Yada sal!
"Lutu da yada sal! Biz ona hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, pozğun bir qövm idilər. Biz onu Öz mərhəmətimizə qovuşdurduq. O, həqiqətən, əməlisalehlərdən idi.
Nuhu da yada sal! Daha öncə o dua etmişdi. Biz onun duasını qəbul etmiş, onu və onun ailəsini böyük qəm-qüssədən qurtarmışdıq! Biz onu ayələrimizi yalan hesab edən adamlardan müdafiə etdik. Doğrudan da onlar pis adamlar idilər. Odur ki, Biz onların hamısını suya batırdıq.
Davudu və Süleymanı da yada sal! Bir zaman onlar özgə adamların qoyunlarının girib zay elədiyi bir əkin sahəsi barəsində hökm vermişdilər. Biz onların hökmünə şahid idik.
Biz o hökmü Süleymana anlatdıq. Hər ikisinə hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik. Biz dağları və quşları Davudla birlikdə Allahı tərifləmələri üçün ona ram etdik. Bunları Biz etdik. Biz Davuda sizi döyüşdə təhlükələrdən mühafizə olunmaq üçün zirehlər düzəltməyi öyrətdik. Heç siz şükür edirsinizmi?
Güclü əsən küləyi Süleymana ram etdik. Küləklər onun əmri ilə bərəkət verdiyimiz yerə (Şama) tərəf əsərdi. Biz hər şeyi bilirik.
Şeytanlar arasından onun üçün dəniz sularına dalıb dalğıclıq edən və bundan başqa digər işlər görənlər də var idi. Biz onları nəzarətimiz altında saxlayırdıq.
Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi: "Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!"
Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik.
İsmaili, İdrisi və Zülkifli də yada sal! Hamısı səbir edənlərdən idilər. Biz onları mərhəmətimizə qovuşdurduq. Onlar, həqiqətən, əməlisalehlərdən idilər.
Zün-Nunu (Yunusu) da yada sal! Bir zaman o qəzəbli qövmündən ayrılıb getmiş və ona gücümüz çatmayacağını güman etmişdi. Sonra da zülmətlər içində yalvarıb demişdi: "Səndən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!"
Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Biz möminləri belə xilas edirik!
Zəkəriyyanı da yada sal! Bir zaman o yalvarıb demişdi: "Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!"
Biz onun duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini ona uşaq doğmağa qadir etdik. Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti qullar idilər.
İsmətini qoruyan Məryəmi də yada sal! Biz onun paltarının döşündəki kəsiyinə Öz ruhumuzdan Cəbrail vasitəsilə üfürdük, onu və onun oğlunu aləmlərə bir möcüzə etdik. Həqiqətən, bu, vahid bir din olaraq sizin hamınızın dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Mənə ibadət edin!" (əl-Ənbiya, 74-92).