Peyğəmbərin tövhidi qoruması

    19.07.2014

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - insanlara ürəkdən qayğı göstərər və əlindən gələni edərdi ki, insanlar tək Allaha ibadət etsinlər və buna zidd olan bütün inanc və əməllərdən çəkinsinlər. Peyğəmbər dəfələrlə ümmətinə Allaha şərik qoşmağı qadağan etmiş, onları şirkdən çəkindirmişdir. O, bunu təkrar-təkrar yada salardı ki, təkAllahlığı – İbrahimlə göndərilmiş tövhid dinini, ona xələl gətirəcək hər bir sözdən və əməldən qorusun. Peyğəmbər şübhələri dəf etmiş və özündən sonra aydın bir yol qoyub getmişdir.
Peyğəmbərin təkAllahlığı (tövhidi) necə qoruduğunu və şirkə aparan yolların qabağını necə aldığını göstərmək üçün bu hədisi qeyd etmək olar. Əbu Vaqid əl-Leysi demişdir: “Biz Peyğəmbərlə birlikdə Huneyn deyilən yerə getdik. Həmin vaxt biz hələ islamda təzə idik. Müşriklərin orada başına toplanıb silahlarını üzərindən asdıqları zatul-Anvat adlı sidr ağacı var idi. Biz onun yanından keçərkən Peyğəmbərə dedik: “Ya Rəsulullah, onların zatul-Anvat ağacı olduğu kimi, bizim üçün də belə bir ağac seç.”
Peyğəmbər buyurdu: “Allahu Əkbər! Bu, əvvəlkilərin yoludur. Allaha and olsun ki, siz İsrail oğullarının Musaya dediyi kimi dediniz: “Onların məbudları olduğu kimi, bizim üçün də bir məbud düzəlt. Musa dedi: “Həqiqətən, siz cahil bir tayfasınız” (əl-Əraf, 138). Heç şübhəsiz ki, siz özünüzdən əvvəlkilərin yolunu tutub gedəcəksiniz.” (Sünən ət-Tirmizi, 2180).
Bu hədisdən bəlli olur ki, ağaclardan, qəbirlərdən, daşlardan və sairədən bərəkət ummaq, habelə onların ətrafında toplaşmaq və onlar üçün qurban kəsmək şirkdir (Allaha şərik qoşmaqdır). Elə buna görə hədisdə onların dediyi, İsrail oğullarının “Onların məbudları olduğu kimi, bizim üçün də bir məbud düzəlt” dediyinə bənzədilir. Bunlar müşriklər kimi sidr ağacı ilə bərəkət istəyirdilər. İsrail oğulları da həmçinin müşriklərin ilahı kimi bir ilah istəmişdilər. Bu tələblərin hər ikisi tövhidə ziddir. Çünki ağacdan bərəkət diləmək şirkin bir növüdür, Allahdan qeyrisini ilah seçmək isə açıq-aydın şirk hesab olunur. Peyğəmbərin: “Siz özünüzdən əvvəlkilərin yolunu tutub gedəcəksiniz” sözlərinə gəlincə, bu, Peyğəmbərin öz ümmətinin başına gələcək bir şeyi əvvəlcədən xəbər verməsidir. Bu isə Peyğəmbərin həm xəbərdarlıq, həm də onu qadağan etməsidir.  

Paylaş: