Tövbə etmişəm, Allah Təala məni bağışlayacaqmı?
Aleykum salam. Bilməyərək günah etmək bağışlanır. Həmçinin, günaha peşman olmaq tövbə sayılır və günahdan peşman olanları Uca Allah bağışlayır. Tövbə etdikdən sonra insanın günahı xatırladıqda ondan sarsılması tövbənin qəbul olunmasının əlaməti hesab olunur. Odur ki, Uca Allahdan ümid üzməyin, yaxşı işlər görün və pis işlərdən çəkinin. Belə etsəniz, inşallah Uca Allah günah işlərinizi xeyir işlərlə, narahatlığınızı dincliklə, uğursuzluqlarınızı uğurla əvəz edəcək. Bu haqda Uca Allah buyurur: "Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir! Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar". (əl-Furqan, 68-71).
"Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların (iman) nuru (qıl körpüsü üstündə onlara yol göstərmək üçün) önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: "Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!" (ət-Təhrim, 8).
Həmçinin, Əbu Tavil Şətab əl-Məmdud (Allah ondan razı olsun) rəvayət edir ki, o, Allahın Elçisinin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Sən heç bir günah buraxmadan bütün günahları edən kişi görmüsənmi? O, nəfsinin istədiyi elə bir günah yoxdur ki, onu etməsin. Ona tövbə varmı?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Sən İslamı qəbul etmisən?" O dedi: "Mənə gəlincə, mən şahidlik edirəm ki, Allahdan başqa haqq ilah yoxdur, O təkdir, şəriki yoxdur və sən Allahın elçisisən!" Allahın elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Bəli, xeyir əməllər et və pis əməlləri tərk et! (Belə etsən,) Allah pis əməllərinin hamısını sənin üçün xeyir əməllərə çevirər". O dedi: "Fırıldaq və günah əməllərimi də?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Bəli". O da: "Allahu Əkbər!" - deyə-deyə gözdən itdi".