Sədəqə haqqında
Sədəqə vermək insanın imanının təmiz olduğuna dəlalət edir. Sədəqə verən özünə əziz olan bir şeyi ona daha əziz olan Allahın yolunda sərf etmiş olur.
Mal-dövlətin mahiyyəti
Abdullah ibn əş-Şixxir (Allah ondan razı olsun) rəvayət edir ki, mən Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanına gəldikdə o, "ət-Təkasur" surəsini oxuyurdu. Məni gördükdə dedi: "Adəm övladı "mal-dövlətim, mal-dövlətim" deyir. Ey Adəm oğlu! Məgər sənin mal-dövlətin yalnız yeyib həzm elədiyindən, geyib köhnəltdiyindən və sədəqə verdiyindən ibarət deyilmi?!" (Səhih Muslim).
Əsil yoxsul kimdir?
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "İnsanlar arasında gəzib-dolaşıb bir-iki loxma və ya bir-iki xurma ilə kifayətlənən adam heç də yoxsul deyil". Səhabələr (Allah onlardan razı olsun) soruşdular: "Bəs yoxsul kimdir, ya Rəsulallah?" Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı və salamı olsun) dedi: "O adam ki, onun özünə bəs edəcək qədər malı olmaz, vəziyyətinin ağır olduğunu heç kəsə bildirməz və buna görə də ona sədəqə verilməz, özü də insanlardan heç bir şey istəməz". (Səhih Muslim).
Hər bir yaxşılıq sədəqədir
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Varlıya və ya yoxsula etdiyin hər bir yaxşılıq sədəqədir".
Həmçinin demişdir: “Kişinin öz qadınına verdiyi hər bir şey sədəqədir”.
Hansı halda verilən sədəqənin savabı daha böyükdür?
Rəvayət edilir ki, Əbu Hureyra (radıyəllahu anhu) demişdir: "Bir nəfər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib belə dedi: "Ey Allahın Elçisi, savabı ən böyük olan sədəqə hansıdır?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Bu, sənin sağlam və xəsis olduğun, kasıb olmaqdan ehtiyat etdiyin və varlanacağına ümid bəslədiyin halda verdiyin sədəqədir. Bir də ki, sədəqə verməyi, canın boğazına yetişən vaxta, özün də "filankəsə bu qədər, filankəsə də bu qədər verin" deyə vəsiyyət edəcəyin günə saxlama. Çünki həmin vaxt mal-dövlətin başqalarına miras qalacaq". (Səhih əl-Buxari, 1419).
Ramazan ayında verilən sədəqə
İbn Abbas (Allah onların hər ikisindən də razı olsun) belə rəvayət etmişdir: "Allahın elçisi insanların ən səxavətlisi idi. Ramazan ayında, Cəbrail (Ona allahın salamı olsun) ilə görüşdüyü zaman isə daha səxavətli olardı. Cəbrail (aleyhis-sələm) Ramazan ayının hər gecəsində Peyğəmbər (salləllahu aleyhi və səlləm) ilə görüşər, onunla birgə Quranı oxuyub təkrar edərdi. Odur ki, bu günlərdə Allahın elçisi (salləllahu aleyhi və səlləm) xeyirxah işlər görməkdə sərbəst əsən küləkdən daha comərd olardı". (Səhih əl-Buxari, 6).
Ən üstün sədəqə hansıdır?
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Su sədəqəsindən mükafatı daha böyük olan sədəqə yoxdur".
Qohuma verilən sədəqənin mükafatı
Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Miskinə sədəqə verməyin bir sədəqə savabı vardır. Qohuma sədəqə verməyin isə iki savabı vardır; sədəqə savabı və qohumluq əlaqələrini möhkəmlətmək savabı". (ət-Tirmizi, 658).
