"əl-Huməzə" surəsinin izahı

    20.08.2014

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Hər bir qeybət edənin, tənə vuranın vay halına!
2. O kimsə ki, mal yığıb onu dönə-dönə sayır
3. və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır.
4. Xeyr! O, mütləq Hutaməyə atılacaqdır.
5. Sən haradan biləsən ki, Hutamə nədir?
6. Bu, Allahın qaladığı Oddur.
7. O Od ki, qalxıb ürəklərə çatacaq.
8. Həqiqətən, o Od onların üzərində qapanacaqdır.
9. Üstünə də uzun dirəklər bağlanmış olacaqdır. 
əl-Huməzə (Tənə edən) surəsinin izahı
 
Hər bir qeybət edənin (əl-huməzə), tənə vuranın (əl-luməzə) vay halına!
“Veyl” (vay halına!) xəbərdarlıq bildirən kəlmədir. Uca Allah bu ayədə “Veyl” (vay halına!) deyərək hər bir qeybət edəni və tənə vuranı Cəhənnəmin ağrılı-acılı əzabı ilə qorxudur. əl-Huməzə hərəkətlə, əl-luməzə isə sözlə tənə vuran deməkdir. Uca Allah buyurur:
“İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə (əl-huməzə), dedi-qodu yayana, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə, bunlardan sonra da başqasının adını mənimsəyən fırıldaqçıya – o adam var-dövlət və oğul-uşaq sahibi olsa belə” (əl-Qaləm, 10-14).

O kimsə ki, mal yığıb onu dönə-dönə sayır və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır
Burada mal-dövlətə düşkün olan, xəsislik edərək malından heç kəsə verməyən kəs nəzərdə tutlur. O, mal-dövlətə o qədər hərisdir ki, malını görməyəndə darıxır və səhər-axşam, tez-tez malına baş çəkib onu təkrar-təkrar sayır və onun azalmasından ehtiyat edir. O, mal-dövlətə sahib olduğuna görə ömrünün uzanacağını və heç vaxt ölməyəcəyini güman edir. 
 
Xeyr! O, mütləq Hutaməyə atılacaqdır
Allah təala “Xeyr!” deyərək onun fikirləşdiyini tamamilə inkar edir və o kimsənin mütləq Hutaməyə atılacağını söyləyir. əl-Hutamə sözü darmadağın edən deməkdir. Bəs görəsən o nədir?
 
Sən haradan biləsən ki, Hutamə nədir? Bu, Allahın qaladığı Oddur
Allahın qaladığı Cəhənnəm odu əzaba layiq görülən kəsləri yandırıb yaxacaqdır.  
 
O Od ki, qalxıb ürəklərə çatacaq
Qəlb, insanın köksündə yerləşməsinə və bədənin dərisi ilə onun arasında təbəqələrin olmasına baxmayaraq cəhənnəm odu onu yandıracaq. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Sizin istifadə et­di­yi­niz od Cəhənnəm odunun yetmiş hissəsindən biridir.” Bir nəfər dedi: “Ya Rəsu­lullah, elə bu da bəs edər!” Peyğəmbər dedi: “Cəhənnəm odu dün­yadakı oddan altmış doqquz dəfə üstündür. Həm də bunların hər biri gör­düyünüz od qədər yandırıb-yaxandır.” (əl-Buxari, 3265).

Həqiqətən, o Od onların üzərində qapanacaqdır
Yəni, o od qeybət edənlərin, tənə vuranların, mal-dövlət toplayıb xeyrə mane olanların üzərinə qalxaraq bağlanacaq və onların oradan xilas olma səyləri boşa çıxacaq. Uca Allah başqa bir ayədə belə buyurur: Fasiqlərə gəldikdə isə, onların sığınacağı yer od olacaqdır. Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onlara: "Yalan saydığınız odun əzabını dadın!"– deyiləcəkdir” (əs-Səcdə, 20).
 
Üstünə də uzun dirəklər bağlanmış olacaqdır
Hər tərəfdən onun üzərinə uzun dirəklər bərkidiləcək ki, onu yarıb keçməyə və oradan çıxmağa imkan tapılmasın. 
Uca Allah Qurani-Kərimi sadəcə oxumaq üçün deyil, onun mənasını başa düşmək və ondan ibrət almaq üçün insanlara nazil etmişdir. Uca Allah bu surədə insanlara söz və hərəkəti ilə tənə vuranları, mal-dövlətə həris olub Allaha və axirət gününə iman gətirməyənləri xəbardar edir ki, bu sifətlərə sahib olan hər bir kəs tövbə etsin və özünü cəhənnəm odunda çıxılmaz əzaba düçar etməsin.      

Paylaş: