Allahın buyurduğu on əmr
Uca Allah buyurur: “De: "Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum". Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız.
Yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız. Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, o yollar sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə pis əməllərdən çəkinəsiniz” (əl-Ənam, 151-153).
Allah Elçisi - sallallahu aleyhi və səlləm - demişdir: “Allah buyurur: “Ey Adəm oğlu! Nə qədər ki, sən Məndən bağışlanma diləyirsən və Mənə ümid bəsləyirsən, sənin nələr etdiyinə baxmayaraq səni bağışlayaram. Ey Adəm oğlu! Əgər sənin günahların göyün buludlarına qədər çatsa, sonra Məndən bağışlanma diləsən, Mən səni bağışlayaram. Ey Adəm oğlu! Əgər sən Mənim hüzuruma yer boyda günahla Mənə heç bir şeyi şərik qoşmadan gəlsən, Mən də yer boyda bağışlanma ilə səni qarşılayaram”. (ət-Tirmizi, 3540).
Cabir ibn Abdullah rəvayət edir ki, Peyğəmbər minbərə qalxdı. Minbərin birinci pilləsinə qalxıb: “Amin!”– dedi. Sonra ikinci pilləsinə qalxıb: “Amin!”– dedi. Sonra da üçüncü pilləsinə qalxıb: “Amin!”– dedi. Səhabələr soruşdular: “Ey Allahın elçisi! Biz sənin üç dəfə: “Amin!”– dediyini eşitdik.” Peyğəmbər dedi: “Birinci pilləyə qalxdıqda Cəbrail yanıma gəlib dedi: “Ramazana yetişib günahları bağışlanmamış halda ondan ayrılan bəndə bədbəxt olsun!” Mən: “Amin!”– dedim. Sonra dedi: “Valideynlərinin hər ikisi, yaxud biri qocalanadək onlarla yaşayıb, sonra da onların üzünə ağ olub bu səbəbdən də Cənnətə daxil olmayan bəndə bədbəxt olsun!” Mən: “Amin!”– dedim. Sonra dedi: “Yanında xatırlandığın zaman sənə salavat gətirməyən bəndə bədbəxt olsun!” Mən də: “Amin!”– dedim” (Səhih Ədəbul Mufrad).