Talutun əhvalatı

    19.07.2014

Talut - Allahın İsrail oğullarına təyin etdiyi hökmdar olmuşdur. O, əməlisaleh, mömin bəndə idi. Uca Allah ona güclü bədən quruluşu və idarəetmə bacarığı bəxş etmişdir. Talut qoşun toplayaraq Calutun qoşununa qarşı döyüşə çıxdı. Möminlər Allahın yardımı sayəsində düşməni darmadağın etdilər. Qoşunun tərkibində döyüşən Davud peyğəmbər Calutu öldürdü. Uca Allah bu haqda buyurur:
“Musadan sonra İsrail oğullarından olan əyanların başına gələnləri bilmirsənmi? O zaman onlar öz peyğəmbərlərinə dedilər: "Bizə bir hökmdar təyin et ki, Allah yolunda vuruşaq!"
O dedi: "Sizə vuruşma vacib edilsə, ola bilsin ki, vuruşmayasınız?"
Onlar dedilər: "Madam ki, biz yurdumuzdan çıxarılmışıq və övladlarımızdan ayrılmışıq, onda nə üçün Allah yolunda vuruşmayaq?" Vuruşmaq onlara vacib edildikdə isə onlardan az bir qismi istisna olmaqla hamısı döyüşdən üz çevirdilər. Allah zalımları tanıyır.
Peyğəmbərləri onlara dedi: "Allah Talutu sizə hökmdar təyin etdi!"
Onlar dedilər: "O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir".
O dedi: "Allah sizin üzərinizə onu hökmdar seçdi, elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah hər şeyi əhatəedəndir, biləndir".
Peyğəmbərləri onlara dedi: "Onun hökmdarlığının əlaməti sizə bir sandığın gəlməsidir. Onun içərisində Rəbbinizdən bir təskinlik, Musanın ailəsindən və Harunun ailəsindən qalan bəzi şeylər vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, bu sizin üçün bir dəlildir".
Talut qoşunla birlikdə döyüşə yola düşdükdə əsgərlərinə dedi: "Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir". Onların az bir qismi istisna olmaqla hamısı ondan su içdilər. Talut onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra bəziləri dedilər: "Bu gün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq". Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: "Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!" Allah səbir edənlərlədir.

Bəra ibn Azib demişdir: “Mən Bədr döyüşündə iştirak edən Muhəmmədin səhabələrindən eşitdim ki, onların sayı Talutla birlikdə çayı keçən qoşunun sayı qədər idi. Onların sayı üç yüz on nəfərdən bir az artıq idi”. Sonra dedi: “Xeyr, Allaha and olsun ki, onunla birlikdə çayın üstündən yalnız möminlər keçmişlər” (Səhih əl-Buxari).

Onlar Calutun və onun qoşununun qarşısına çıxdıqda dedilər: "Ey Rəbbimiz! Bizə səbir ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə yardım et!"
Möminlər Allahın izni ilə onları darmadağın etdilər. Davud Calutu öldürdü. Allah ona hökmranlıq və hikmət verdi, ona istədiyini öyrətdi. Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, yer üzü fəsada uğrayardı. Lakin Allah aləmlərə qarşı lütfkardır.
Bunlar Allahın ayələridir. Biz onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz ki, sən göndərilən elçilərdənsən ”
(əl-Bəqərə, 246-252).

Paylaş: