Əbu Musa əl-Əşari kimdir?

    15.07.2014

Əbu Musa Abdullah ibn Qeys ibn Suleym əl-Əşari ət-Təmimi Peyğəmbərin səhabəsidir. O, İslam dinini Məkkədə qəbul etmişdir, sonra Həbəşistana hicrət etmiş və nəhayət, Xeybərin fəthindən üç gün sonra Peyğəmbərin yanına gəlmişdir. Peyğəmbər - sallallahu aleyhi və səlləm - onu Muaz ibn Cəbəl ilə birgə insanları İslama dəvət etmək üçün Yəmənə göndərmişdir. Ömərin xilafəti dövründə Bəsrənin, Osmanın dövründə isə Kufənin valisi olmuşdur. Əbu Musa hicrətin 42-ci ilində vəfat etmişdir. Əbu Musanın fəzilətinə dair neçə-neçə hədislər rəvayət edilmişdir. Ənəs ibn Malik rəvayət edir ki, bir dəfə Peyğəmbər bizə: “Tezliklə sizin yanınıza elə adamlar gələcək ki, onlar İslam üçün (can yandıran) sizdən daha incə qəlbli insanlardır.” Nəhayət, əşarilər bizim yanımıza gəldilər. Əbu Musa əl-Əşari də onların arasında idi. Onlar Mədinəyə yaxınlaşdıqları zaman bu sözləri deməyə başladılar: “Sabah biz çox sevdiyimiz insanlara: Muhəmmədə və onun səhabələrinə qovuşacağıq....” (Musnəd İmam Əhməd, 3/223). 
Digər bir hədisdə Peyğəmbər ona belə demişdir: “Ey Əbu Musa, sənə Davudun məlahətli səsi kimi məlahətli bir səs bəxş edilmişdir!” (Səhih əl-Buxari, 5048).
Başqa bir hədisdə rəvayət edilir ki, Əbu Musa demişdir: “Peyğəmbər Huneyn döyüşünü başa çatdırdıqdan sonra Əbu Amirin başçılığı altında Əvtasa qoşun göndərdi. Əbu Amir orada Dureyd ibn Simmə ilə qarşı-qarşıya gəldi. Bu döyüş­də Dureyd öldürüldü və Allah onun tərəfdarlarını məğlub etdi. Pey­ğəmbər məni də Əbu Amirlə birgə göndərmişdi. Döyüşdə Cuşəmi deyi­lən birisi ox­la Əbu Amiri dizindən yaraladı və ox onun dizində ilişib qaldı. Mən onun yanına gəlib dedim: “Əmi, kim vurdu səni?”
O mənə həmin ada­mı göstərib dedi: “Budur məni vuran qatil.” Mən onun üstünə cumub ona çatdım. O mə­­ni görəndə dönüb qaçmağa başladı. Mən də onun dalınca qaçdım və ona de­­dim: “Utanmırsanmı? Cürətin çatmır dayanasan?” Bunu eşidəndə o da­yan­dı, biz qılıncla biri-birimizə zərbə endirdik və mən onu öl­dürdüm.
Son­ra gəlib Əbu Amirə dedim: “Allah sənin düşmənini öldür­dü.”
O dedi: “Bu oxu dart çıxsın.” Mən oxu dartıb çıxartdıqda yaradan qanlı çirk axdı.
O de­di: “Qardaş oğlu, mənim salamımı Peyğəmbərə çatdı­rarsan və deyərsən ki, mənim üçün ba­ğışlanma diləsin.” Sonra Əbu Amir məni camaata başçı tə­yin etdi və az müd­dət keçdikdən sonra vəfat etdi. Mən geri qayıtdıq­da gə­lib Pey­ğəm­bərin evinə daxil oldum. Peyğəmbər üstü xur­ma liflərindən toxunmuş və üstünə nazik örtük sərilmiş bir çarpayıda uzanmışdı. İplər onun kürəyində və böy­ründə iz buraxmışdı. Mən həm bizim, həm də Əbu Amirin başına gələnləri ona danışdım.
Dedim: “Ya Rəsulul­lah, Əbu Amir de­di: “Pey­ğəmbərə deyərsən, mənim üçün bağışlanma diləsin.” Onda Pey­­ğəmbər su gətizdirib dəstəmaz aldı, sonra əllərini göyə qaldırıb dedi: “Allahım, qulun Əbu Amiri bağışla!” Peyğəmbər əllərini elə qaldırdı ki, hətta mən onun qoltuğunun ağlığını gördüm. O davam edib dedi: “Alla­hım, Qiyamət günü onu yaratdığın insanların bir çoxundan üstün et!”
Mən dedim: “Ya Rəsulul­lah, mənim üçün də bağışlanma dilə.”
Pey­ğəmbər dua edib dedi: “Allahım, Abdullah ibn Qeysin günahlarını bağışla və Qi­ya­mət günü onu olduqca şərəfli bir məqama çatdır!” (əl-Buxari, 4323).

Paylaş: