Cənnətlə müjdələnmiş səhabənin sirri

    27.08.2014

Ənəs rəvayət edir ki, biz Peyğəm­bər ilə - ona və ailəsinə Allahın salavatı və salamı olsun - bir­gə oturmuşduq. O dedi: “İndi buraya Cənnət əhlin­dən olan bir kişi gələcək”. Bu vaxt ənsardan biri içəri daxil oldu. Onun saqqalından dəstəmazın suyu da­mırdı, sol əlində də ayaqqabılarını tutmuşdu. Ertəsi gün Pey­ğəm­bər bir daha o sözləri dedi və yenə də həmin kişi içəri daxil oldu. Səhəri gün Peyğəm­bər bir daha o sözləri dedi və yenə də həmin kişi içəri daxil oldu. Peyğəm­bər çıxıb getdikdən sonra, Abdullah ibn Amr ibnul-As həmin kişinin ardınca gedib ona çatdı və dedi: “Atamla aramızda inciklik olub və and içmişəm ki, üç gün onun yanına getməyəcəyəm. Əgər izn versəydin, vaxt tamam oluncaya qədər sənin yanında qalardım”. Kişi: “Buyur!”- deyə razılığını bildirdi.
    Abdullah ibn Amr ibnul-As deyir ki, üç gecə onun evində qaldım və qeyri-adi bir şey görmədim. Ancaq onu gördüm ki, Sübh namazınadək yuxudan oyandıqca və ya yatağında oyana bu yana çevrildikcə Allahı yad edir və Onu uca tuturdu. Beləliklə üç gün keçdi və onun etdikləri məni qane etmədi.
Mən dedim: “Ey Allahın qulu! Atamla aramızda heç bir söz-söhbət, inciklik olmamışdı. Mən sadəcə Peyğəm­bərin sənin barəndə üç dəfə: “İndi bura Cənnət əhlindən olan bir kişi gələcək” dediyini eşitdim və hər dəfə də sənin içəri daxil olduğunu gördüm. Sonra qərara gəldim ki, bir müddət yanında qalıb etdiyin əməllərə nəzər salım və mən də onları edim. Amma sənin elə də əməl etdiyini görmədim. Bəs onda Peyğəm­bərin sənin haqqında belə deməsi nəyə görə idi?”
Kişi dedi: “Gördüklərin­dən başqa bir şey etmirəm”. Abdullah çıxıb get­mək istədikdə kişi ona dedi: “Gördüklərindən başqa bir şey etmirəm. Yalnız o istisnadır ki, mən heç bir müsəlmanı aldatmıram, Allahın xeyir nəsib etdiyi heç bir kimsəyə həsəd aparmıram!”
Abdullah dedi: “Səni o məqama çatdıran budur. Buna isə çatmaq asan iş de­yildir”. (Məcməuz-Zəvaid, 8/78).

Paylaş: