Qohumluq əlaqələrini kəsməkdən çəkinin!

    29.07.2014

İmkan daxilində qohum-əqrəbaya yaxşılıq etmək, onlara əl tutmaq, qarşılaşdıqda on­la­ra sa­­lam vermək, onları ziyarət etmək və başqa bu kimi haqlarını ödəmək hər bir müsəl­manın borcudur. Uca Allah buyurur:
“Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir” (ən-Nisa, 1).
Allah Elçisi - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Allah buyurdu: “Mən Allaham və Mən ər-Rahmənəm (Mərhəmətliyəm)! Mən rəhmi (qohumluq əlaqəsini) ya­ratdım və Öz adımdan ona ad verdim. Kim onu möhkəm­lən­dirsə, Mən onu rəhmətimə qovuşduraram. Kim onu kəssə, Mən də onu kəsərəm”. (əl-Buxari “Ədəbul-Mufrad” 53).

Qohumluq əlaqələrini möhkəmlətmək insanı Cənnətə yaxınlaşdırır

Rəvayət edilir ki, bir nəfər Peyğəmbərin yanı­na gəlib dedi: “Məni Cənnətə yaxınlaşdıra­caq və oddan uzaq­laş­dıracaq bir əməl haqda xəbər ver ki, onu yerinə yetirim”. Peyğəmbər buyurdu: “Heç bir şeyi Allaha şərik qoşma­dan Ona ibadət et, namaz qıl, zəkat ve­r və qohumluq əlaqələrini möhkəmlət!” Adam dönüb get­dik­dən son­ra Pey­ğəm­bər dedi: “Əgər ona əmr edilənləri yerinə yetirsə, Cənnətə daxil olar”. (Muslim, 106).

Qohumluq əlaqələrini möhkəmlətməyin fəziləti

Allah Elçisi belə buyurdu: “Qoy ruzisinin çoxalmasını və ömrünün uzadılmasını istə­yən kimsə, qohumluq əlaqələrini möhkəmləndirsin”. (əl-Buxari, “Ədəbul-Mufrad” 56).
Allah Elçisi demişdir: “Qohumluq əlaqələrini möhkəmlətmək malı çoxaldır, ailədə mehribanlıq yaradır və ömrü uzadır”.

Qohumluq əlaqələrini kəsməkdən çəkinin!

Rəvayət edilir ki, bir kişi Peyğəmbərin yanına gəlib dedi: “Ey Allahın Elçisi! Mənim qohumlarım var. Mən onlarla əlaqələri birləşdirir, onlar isə mənimlə əlaqələri kəsirlər, mən onlara yaxşılıq edir, onlar isə mənə pislik edirlər, mən onlarla mülayim danışır, onlar isə mə­nim­lə kobud rəftar edirlər”. O dedi: “Əgər sən deyən kimi­dirsə, onda elə bil ki, sən onlara isti kül yedizdirirsən. Bu cür rəftarın da­vam edənədək Allah tərəfindən onlara qarşı sənin yanında (onların əziy­yətlərini dəf edən) köməkçi olar”. (əl-Buxari “Ədəbul-Mufrad” 52).

Paylaş: