"əl-Qariə" surəsinin izahı
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Qəlbləri Qorxuya salan!
2. Qəlbləri Qorxuya salan nədir?
3. Sən haradan biləsən ki, qəlbləri Qorxuya salan nədir?
4. O gün insanlar ətrafa səpələnmiş pərvanələr tək olacaqlar.
5. Dağlar isə didilmiş yun kimi olacaqdır.
6. O gün kimin tərəziləri ağır gələrsə,
7. xoşbəxt güzəran sürəcək.
8. Kimin tərəziləri yüngül gələrsə,
9. məskəni Həviyə olacaqdır.
10. Sən haradan biləsən ki, o nədir?
11. O, çox qızmar bir oddur!
əl-Qariə (Qorxuya salan) surəsinin izahı
Qəlbləri Qorxuya salan (əl-Qariə)!
Qiyamət günü sur üfürüldükdə qəlblər qorxuya düşəcək. Uca Allah buyurur: “Sur üfürüləcəyi gün Allahın istədiklərindən başqa, göylərdə və yerdə olanlar dəhşətə düşəcək və hamısı Onun hüzuruna baş əyərək gələcəkdir” (ən-Nəml, 87).
Qiyamət günü insanlar dəhşətli qorxu keçirəcək. əl-Qariə sözü Qiyamət gününün adlarından biridir. Həmçinin, Qiyamət gününün əl-Ğaşiə (bürüyən), əl-Həqqa (haqq olan), əl-Vaqiə (vaqiə) və başqa adları da vardır.
Qəlbləri Qorxuya salan (əl-Qariə) nədir? Sən haradan biləsən ki, qəlbləri Qorxuya salan nədir?
Bu ayədəki “nədir?” sualı Qiyamət gününün əzəmətini bildirmək üçün, sonrakı cümlənin sualı isə o günün əzəmətini daha da artırmaq üçün verilir. Yəni, Qiyamətin necə əzəmətli və dəhşətli bir gün olmasından xəbərin varmı? Sonra Uca Allah onun nə vaxt baş verəcəyi haqda xəbər verərək buyurur:
O gün insanlar ətrafa səpələnmiş pərvanələr tək olacaqlar
Yəni, Qiyamət günü insanlar qəbirlərdən səpələnmiş pərvanələr kimi çıxacaqlar. Pərvanələr gecə vaxtı odun ətrafında toplanan kiçik və zəif məxluqlardır. Onlar demək olar ki, kor-koranə hərəkət edir və ağılsız olduqlarına görə hiss etmədən odun içinə düşə bilirlər. Qiyamət günü də insanlar qəbirlərdən zəif pərvanələr kimi kor-koranə hərəkət edərək ətrafa səpələnəcəklər. İnsanların qəbirlərdən bu vəziyyətdə çıxmaları Qiyamətin mənzərəsinin nə dərəcədə dəhşətli olduğunu göstərir. İlk insan olan Adəm peyğəmbərdən ta Qiyamət gününədək Yer kürəsinin hər bir yanından qəbirə gömülən, eləcə də quruda və suda ölərək qəbirə gömülməyən bütün insanlar bir anda çıxacaqlar. Dağlara gəldikdə isə Uca Allah buyurur:
Dağlar isə didilmiş yun kimi olacaqdır
Qiyamət günü yerdə olan əzəmətli dağlar yun və ya pambıq kimi didilərək küləyin asanlıqla sovurduğu toz-torpağa dönəcək. Uca Allah buyurur: “(Qiyamət günü) dağlar parça-parça olub ovxalandığı və ətrafa səpələnmiş toz-torpağa döndüyü zaman” (əl-Vaqiə, 5-6).
O gün kimin tərəziləri ağır gələrsə, xoşbəxt güzəran sürəcək
Bu ayədə "tərəziləri" dedikdə tərəzidə çəkilən yaxşı və pis əməllər nəzərdə tutulur. Çünki səhih hədislərdə Qiyamət günü bir tərəzinin qoyulacağı bildirilir. O gün Uca Allah insanları iki qrupa böləcəkdir:
1. Tərəzidə savabları günahlarından ağır gələn kimsələr.
2. Tərəzidə günahları savablarından ağır gələn və ya kafir olub heç bir savab əldə etməyən kimsələr.
Qiyamət günü kimin savabları günahlarından ağır gələrsə, ona Cənnətdə nemətlərlə və gözəlliklərlə dolu, xoşbəxt həyat bəxş ediləcək. Uca Allah buyurur: “Onlara orada heç bir yorğunluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar” (əl-Hicr, 48).
Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “(Cənnət əhli Cənnətə girdikdə) bir çarçı belə xitab edəcək: “Siz sağlam olub, heç vaxt xəstələnməyəcəksiniz. Siz yaşayıb, heç vaxt ölməyəcəksiniz. Siz gənc qalıb, heç vaxt qocalmayacaqsınız. Siz nemət içində olub, heç vaxt kədərlənməyəcəksiniz”. Bu haqda Uca Allah belə buyurur: “Etdiyiniz əməllərə görə varisi olduğunuz Cənnət budur!” (əl-Əraf, 43)”. (Muslim, 7336).
Kimin tərəziləri yüngül gələrsə, məskəni Həviyə olacaqdır
Qiyamət günü tərəziləri yüngül gələnlər heç bir savab əldə etməyən kafir və ya savabları günahlarından yüngül gələn müsəlman olacaqdır. Kafir Allaha küfr edərək və ya Ona ibadətdə şərik qoşaraq bu hal üzərində ölərsə, etdiyi yaxşı əməllərə görə heç bir savab əldə etməyəcək. O, yaxşı əməllərin əvəzini elə bu dünyada alacaq və axirətdə oddan başqa heç bir nəsibi olmayacaq. Allah Elçisi buyurmuşdur: “Allah möminin etdiyi bir yaxşı əməlini belə mükafatsız qoymur, ona yaxşı əməlinə görə həm bu dünyada, həm də Axirətdə mükafat verir. Kafirə gəlincə isə Allah üçün etdiyi yaxşı əməllərə görə ona bu dünyada ruzi verilir və Axirətə köçdükdə əvəzində mükafat alacağı heç bir yaxşı əməli qalmır”. (Muslim, 2808).
Həmçinin, qəlbində iman olduğu halda tərəziləri yüngül gələn müsəlman da bağışlanmayacağı təqdirdə Cəhənnəm oduna girəcək. Lakin kafirdən fərqli olaraq o, günahlarına görə bir müddət əzab çəkdikdən sonra Cənnətə daxil olacaqdır.
Həviyə Cəhənnəmin adlarından biridir. Qiyamət günü tərəziləri yüngül gələn kimsələr başı üstə Cəhənnəm oduna atılacaqlar. Sonra Uca Allah buyurur:
Sən haradan biləsən ki, o nədir? O, çox qızmar bir oddur!
Buradakı sual Həviyənin dəhşətli olduğunu bildirmək üçün verilir. Cəhənnəm odunun hərarəti dünyadakı oddan altmış doqquz dəfə yüksəkdir. Peyğəmbər demişdir: “Sizin istifadə etdiyiniz od Cəhənnəm odunun yetmiş hissəsindən biridir.” Bir nəfər dedi: “Ya Rəsulullah, elə bu da bəs edər!” Peyğəmbər dedi: “Cəhənnəm odu dünyadakı oddan altmış doqquz dəfə üstündür. Həm də bunların hər biri gördüyünüz od qədər yandırıb-yaxandır.” (əl-Buxari, 3265).
Bu surədə Uca Allah savabları günahlarına bərabər olan insanlar haqqında danışmasa da, əl-Əraf surəsində onların Cəhənnəm oduna girməyəcəkləri və “əl-Əraf” (sədd) adlanan yerdə bir müddət saxlanıldıqdan sonra Cənnətə girəcəkləri haqda xəbər verir. Uca Allah buyurur:
“Hər iki tərəfin arasında pərdə və səddin üzərində hər kəsi simasından tanıyan insanlar olacaqdır ki, onlar Cənnət əhlini səsləyib: "Sizə salam olsun!" deyəcəklər. Halbuki özləri çox istədikləri halda hələ Cənnətə girməyəcəklər. Onların gözləri Od sakinlərinə tərəf çevrildikdə isə deyəcəklər: "Ey Rəbbimiz, bizi zalımlara tay tutma!" Sədd əhli əlamətlərindən tanıdıqları adamları səsləyib deyəcəklər: "Sizə nə yığdıqlarınız, nə də təkəbbürlük göstərməyiniz fayda vermədi". "Allah onlara mərhəmət nəsib etməyəcəkdir"– deyə barəsində and içdiyiniz kəslər bunlardırmı?" Sədd əhlinə deyiləcəkdir: "Cənnətə girin! Sizə heç bir qorxu yoxdur və siz kədərlənməyəcəksiniz" (əl-Əraf, 46-49).