Allahın "əl-Quddus" adının mənası
əl-Quddus sözü pak və bərəkətli deməkdir. Məhz bu mənaya görə Qüds şəhərində yerləşən məscid, ora ibadət məqsədi ilə gələn insanların günahlardan pak olmasına səbəb olduğu üçün “Beytul-Məqdis” (pak ev) adlandırılmışdır. Uca Allahın Cəbraili “Ruhul-Qudus” (müqəddəs ruh) adlandırması da onun təmizlikdən xəlq olunmasına görədir.
Həmçinin, “Ardul-Muqaddəsə” (müqəddəs yer) dedikdə bərəkətli yer nəzərdə tutulur. Uca Allah buyurur:
“Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan Allah pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir" (əl-İsra, 1).
Uca Allahın əl-Quddus adı bütün nöqsanlardan pak olan və ən kamil sifətlərə sahib olan deməkdir. Bu ad Qurani-Kərimdə iki yerdə zikr edilir. Uca Allah buyurur:
“O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs (əl-Quddus), Pak, haqqı təsdiq edən, hər şeyi müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır” (əl-Həşr, 23). Həmçinin buyurur: “Göylərdə və yerdə olanların hamısı Hökmran, Müqəddəs (əl-Quddus), Qüdrətli, Müdrik Allahın şəninə təriflər deyir” (əl-Cumuə, 1).