Həşr surəsi haqqında yaza bilərsinizmi?
Aleykum salam.
Həşr surəsinin azərbayca mənaca tərcüməsi
Həşr surəsinin ilk ayələrinin təfsiri
Buxari "səhih" əsərində (10-cu cild, səh. 253) belə demişdir: "Səid ibn Cubeyr deyir ki, mən ibn Abbasdan "Tövbə"surəsi barəsində soruşduqda o (təəccüblə) dedi: "Tövbə" surəsi? O ki, "əl-Fadihə"dir. (Yəni, ifşa edən). Bu surədə o qədər "Va minhum….. Va minhum….." (Və onlardan… Və onlardan… yəni, münafiqlərdən... ət-Tövbə, 58, 61 və 75-ci ayələrə bax) ifadəsi nazil oldu ki, münafiqlər bu ayələrdə onların hər birinə aid pis əməllərinin ifşa olunacağına dair işarə olacağını zənn etdilər. Mən ondan "əl-Ənfal" surəsi barəsində soruşduqda o bu surənin Bədr döyüşündə nazil olduğunu mənə xəbər verdi. Mən ondan "əl-Həşr" surəsi barəsində soruşduqda o bu surənin Bənu Nədir qəbiləsinə aid nazil olduğunu mənə xəbər verdi".
əl-Hakim "Mustədrək" əsərində (2-ci cild, səh. 483) belə rəvayət edir: "Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Bədr döyüşündən altı ay sonra Mədinə şəhərinin ətrafında yaşayan və xurma bağları olan yəhudi Bənu Nədir qəbiləsi ilə döyuş başladı. Peyğəmbər (salləllahu aleyhi və səlləm) və onun tərəfdarları onları mühasirəyə aldıqda artıq onlar silahı yerə qoyub, var-dövlətlərini dəvələrə yükləyib Mədinəni tərk edəcəklərini bildirdilər. Uca Allah da bu ayələri nazil etdi: "Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir..."ayəsindən "Siz onların çıxacaqlarını güman etmirdiniz...". (əl-Həşr, 1-2) ayəsinə qədər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) onları yurdlarından çıxardıb Şama göndərdi. Onlar bundan əvvəl öz yurdlarını tərk etməyən bir ümmət idi. Artıq Allah onların başına gələcək bu müsibəti əzəldən kitaba (lövhül-məhfuza) yazmışdı. Onlar bu dünyada belə bir bəlaya düçar olmasaydılar Allah onları öldürməklə və ya əsir alınmaqla əzab verərdi. Bu ayəyə gəlincə: "…ilk dəfə toplayıb..." bu onların dünyada ikən həşr olunub (toplanıb) Şama sürgün olunmalarıdır".
Yenə, əl-Buxari "səhih" əsərində (8-ci cild, səh. 335) demişdir: "Abdullah ibn Ömər (Allah onların ikisindən də razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Buveyrə adlı yerdə, Bənu Nədir qəbiləsinə məxsus olan xurma ağaclarını kəsdi və yandırdı. Uca Allah da bu ayəni nazil etdi: "Xurma ağaclarını kəsməyiniz yaxud onları kökü üstündə salamat qoymağınız Allahın iznilədir...". (əl-Həşr, 5).
ət-Tirmizi "sünən" əsərində (4-cü cild, səh. 195) nəql edir ki, Abdullah ibn Abbas (radıyəllahu anhumə) bu ayəni izah edərkən belə demişdir: "Müsəlmanlar Bənu Nədir qəbiləsini qalalarından çıxartdıqdan sonra xurma ağaclarını kəsməyi onlara əmr etdi və bu onlara çox pis təsir etdi. Bu vaxt müsəlmanlar öz aralarında belə dedilər: "Biz xurma ağaclarının bəzilərini kəsmişik, bəzilərini isə kökü üstündə salamat qoymuşuq! Elə isə kəsdiyimiz ağaclara görə savab və kəsmədiklərimizə görə günah qazanıb qazanmamağımız barəsində Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşaq!" Uca Allah da bu ayəni nazil etdi: "Xurma ağaclarını kəsməyiniz yaxud onları kökü üstündə salamat qoymağınız Allahın iznilədir...".
əl-Buxari "səhih" əsərində (8-ci cild, səh. 120) demişdir: "Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, bir kişi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəldi. O, səhabələrdən birini (yemək-içmək gətirmək üçün) zövcələrinin yanına göndərdi. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zövcələri (Allah onlardan razı olsun) evdə sudan başqa heç nə olmadığını ona xəbər verdilər. O, səhabələrinə müraciət edib dedi: "Kim bu kişiyə qayğı göstərər və ya onu evində qonaq saxlayar?" Ənsarlardan biri: "Mən (onu evimdə qonaq saxlayaram)" deyib onu evinə apardı və zövcəsinə Rəsulullahın (salləllahu aleyhi və səlləm) qonağına yaxşı baxmağı, layiqincə hörmət etməyi buyurdu. Zövcəsi ona: "Uşaqların yeməyindən başqa yemək yoxdur!" - deyə cavab verdikdə o dedi: "Yeməyi hazırla, çırağı yandır, uşaqlar yemək istəsələr onları yatızdır!" Zövzəsi ona itaət edib dediklərini yerinə yetirdi. Sonra ayağa qalxıb özünü guya çırağı düzəldirmiş kimi göstərdi və bilərəkdən onu söndürdü. Sonra hər ikisi (əllərini qaba uzadaraq) özlərini guya yemək yeyirlərmiş kimi qonağa göstərdilər və o gecə onlar ac yatdılar. Ertəsi gün onlar Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına getdilər. O: "Allah sizin dünənki əməlinizə güldü və ya ondan təəccübləndi!" (Burada qeyd olunmuş gülmək və təəccüblənmək yaradılmışların təsəvvür edə bilməyəcəyi, keyfiyyəti heç kəsə bəlli olmayan, müqayisə olunmayan və ən nəhayət yalnız Allaha layiq olan feli sifətlərdir) - dedi və bu ayə nazil oldu: "Mühacirlərdən Mədinədə əvvəl orada yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır". (əl-Həşr, 9).