məlik demişdir: “Bir gün Allah Elçisi - salləllahu aleyhi və səlləm - yanımızda olarkən yuxuya getdi. Sonra gulumsəyərək başını qaldırdı. Biz dedik: “Səni guldurən nədir, ey Allahın Elçisi?” O: “İndicə mənə bir surə nazil oldu”- deyərək bu ayələri oxudu:

“Mərhəmətli, Rəhmli Allahın adı ilə!
Həqiqətən, Biz Kovsəri sənə bağışladıq. Sən də Rəbbin üçün namaz qıl və qurban kəs! Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur”. Sonra o buyurdu: “Kovsərin nə olduğunu bilirsiniz?” Biz dedik: ”Allah və Onun Elçisi daha yaxşı bilir!” O dedi: “O, Rəbbimin mənə vəd etdiyi, icində çoxlu xeyir olan və Qiyamət günü ummətimin yanına toplanacağı hovuzdur. Ətrafına düzülən qədəhlər ulduzların sayı qədərdir. Ümmətimdən bəzi insanlar ondan kənarlaşdırılacaqdır. Mən də: “Ey Rəbbim! Onlar mənim ummətimdəndirlər”- deyəcəyəm. Allah buyuracaq: “Sən onların özündən sonra nə yeniliklər etdiyini bilmirsən!” Kövsər - Cənnətin bal, süd, şərab və başqa çayları arasında ən yaxşısı və ən böyüyüdür. Allahın:

Həqiqətən, Biz Kovsəri sənə bəxş etdik
– deyə buyurması Muhəmməd peyğəmbərin Allahdan bitib-tükənməyən ən kamil nemətlər aldığını göstərir. Onun ümmətindən hər kim bu bol nemətlərə nail olarsa, bu, onun Peyğəmbərin yolunu tutub getməsinə və ona tabe olmasına görə olar. Bu ayədəki “bəxş etmək” feli keçmiş zamanda işlənir və bu, işin artıq baş verdiyini göstərir. Bununla Allah bu böyük nemətin artıq əzəldən təqdir edildiyini təsdiq edir. Sonra Allah öz peyğəmbərinə iki ən böyük ibadəti birlikdə yerinə yetirməyi əmr edərək buyurur:

Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!
Namaz qılmaq və qurban kəsmək insanı Allaha yaxınlaşdırır, eləcə də təvazökarlığı, itaətkarlığı, xeyirxahlığı tərbiyə edir və yəqinliyi, ümidi gücləndirir. Həmçinin, ayədəki “Rəbbin üçün” buyruğu bu iki ən böyük ibadəti və digər ibadətləri yalnız Uca Allahın rizası üçün icra etməyin vacib olduğunu göstərir. Rəbb sözü Yaradan, Sahib olan və İdarə edən deməkdir. Allah bütün aləmlərin Rəbbidir. Rəbbimiz bizə yalnız Ona ibadət etməyi, yalnız Onun qarşısında boyun əyməyi əmr edir. Allah buyurur: “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım” (əz-Zəriyət, 56). Yəni, ibadətdə Məni təkləşdirmək üçün yaratdım. İbadətdə Allahı təkləşdirməyə, Tək Allaha ibadət etməyə tövhid deyilir. İslam tövhid dinidir. İslam bütün peyğəmbərlərin dinidir. Ərəb dilində İslam sözü təslim olmaq, boyun əymək, tabe olmaq mənalarını ifadə edir. İslam Allaha tövhid ilə boyun əymək, Allaha şərik qoşmaqdan və şərik qoşanlardan uzaq olmaqdır. Dua, qorxu, ümid, təvəkkül, sığınmaq, qurban kəsmək, nəzir demək kimi ibadətin bütün növləri yalnız Allaha həsr edilməlidir. İnsanlara göndərilən elçilərin hamısı öz xalqlarına Tək Allaha ibadət etməyi əmr etmişlər. Allah buyurur: “Biz hər ümmətə: "Allaha ibadət edin və Allaha şərik qoşmaqdan uzaq olun"– deyə, elçi göndərdik” (ən-Nəhl, 36). Beləliklə, Allahın ən əzəmətli buyruğu tövhid, ən böyük qadağası isə şirkdir. Uca Allah surənin sonunu:

Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur
- sözləri ilə bitirir. Quranı təfsir edən alimlərin əksəriyyəti bu ayənin əl-As ibn Vail əs-Səhmi haqqında nazil edildiyini söyləyirlər. Bu adam Allahın elçisi haqqında söz gəzdirərək Muhəmmədin sonsuz olduğunu, onun adını daşıyacaq və onun işini davam edəcək bir kəsin olmayacağını, o öldükdən sonra adının yox olacağını, ondan canlarını qurtaracaqlarını deyirdi. Bu hadisə Peyğəmbərin Xədicədən olan Abdullah adlı oğlunun vəfat etdiyi günlərə təsadüf edirdi. Bu ayə Quranın möcüzələrindən hesab edilir və onun ilahi mənbəyini sübut edir: Uca Allahın izni ilə Peyğəmbərə ədavət bəsləyən adamın nəsli və onun adının xoş xatirəsi silindi, əksinə, Peyğəmbərin adının xoş xatirəsi isə yüksəklərə ucaldı. Onun adı hər bir azanın sədasından gəlir və hər bir namazın içində deyilir. Dünyada yaşayan bütün müsəlmanlar onun adı çəkiləndə ona salavat göndərirlər. İndi dünyada onun çoxlu sayda ardıcılları vardır, onun gətirdiyi dini isə yer kürəsinin əksəriyyəti təmsil edir. Vaxt gələcək bütün insanlar onun dininə iman gətirəcək, çünki, bu – haqq dindir.

Paylaş: