Allah yolunda döyüşməyin fəziləti
Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, sərhəd boyu növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Ali-İmran, 200).
Cihad sözü cəhd etmək, səy göstərmək deməkdir. Cihad var qüvvəsi ilə bütün çətinliklərə sinə gələrək düşmənə qarşı döyüşməkdir. Cihad Allah rizası üçün yerinə yetirilməlidir. Kim vəzifəyə nail olmaq, qənimət sahibi olmaq, şöhrət qazanmaq üçün döyüşərsə, onun axirətdə heç bir payı olmaz. Əbu Musa demişdir: “Bir dəfə bir nəfər Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yanına gəlib dedi: “İnsanlardan kimisi qənimət əldə etmək üçün, kimisi ad-san qazanmaq üçün, kimisi də özünü göstərmək üçün vuruşur. Bunlardan hansı biri Allah yolundadır?” Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - buyurdu: “Kim Allahın Sözü hər şeydən uca olsun deyə vuruşursa, o, Allah yolundadır.” (əl-Buxari, 2810).
Cihad etməyin fəziləti
“Allah Onun yolunda cihada çıxan kimsənin mükafatını tez verər. Allah buyurur: “Onu evindən çıxaran yalnız Mənə olan inamı və elçilərimi təsdiq etməsidir. Mən də onu nail olduğu savab və qənimətlə sağ-salamat yurduna qaytaracağam, yaxud Cənnətə daxil edəcəyəm”. Hərgah ümmətimi əziyyətə salmış olmasaydım, döyüşə gedən dəstənin arxasında qalmazdım və Allah yolunda öldürülüb sonra dirildilməyimi, sonra öldürülüb yenə dirildilməyimi, sonra mütləq yenə öldürülməyimi istərdim”. (əl-Buxari, 26).
Cihad Cənnətin qapılarından biridir
“Allahın yolunda cihad edin, çünki o, Cənnətin qapılarından biridir. Allah onunla qəm-qüssəni aparır”. (əl-Hakim, 2404).
Vətən uğrunda ölən şəhiddir
Vətəni sevmək imandandır. Bu, vətəni düşmənlərdən qorumaq isə ən xeyirli əməllərdən sayılır. Dinimizdə vətəni qorumağın nə qədər şərəfli əməl olduğunu bildirən bir çox məlumatlar var. Belə ki, səhih hədislərdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurur:
“Allah yolunda bir gün sərhəddə keşik çəkmək, başqa yerlərdə keçirilən min gündən daha xeyirlidir”. (ən-Nəsəi “Sunən” 3169, 3182).
“Allah yolunda bir gün sərhəddə keşik çəkmək bir ay oruc tutmaq və gecələri namazla keçirməkdən daha xeyirlidir. Kim də keşik çəkərkən ölsə, qəbir fitnəsindən qorunar və əməli Qiyamətə qədər artırılar”. (ət-Tirmizi, 1665, 1766. İbn Hibban, 4606).
“Allah yolunda sərhəddə keşik çəkərkən öləndən başqa hər bir ölünün əməli kəsilir. Onun əməli Qiyamətə qədər artırılır və o, qəbir fitnəsindən arxayın olur”. (ət-Tirmizi, 1621, 1721).
Vətəni müdafiə etmək, sərhəddə vətəni qorumaq, hədislərdə “Allah yolunda” sözünün içinə daxildir.
Həmçinin Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) şəhidlik haqda buyurur:
“Kim malını qoruyaraq öldürülsə, şəhiddir. Kim dininə görə öldürülsə, şəhiddir. Kim canını müdafiə edərkən öldürülsə, şəhiddir. Kim ailəsini müdafiə edərkən öldürülsə, şəhiddir”. (ət-Tirmizi, 1421, 1485).
“Kim haqsız yerə öldürülərsə, şəhiddir”. (Əhməd, 2780, 2832).
Başqa bir hədisdə belə deyilir: “Bir kişi Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: “Ey Allahın Elçisi, əgər bir nəfər mənim malımı əlimdən almaq istəsə, mən nə edim?” O buyurdu: “Malını ona vermə!” Kişi dedi: “Birdən müqavimət göstərsə?” O buyurdu: “Sən də ona müqavimət göstər”. Kişi dedi: “Əgər o, məni öldürsə?” O buyurdu: “Belə olan halda sən şəhid olarsan”. Kişi dedi: “Əgər birdən mən onu öldürsəm?” Peyğəmbər buyurdu: “O, Cəhənnəmlik olar”. (Muslim, 377).
Vətəni müdafiə etmək – həm malını, həm ailəsini, həm namusunu, həm dinini, həm də canını müdafiə etməkdir. Vətəni müdafiə edərək şəhid olan kəsdə – şəhidliyin bir neçə dərəcəsi cəmlənmişdir.
Bunun səbəbilə də vətən uğrunda ölən ŞƏHİD sayılır.
Allah, Onun yolunda döyüşənlərə zamindir
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - Rəbbinin belə buyurduğunu demişdir: “Mənim rizamı qazanmaq üçün Allah yolunda cihad etməyə çıxan hər hansı bir qulumu döyüşdən geri qaytaracağım təqdirdə, qazanacağı savabla və ya qənimətlə geri qaytaracağıma, ruhunu alacağım təqdirdə isə onu bağışlayacağıma zəmanət verirəm”. (ən-Nəsai, 3075).
