Quranı oxuyub ölüyə tapşırmaq olarmı?
Aleykum salam. Qurani-Kərim Uca Allahın bütün insanlara göndərdiyi öyüd-nəsihətdir, hər kəs onu oxuyaraq ibrət almalıdır. Uca Allah Quranı ölülər üçün yox, diri insanlara göndərmişdir ki, insanlar doğru yola yönəlsinlər. Yasin surəsi səhvən ölülər üçün oxunsa da, Uca Allah Yasin surəsində belə buyurur: "Biz ona (Muhəmmədə) şer öyrətmədik, bu ona heç yaraşmaz da. Bu ancaq öyüd-nəsihət və aydın Qurandır ki, diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin". (Ya Sin, 69-70).
"Kor ilə görən eyni deyildir, zülmətlərlə nur da, kölgə ilə bürkü də eyni deyildir. Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah istədiyinə haqqı eşitdirir. Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən. Sən ancaq qorxudub xəbərdar edənsən. Həqiqətən, Biz səni haqla müjdə verən və qorxudub xəbərdar edən olaraq göndərdik...". (Fatir, 19-24).
"Sözsüz ki, sən nə ölülərə haqqı eşitdirə bilərsən, nə də dönüb gedən karlara çağırışı çatdıra bilərsən". (ən-Nəml, 80).
Ona görə də, Quranı ölülər üçün oxumaq dində peyğəmbərin (Allahın ona salavatı və salamı olsun), onun əhli-beytinin və səhabələrinin (Allah onlardan razı olsun) etmədiyi bir şeyi etməkdir, bu isə böyük günahlardan biri olan bidətdir (dində yenilik). Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Hər bir bidət (dində yenilik) zəlalət, hər bir zəlalət isə Cəhənnəm odundadır". Başqa bir hədisdə isə: "Kim bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edərsə, etdiyi rədd olunar". (Səhih əl-Buxari və Səhih Muslim).
Ölüyə yaxşılıq etmək istəyən aşağıdakı hədisdə deyilənləri edə bilər: Sə'd (Allah ondan raz olsun) rəvayət edir ki, (bir gün) o, Allah Elçisinin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Ey Allahın Elçisi! Anam vəfat etmiş və vəsiyyət etməmişdir, mənim onun əvəzindən sədəqə verməyim ona fayda verər?" O (salləllahu aleyhi və səlləm) buyurdu: "Bəli, su sədəqə et!" (ət-Tabərani "Mu'cəmul-Əvsat", 8061). Daha ətraflı: Övlad vəfat etmiş valideyninə nə yaxşılıq edə bilər?