Allahın "əl-Məlik" adının mənası
əl-Məlik sözü mülk sahibi deməkdir. Mülk sahibi öz mülkünə tam ixtiyar sahibi olan və onu istədiyi kimi sərf edəndir. Uca Allahın əl-Məlik adı Qurani-Kərimdə beş dəfə zikr edilir. Uca Allah buyurur: “Haqq Hökmdar (əl-Məlik) olan Allah hər şeydən ucadır!” (Taha, 114; əl-Muminun, 116).
“O, Özündən başqa heç bir məbud olmayan, Hökmran (əl-Məlik), Müqəddəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır” (əl-Həşr, 23). “Göylərdə və yerdə olanların hamısı Hökmran, Müqəddəs, Qüdrətli, Müdrik Allahın şəninə təriflər deyir” (əl-Cumuə, 1). “De: "Sığınıram insanların Rəbbinə, insanların Hökmdarına” (ən-Nəs, 2).
Uca Allah bütün yaratdıqlarının mütləq sahibi və hökmdarıdır. O öz mülkündə istədiyini edəndir, bu işdə Onun heç bir şəriki yoxdur. Uca Allah buyurur:
“Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir” (əl-Hədid, 2).