Gizli olaraq verilən sədəqənin fəziləti
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Gizli olaraq verilən sədəqə Allahın qəzəbini söndürür, qohumluq əlaqələrini möhkəmlətmək ömrü artırır və insanlara yaxşılıq etmək isə pis aqibətdən qoruyur".
Ardı-arası kəsilməyən sədəqə
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "İnsan öldükdə onun bütün əməlləri dayanır. Yalnız üç şeydən başqa: "Ardı-arası kəsilməyən sədəqə, fayda verən elm və əməlisaleh övlad". (Səhih Muslim).
Allah Elçisi (salləllahu aleyhi və səlləm) belə demişdir: "Qulun yeddi əməli vardır ki, ölümündən sonra qəbirdə ikən ona yazılmağa davam edir. Bunlar: faydalı elm öyrətmək, su kanalı çəkdirmək, quyu qazmaq, xurma ağacı əkmək, məscid tikdirmək, Quranı (çap etdirərək) miras qoymaq və ölümündən sonra onun üçün bağışlanma diləyən övlad qoyub getmək".
Həmçinin Allah Rəslu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Hər hansı bir müsəlman bir ağac əkərsə, ondan yeyilən hər hansı bir şey onun üçün sədəqə olar. Ondan oğurlanan bir şey onun üçün sədəqə olar. Vəhşi heyvanların ondan yediyi onun üçün sədəqə olar. Quşun ondan yediyi onun üçün sədəqə olar. Ondan kimsə nə isə əskiltsə, bu onun üçün sədəqə olar". (Səhih Muslim, 1552).
Sədəqə verməyə tələsin
Busr ibn Cəhhaş əl-Quraşi (allah ondan razı olsun) demişdir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) ovcunun içinə tüpürüb şəhadət barmağını onun üzərinə qoydu və dedi: "Uca Allah buyurur: "Ey Adəm oğlu! Sən Məni necə aciz saya bilərsən ki, Mən səni bunun bənzərindən yaratdım". Allah Elçisi (salləllahu aleyhi və səlləm) hülqumunu göstərərək buyurdu: "Ruhun bura çatdıqda sən: "Sədəqə verəcəyəm" - deyirsən, o zaman sədəqə verməyin nə faydası vardır?!" (İbn Məcəh, 2707).
İnsana Allahın yolunda xərclədiyi fayda verəcək
Abdullah ibn Məsud (Allah onlardan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Hansı birinizə varisinin malı öz malından daha sevimlidir?" Əshabələr (radıyəllahu anhum) dedilər: "Ya Rəsulullah, aramızda elə bir kimsə yoxdur ki, öz malı ona varisinin malından daha sevimli olmasın". Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Həqiqətən, hər kəsin qabaqcadan həyatda ikən xərclədiyi onun öz malı, sonraya saxladığı isə varisinin malıdır". (Səhih əl-Buxari, 6442).
Hər kəs Allah yolunda xərclədiyinin əvəzini Qiyamət günü artıqlaması ilə alacaq, bu mal-dövlət axırda yenə onun özünə qismət olacaq, yığıb saxladığı isə gec-tez varislərə nəsib olacaqdır. Aişə (radıyəllahu anhə) demişdir: "Bir dəfə onlar bir qoç kəsib Allah yolunda payladılar. Sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) gəlib soruşdu: "Özümüzə nə qaldı?" Aişə (Allah ondan razı olsun): "Onun bir kürəyi qaldı?" - deyə cavab verdi. Onda Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Xeyr, bizə payladığmız qaldı". (Səhih Sunən ət-Tirmizi, 2470).
Sədəqənin mükafatı
Allahın Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Həqiqətən, sədəqə qəbrin hərarətini söndürür. Qiyamət günü mömin öz sədəqəsinin kölgəsi altında kölgələnəcək".
Həmçinin o (salləllahu aleyhi və səlləm) demişdir: "Kim Allah yolunda xərcləyərsə, ona xərclədiyinin yeddi yüz qat savabı verilər". (ət-Tirmizi, 1625).