Allahın bir ayənin hökmünü silib digərini gətirməsinin səbəbi nədir?
Aleykum salam. Qeyd etdiyiniz bu qaydaya İslam elmində nəsx və mənsux deyirlər. Uca Allah buyurur: "Biz (hər hansı) bir ayəni ləğv edir (nəsx etmək) və ya onu unutdururuqsa, ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk. Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir?" (əl-Bəqərə, 106).
Ayədən də göründüyü kimi nəsx bir neçə növdən ibarətdir. Bunlar aşağıdakılardır:
1) Ayənin hökmü ləğv olur, tilavəti (oxunuşu) isə qalır.
2) Ayənin hökmü də, tilavəti də nəsx olur.
3) Ayənin tilavəti nəsx olur, hökmü qalır.
Nəsxlə bağlı hikmətə gəlincə, mötəbər islam alimlərin dediklərinə görə bunlar aşağıdakılardır:
a) Hökmlərdəki çətinlikdən sonra yüngüllüyün gəlməsi.
b) İnsanların imtahan edilməsi. Yəni insanlar bunun Allahdan olmasına iman gətirəcəklər, yoxsa öz nəfsi istəklərinə uyub rədd edəcəklər. Buna görə də Uca Allah əvvəl təyin etdiyi qiblənin dəyişdirilməsi (Qüdsdəki Beytul-Məqdisdən Kəbəyə tərəf çevrilməsi) barədə belə deyir: "Səfeh adamlar deyəcəklər: "Onları üz tutduqları qiblədən döndərən nə oldu?" De: "Məşriq də, məğrib də Allahındır. O, istədiyi kəsi doğru yola yönəldir!”. Beləliklə Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun. Biz, əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, peyğəmbərin ardınca gedənləri üz döndərənlərdən fərqləndirək. Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqa (hamısına) ağır gəldi. Allah sizin imanınızı puç etməz. Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir". (əl-Bəqərə, 142-143).
c) Şəriət qanunvericiliyində tədricən yüksəliş və irəliləyiş. Burada hökmlər ən yüngülündən başlayır sonra da ən ağırları gəlir. İmam Suyuti (rahiməhullahu) deyir: "Burada belə bir sual meydana çıxır ki, məhz hökmün qaldırılıb tilavətin qalmasında hikmət nədən ibarətdir?" O cavab olaraq bunları deyir: "Birincisi, Quran hökmlərin çıxarılması üçün oxunduğu kimi, həmçinin savab qazanmaq üçün də oxunur.
İkincisi; çox vaxt nəsxdəki hikmət hökmlərin yüngülləşməsi üçün olur. Tilavət də ona görə qalır ki, Allah Təala insanlara ağır hökmlərin yüngülləşdirməsi ilə rəhmətini və nemətini xatırladır.
Ancaq əməldən qabaq olan nəsxin hikməti isə gizlində verilən sədəqəyə bənzəyir ki, bununla da insan imana təsir edəcək savab qazanar, niyyəti düzələr, Allaha qarşı ibadət və itaətdə niyyəti saf və ixlaslı olar".