Valideynlərim hicab geyindiyimə görə məni ələ salırlar
Aleykum salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Səbr etməli olduğunuz vaxtlar gələcək, bu zaman (İslama) bağlı qalanlar sizin (səhabələrin) aranızdan 50 şəhidin savabını qazanacaq". (ət-Tabərani).
Mömin Allah yolunda nə qədər çox müsibətlərə dözsə, Allahın ona mükafatı da o qədər çox olur. Bu da sizin sınağınızdır və buna Allahın razılığını qazanmaq üçün mükafatını Allahdan diləyərək səbr etməlisiniz. Hər bir halda valideynlərinizlə gözəl davranmalısınız. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!" (əl-İsra,23).
Allahın vacib buyurduğu əmrləri yerinə yetirən adama lağ etmək küfr etməyə bərabərdir. Uca Allah buyurur: "De: "Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz? Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz’. Sizlərdən bir qismini bağışlasaq da, digərlərinə günahkar olduqlarına görə əzab verərik". (ət-Tovbə, 65-66).
Amma valideynləriniz bunu bilməyərəkdən (cahillikdən) etdikləri üçün kafir sayılmırlar. Siz onlara gözəl əxlaqla bunun Cəhənnəmə aparan böyük günah olduğunu izah etməlisiniz. Uca Allah buyurur: "İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!" (ən-Nəhl, 125).
Dini bilgilərinizi artırın, Qurani Kərimi və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) həyatını öyrənin, onun və səhabələrin hansı çətinliklərə və necə dözdüklərini oxuyun. Bu zaman biləcəksiniz ki, yalnız Allaha təvəkkül edən mömin heç vaxt kədərlənməz və ruhdan düşməz. Allah köməyiniz olsun! Həmçinin oxuyun:
Qəzəblənmə!
Səbirli olmaq üçün nə edim?