Allah yolunda döyüşənin misalı
Rəvayət edilir ki, bir gün Peyğəmbərdən - ona və ailəsinə Allahın salavatı və salamı olsun - soruşdular: “Ey Allahın Elçisi! Hansı əməl Allah yolunda olan cihada bərabərdir?” O buyurdu: “Sizin ona gücünüz çatmaz!” (Səhabələr bu sualı) iki və ya üç dəfə təkrar etdilər. Allah Elçisi hər dəfə: “Sizin ona gücünüz çatmaz!”- deyirdi. Sonra belə buyurdu: “Allah yolunda olan mücahidin misalı oruc tutan, namaz qılan, Allahın ayələrinə itaət edən, dayanmadan orucu və namazı Uca Allahın yolunda olan mücahid evinə qayıdana qədər yerinə yetirənin misalı kimidir”. (Muslim, 1878).
Son damla qanı tökülənə qədər döyüşən
“Yoldaşları darmadağın edildiyi halda, döyüşdən qaçmağın haram olduğunu bilərək qayıdıb son damla qanı tökülənə qədər Allahın yolunda döyüşən kişiyə Rəbbimiz sevinir. Uca Allah mələklərinə buyurur: “Mənim quluma baxın! O, dərgahımda olan mükafata can ataraq və dərgahımda olan əzabdan qorxaraq qayıtdı və son damla qanı tökülənə qədər döyüşdü”. (Əbu Davud, 2536).
Şəhidin qanı
“Şəhidləri qanlı-qanlı (kəfənlərinə) bürüyün, çünki Allaha görə elə bir yaralanan yoxdur ki, Qiyamət günü yarasından qan axa-axa Allahın hüzuruna gəlməsin. Onun yarasının rəngi qan rəngində, qoxusu isə müşk qoxusunda olacaq”. (ən-Nəsəi, 2002).
Şəhid qətlə yetirilərkən nə hiss edir?
“Şəhidin qətlə yetirilərkən hiss etdiyi birinizin çimdik hiss etməsi kimidir”. (İbn Hibban, 4636).
Şəhidliyi arzu edənin fəziləti
“Kim Allahdan sidq-ürəklə şəhid olmağı istəsə, yatağında ölmüş olsa belə, Allah onu şəhidlərin dərəcəsinə yüksəldər”. (ət-Tirmizi, 1653).
Nəyə görə şəhid qəbir fitnəsinə məruz qalmır?
Rəvayət edilir ki, bir adam dedi: “Ey Allahın Elçisi! Nəyə görə möminlər qəbir fitnəsinə məruz qalırlar, şəhid isə yox?” O buyurdu: “Başının üzərindəki qılıncların parıltısı fitnə olaraq ona kifayətdir”. (ən-Nəsəi, 2053).
Şəhidə verilən üstünlüklər
“Şəhidin Allah dərgahında altı xüsusiyyəti vardır; ilk qan damcısı ilə bağışlanır, Cənnətdəki yerini görür, qəbir əzabından qorunur, Qiyamət gününü dəhşətli qorxusundan arxayın olur, başına vüqar tacı qoyulur - Onun üzərindəki yaqut dənəsi dünya və onun içərisində olanlardan daha xeyirlidir - yetmiş iki huri ilə evləndirilir və qohum-əqrabasından yetmiş nəfərə şəfaət edir”. (ət-Tirmizi, 1663).
“Qardaşlarınız Uhud döyüşündə şəhid olduqda, qüdrət və qüvvət sahibi olan Allah onların ruhlarını yaşıl quşların içinə yerləşdirdi. Onlar Cənnət çaylarının yanına gəlir, Cənnət meyvələrindən yeyir və Ərşin kölgəsində yerləşdirilmiş qızıl çıraqların yanına qayıdırlar. Yemək-içməklərinin və qayıtdıqları yerin nə qədər gözəl olduğunu gördükləri zaman deyirlər: “Kaş ki, qardaşlarımız Allahın bizə bəxş etdiyi bu nemətlərdən xəbər tutaydılar və Allah yolunda olan cihaddan qorxub qaçmayaydılar”. Uca Allah: “Mən sizin dediklərinizi onlara bildirərəm!”- dedi və bu ayələri Öz elçisinə nazil etdi: “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar) diridirlər” (Ali-İmran, 169)”. (Əbu Davud, 2158).
“Şəhidlər Cənnət qapısının yanında olan “Bəriq” çayının üzərində yaşıl çadırdadırlar. Səhər-axşam onlara Cənnətdən ruziləri gətirilir”. (İmam Əhməd, 2390).
Allah Elçisi - ona və ailəsinə Allahın salavatı və salamı olsun - Cəbraildən bu ayə haqda soruşdu: “Sur üfürüləcək və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öləcəkdir” (əz-Zumər, 68). Allahın öldürmək istəmədikləri kimlərdir?” Cəbrail dedi: “Onlar Uca Allahın şəhidləridir”. (əl-Hakim, 3000).