Namazdan əvvəl azan və iqamə vermək vacibdirmi?
Və aleykum Salam. Azan və iqamə oxumaq camaat üçün istənilən halda (səfərdə, evdə, namazın qəzasını qıldıqda) bir nəfərin etməsi kifayətdir. Tək namaz qılan şəxs üçün isə vacib olmasa da, müstəhəb, yəni bəyənilən əməldir. Qadınlar üçün isə nə azan nə də iqamə vermək vacib deyildir. Lakin səslərini çox uca qaldırmadan bunu etmələri müstəhəbdir (bəyəniləndir). Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kişi çöllükdə olarkən namazın vaxtı girərsə, dəstəmaz alsın, su tapmadıqda isə təyəmmüm etsin. Namaza iqamə verəndə, onun iki mələyi də onunla namaz qılar. Əgər azan oxuyub iqamə verərsə, arxasında ucu-bucağı görünməyən Allah orduları namaz qılar". (Abdur-Razzaq "əl-Musannəf" əsəri, 1955).
"Namaza azan verildikdə səma qapıları açılır və dua qəbul olunur". (Əbu Ya'lə, 4072).
"Müəzzinin (azan verənin) səsini eşidən elə bir cin, insan, ağac və daş yoxdur ki, (Qiyamət günü) ona şahidlik etməsin". (İbn Məcəh, 723, 772).
Azan və iqaməsiz namaz qılan camaatın namazı səhih hesab olunur, lakin vacibi tərk etdiyinə görə tövbə etməsi lazım gəlir. Unutqanlıqdandan və ya bilməyərəkdən bunu edənlər isə müstəsnadır. Qeyd edək ki, azan və iqamə yalnız Cümə və fərz namazları üçün verilir.